Cildanın hekayəsi
Həmin vaxtlar özümü bu hissi duymağa məcbur edirdim. Bacarmırdım. Anlayırdım ki, dirənməklə deyil. Daxilimdən o səs gəlmir.
10/Mar/19
3568
Həmin vaxtlar özümü bu hissi duymağa məcbur edirdim. Bacarmırdım. Anlayırdım ki, dirənməklə deyil. Daxilimdən o səs gəlmir.
Cilda yanımda yarı-çılpaq gəzişirdi. Zövqümə uyğun. Büsqaltersiz, qara alt paltarında. Qadınları bu cür sevirəm. Məhz bədənlərini, uzaqdan, hətta toxunmayaraq. Azadlığa çıxarılmış şux döşlər, saçlar dağılmış enli çiyinlər. Bədən hüdudlarını barmağımla havada cızırdım. Simmetriyası dəqiq və əla idi. Üzündə qəribə ifadə vardı. Bu qəribəlikdə əsəbimə toxunan şeylər duyurdum. Məsələn, mütilik. Ona görə üzünü çəkmirdim. Üzü ancaq dəridən ibarət olurdu. Boğazı uzunca, əl barmaqları uzunca, qolları uzunca. Düz qarşısında dayanır və əlimi az qala toxunacaqmış kimi yaxınlaşdıraraq hiss etməyə çalışırdım. Rəsm ehtirasımdan savayı heç nə duya bilmirdim. Bu, məni sanki natamam hiss etdirirdi. Mənə elə gəlirdi ki, bu qadını sevməliyəm. Amma ona modelimdən daha artıq ehtiras duya bilmirdim. Rəsmlərini kağızlara, kətanlara çəkirdim. Hətta paltarının üstünə. Öz bədəninin rəsmini qələmlə kürəyinə. Qaldığımız nəmli evin divarlarına.
Bir dəfə yaxamdan möhkəm yapışıb məni divarın küncünə sıxdı. Dodaqlarımdan öpürdü. Yenə çılpaq idi və bütün bədəni fasiləsiz titrəyirdi, elə bil buz kəsmişdi. Geri çəkiləndə yanaqlarından yaş süzülürdü:
- Səni sevirəm, Leyla.
Üzündəki yazıq ifadə yenə mənə toxundu. Yanına gedib boynunu qucaqlayıb, gözünün yaşını barmaqlarımın tərsiylə sildim:
- Ağlama, Cilda.
Məni elə qucaqlamışdı, elə bil kimsə ya məni ondan, ya onu məndən qoparacaqdı. Elə bil külək əsəcək, tufan qopacaq və bu qızın upuzun qolları boynumdan əbədi açılıb burulğana düşəcək, göyə sovrulacaqdı. Ağzını çiynimə qapayıb hıçqırtıyla, boğuq səslə inləyirdi:
- Səni sevirəm, Leyla! Çox sevirəm. Nolar, sən də de. Sevməsən də de. De ki, sevirsən məni. Leylam! Sevgilim! De mənə. De, nolar... De... Leyla…
Eyni vəziyyətdə nə qədər qaldıq, Cilda eyni sözləri neçə dəfə təkrarladı, bilmirəm. Onu bilirəm ki, qollarını boynumdan açanda, sözləri kəsiləndə, bədənin istiliyi bədənimdən çəkiləndə məni soyuq tər basdı. Üşütdüm. Cildanın istiliyi, hərarətiylə sanki bütünləşmişdim.
Cildanın qucağından ayrılmaq sanki məni yarı hissəyə bölmüşdü. Boşluğa düşmüşdüm. Qeyri-ixtiyari oturduğu stulun yanına çöküb əllərindən tutdum. Dodaqlarından, gözlərindən öpdüm:
- Səni sevirəm, Cilda.
Gözündə qəfil yanan işıq yanağındakı yaşa yansıyıb bərq vurdu. O gülüş üçün, o işıq üçün "Səni sevirəm, Cilda" sözünü dəfələrlə təkrar edə bilərdim.
Bu, yalan deyildi. Cildanı sevirdim. Amma rəsmim kimi, ilhamım kimi, yaradıcılığımı bəzəyən fiqur kimi. Hətta oyuncaq kimi, gəlincik kimi. Qadın kimi yox. Bu sevgini yaşaya bilməzdim. Çünki içimdə yox idi. Cildanı içimdə hiss etməyim imkansız idi.
Səhərin açılmağına az qalmışdı. Havada işartı təzə-təzə hiss olunurdu. Tablolarımı yığışdırdığım dar otaq bomboş qalmışdı. Nə iri şkaf, nə stol və stullar, nə çarpayılar bu boşluğu yamaya bilmirdi. Otaqda bircə hənirti qalırdı. Cildanın yuxuya keçmiş ilıq və sakit nəfəsi. Ağappaq ağarmış üzü.
Getdiyimi görüb əzab çəkəcəkdi. Bəlkə sağalmağı aylar alacaqdı. Amma sağalacaqdı. Möhkəm olacaqdı. Əsas da üzündəki yazıq ifadə silinəcəkdi. Bu gediş, tərk olunma ona çox yaxşı təsir edəcəkdi.
Oyanmasın deyə yanaqlarını oxşamadım, öpmədim, saçlarını sığallamadım. Dodaqlarını, üzünü barmağımın ucuyla havada cızdım. Onu gördüyüm son səhnəni hafizəmə yazdım. O otağı, əşyaları, çarpayıları, hər şeydən xəbərsiz Cildanı…
Qapını yavaşca çəkdim. Soyuq hava burnumdan beynimə, içimə axdı. Evdən uzaqlaşdıqca hiss etdiyim yüngüllük düşünmək istəmədiyim, amma bütün vücudumla hiss etdiyim Cildanın səhər duyacağı ağrıya qarışmışdı. Ayaqlarımsa özüm kimi, heç bilmirdi, hara gedirdi.
Müəllif: Leyla