Hökumət fəallara təzyiq üçün LGBTQİ+ları istifadə edir
Azərbaycan hökuməti fəallara təzyiq üçün LGBTQİ+ları istifadə edir
11/Aug/24
1244
Azərbaycan hökuməti fəallara təzyiq üçün LGBTQİ+ları istifadə edir
Azərbaycan hökuməti müxalif fəallara təzyiq etmək üçün LGBTQİ+ları istifadə edir. Bu haqda tanınmış videoblogger Mehman Hüseynov öz Youtube kanalında yayımlanmış videomaterialda açıqlama gətirir.
Onun sözlərinə görə, 2019-cu ilin yanvar ayında o, barəsində açılmış ikinci cinayət işinə etiraz olaraq aclıq aksiyası keçirdiyi zaman hökumət nümayəndələri bu aksiyanın dayandırılması üçün müxtəlif üsullar tətbiq etsələr də, səyləri nəticəsiz qalıb. Nəhayət, hökumət öz tabeliyində olan qəzetdə Mehman Hüseynovun tanımadığı bir kuir şəxslə ilə sevgili olduğuna dair xəbər dərc edib. Daha sonra isə həbsxana rəhbərliyi - 1 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov və Penitensiar Xidmətin rəisi (o dövrdə rəis müavini) Mirsaleh Seyidov bu qəzeti həbsxanada təzyiq məqsədilə Mehman Hüseynovun qarşısına qoyublar. Ona deyilib ki, əgər aclıq aksiyasına son verməsə, qəzetin nüsxələri məhbuslar arasında yayılacaq. Həbsxana “qaydalarına” əsasən, eynicinsli münasibətlər olduqca mənfi qarşılandığı üçün Mehman Hüseynovu çətin bir həbs dövrü gözləyəcək.
Blogger bildirir ki, həmin vaxt bu hədə-qorxuya boyun əyməsə də, azadlığa çıxandan sonra məsələni araşdırmaq qərarına gəlib. Məlum olub ki, birlikdə adının hallandığı şəxs daha əvvəl həbsdə olub və Şüvəlan təcridxanasında saxlanılıb. Bəhsi keçən Elnur İsmayılov isə o dövrdə Şüvəlan həbsxanasında çalışıb və həmin şəxslə birbaşa ünsiyyətdə olub. Sözügedən məhbus 5 il müddətinə həbs olunsa da, 1 il sonra azadlığa çıxıb və azadlığa çıxdığı an iqtidar partiyası olan YAP partiyasına üzv olduğunu bildirib, Heydər Əliyevin heykəli qarşısında baş əyib. İllər sonra isə məhz Mehman Hüseynovun aclıq aksiyası keçirdiyi dövrdə onunla münasibəti olduğuna dair bəyan edib.
Mehman Hüseynovun sözlərinə görə, həbsxana rəhbərliyi həmin şəxsin seksual oriyentasiyasına görə ona təzyiqlər edərək, sövdələşib və onu həm hökumətə tərəf keçməyə, həm də bloggerə qarşı bu cür bəyanatla çıxış etməyə məcbur edib. Bu fəaliyyətinə görə Elnur İsmayılov qısa zamanda vəzifədə və rütbədə yüksəlib, 1 saylı təcridxanaya rəis təyin edilib.
Bloggerin sözlərinə görə, Azərbaycan hakimiyyəti insanların seksual oriyentasiya və gender kimliklərini onlara qarşı təzyiq və hədə-qorxu vasitəsi kimi istifadə edərək “sındırmağa” çalışır.
Videonun tam məzmununu izləmək üçün bu keçiddən istifadə edin.
Powered by Froala Editor