Homoseksuallara pis baxmayanlar
Bir neçə ildir gender aktivistiyəm, əhatəmdəki insanların LGBTKİA+ icmaya münasibətini hər zaman müşahidə edirəm.
24/Apr/19
6924
Bir neçə ildir gender aktivistiyəm, əhatəmdəki insanların LGBTKİA+ icmaya münasibətini hər zaman müşahidə edirəm.
Onların əksəriyyəti mənim gender kimliyimdən və cinsi oriyentasiyamdan xəbərsizdir. Ona görə də ağıllarına gələn fikri düşünmədən dilə gətirməkdən çəkinməyən çox olur. Sosial sferada çalışanlar ən azından etik qaydalar xatirinə də olsa, sözlərini ehtiyatla seçməyə cəhd edirlər. Lakin LGBTKİA+ haqqında yetərli araşdırma yoxdursa, bu da adətən faydasız olur. Bəzən özünü tolerant, həssaslığı olan, icma dostu göstərmək adıyla elə ifadələr və cümlələr istifadə olunur ki, arxasında dayanan məqsədi başa düşmürsən. İnsanlar üzünə baxır, sənə anlayışa bükülmüş niftət hədiyyə edir, üstəlik sənə minnət də qoyur. Aşağıdakı ifadələr ilə çox qarşılaşmışam:
“Mən LGBT-ləri qəbul edirəm.” Sanki bu şəxslər qərar verəcək ki, biz insan sayıla bilərik, ya yox. Çox böyük lütf edirsiniz, siz qəbul etməsəz, halımız necə olar?
“Mən LGBT-lərə normal baxıram.” LGBTKİA+ fərdlər sizin necə baxmağınızdan asılı olmayaraq, onsuz da normaldır. Təsdiqə ehtiyacımız yoxdur.
“Mənim LGBT dostlarım var, amma LGBT deyiləm.” Ola bilər, cümlə sizə zərərsiz gəlir. LGBT olmaq utanılası bir şey deyil. Ona görə olmadığınızı hər dəfə vurğulmaq səmimiyyətsizlikdir.
“Homoseksuallar mənə yaxın davranmadıqca, mənim onlarla problemim yoxdur.” Homoseksual fərdin hər gördüyü insana münasibət üçün yaxınlaşdığı düşüncəsinə sahib heteroseksual görəsən özü hər gördüyü “qarşı” cinsə bunun üçün yaxınlaşır?
“Biz məgər heteroseksual olduğumuzu hamıya car çəkirik? Homoseksuallar niyə öz bayraqlarını gözümüzə soxur?” Yoldaşlar, sizin bayrağa ehtiyacınız yoxdur, azı 300+ nəfəri bir yerə yığıb, bir neçə il şəkillərini paylaşdığınız toylarınızla, klişeləşmiş “love story”-lərinizlə homoseksual olmadığınızı kifayət qədər sübüt edirsiniz. Elçilikdən övladınız doğulduğu günə qədər hər detalı paylaşmaq heç də gözə soxmaq deyil üstəlik.
Təbii ki, qeyri-etik ifadələr bununla da kifayətlənmir. Gey fərdlər haqqında bir neçə dəfə “bər-bəzəkli” tipli ifadələrin işlədildiyinin şahidi olmuşam. Bəzən insanlar gey tanışlarından elə danışırlar ki, elə bil bəzəkli paltarlar geydirib çantalarında gəzdirdikləri pomeranian və ya çixuaxua cinsi it haqqında danışırlar.
Transgender və interseks fərdlər isə yaşadığımız cəmiyyət tərəfindən ümumiyyətlə yox sayılır. Transgender fərdlər və onları qarşılaşdıqları problemlər haqqında Minority-nin ümumi bölməsində daha öncə bir neçə məqalə yayımlanıb. Yaxın gələcəkdə interseks fərqlər haqqında yazmağa çalışacam.
Fərdin cinsi oriyentasiyası, gender özünüifadəsi və gender kimliyi fərqli anlayışlardır. LGBTKİA+ icmanın fərdləri bu anlayışlar düzgün anlaşılmadığı, araşdırılmadığı, bu barədə düzgün maarifləndirmə aparılmadığı üçün mütəmadi olaraq stereotipik, stiqmatik yanaşmaya və nifrət nitqinə məruz qalırlar. Bəzən yaşadıqları qarşısında ümidlərini və yaşama sevgilərini itirirlər.
LGBTKİA+ fərdlər xüsusi bir insan cinsi deyil. Başqa planetdən gəlməmişik. LGBTKİA+ hüquqları insan hüquqlarıdır. Sizin necə anlamağınız və ya “qəbul etməyinizdən” asılı olmayaraq bu belədir. İfadə azadlığınız bizim hüquqlarımızın sərhədinə qədərdir. Xahiş edirəm, inklüziv dildən istifadə edin.
Müəllif: Raven