Aygün Kazımovanın "S.O.S" klipi
Azərbaycanın tanınmış estrada müğənnisi, xalq artisti Aygün Kazımova "S.O.S" adlı sinqlına çəkdirdiyi son klipini təqdim edib
11/Aug/24
980
Aygün Kazımovanın "S.O.S" klipi
Azərbaycanın tanınmış estrada müğənnisi, xalq artisti Aygün Kazımova "S.O.S" adlı sinqlına çəkdirdiyi son klipini təqdim edib. Dinamik voq (vogue) rəqs hərəkətlərinin və türkiyəli drag queen hakim Anna Tholianın yer aldığı video Nyu-York şəhərinin ikonik kuir və gey mədəniyyətindən ilham alıb.
Aygün Kazımovanın problemli kuir musiqi tarixi
Kazımova bəzi kuirlər tərəfindən nədənsə Azərbaycanda LGBTQİ+ icmasının müttəfiqi kimi görünüb, lakin o, hər zaman kuir məsələlərində bariz şəkildə susub. Hətta nəinki susmaq, Dəyirman və Elşad Xose ilə birlikdə 2005-ci ildə “Mavi” adlı trek çıxarıb. Trek bəlkə də Azərbaycan tarixində ən homofobik və transfobik trek kimi yer alıb.
LGBTQİ+ icmasında dərin kök salmış bir subkultura olan ball mədəniyyətini açıq şəkildə qeyd edən “S.O.S” klipi ilə Aygün Kazımova mədəniyyətə qarşı nə dərəcədə səmimilik göstərib? Xüsusilə, bu yaxınlarda homofob hədə-qorxu ilə ittiham olunan qızı İlqarə Kazımovaya qarşı son günlər səsləndirilən xəbərlər fonunda bu klipin icma üçün xüsusi bir mesajı varmı?
İnstaqramda şou-biznesə dair qısa videolar paylaşan və kuir mövzularını mütəmadi görünən edən məşhur Azbesdir səhifəsi də öz mövqeyini belə ifadə edib: “Aygün Faiqlə arası dəyəndə “Mavi, mavi” deyə mahnı oxumuş biridir, səhv insandan ikonalıq gözləyirsiniz, bir az prinsipiallıq və politik şüur arzulayıram hamıya.”
Anna Tholia nə düşünür?
Bu klipə baxandan sonra beynimizdə suallar yarandı. Bəzilərinə cavab tapmaq üçün klipdə yer alan türkiyəli drag queen Anna Tholia ilə əlaqə saxladıq. O, klipdə iştirakı ilə bağlı Minority Azərbaycana məlumat verib. O bildirib ki, klipdə yer almaq təklifini birbaşa olaraq rejissordan alıb. Anna əlavə edib ki, “ona da, düşünürəm, məni hal-hazırda tanıyan stilist komandası təklif edib.”
Anna Tholia videodakı performansı ilə konkret mesaj vermək məqsədi daşımadığını dilə gətirib. "İndi ümid edirəm ki, cavabım klişelərdən bir klik uzaqda qalacaq, amma klipdə verməyə çalışdığım heç bir mesaj yoxdur. Məni çağırdılar və işimi yerinə yetirdim, adi kastinqdən çox da fərqlənmədi. Təəssüf ki, kimliyi açıq olan sənətkarlar olaraq [red - haqqımızda] belə bir fikir var ki, bizim etdiyimiz hər bir iş “mesaj” daşımalıdır, lakin bəzən biz sadəcə mövcud oluruq,” - deyə əlavə edib.
Əvvəl qeyd etdiklərinin davamı olaraq, Anna Tholia sənətçilərin rolunun ilk növbədə görünənlik olması ilə bağlı bir düşüncənin formalaşdığını bildirib. O deyib: “Açığı, klipdə mənim iştirakımda heç bir alt mətn və ya dərin məna yoxdur. Ancaq bu qədər böyük tamaşaçı auditoriyası olan bir sənətçinin platformasında olmaq fürsəti mənə bu klipə baxacaq gənclərə ümid vermək imkanı verir. Məni bir müttəfiq görsünlər və ya görməsinlər, onlara sənətimizlə haralarasa gedib çıxa biləcəyimizi, gözəl şeylər yarada biləcəyimizi göstərməyim mənim üçün kifayətdir.”
Annanın sözlərinə, bu tip layihələrdə iştirak həmişə açıq mesaj daşımasa belə, görünənlik və təmsilin vacibliyini vurğulayır. Onun "S.O.S" klipindəki iştirakı müxtəlif kimlikləri ruhlandırmaq və görünənlük potensialının ortaya qoymaq olub.
Azərbaycanda LGBTQİ+ların reallığı
Kazımovanın videosu Azərbaycanda vətəndaş cəmiyyəti və LGBTQİ+ icmasının üzləşdiyi repressiyaların davam etdiyi bir zamanda yayımlanıb. 2023-cü ilin noyabr ayından etibarən Azərbaycan hökuməti vətəndaş cəmiyyətinə qarşı repressiyaları gücləndirib. Bu da öz növbəsində LGBTQİ+ və feminist icmalarına da əhəmiyyətli dərəcədə təsir göstərib.
Bundan əlavə, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) LGBTQİ+ icmasının hüquqları ilə bağlı məsələlərə toxunaraq, Azərbaycana qarşı verilmiş müxtəlif ərizələr üzrə qərardad qəbul edib. Azərbaycan hökuməti 2019-cu il avqustun 7-də ərizəçilərin hüquqlarının pozulduğunu etiraf edən və təzminat ödənilməsini təklif edən birtərəfli bəyannamə təqdim edib. Məhkəmə Hökumətin bəyanatını araşdırıb və hüquq pozuntusu qəbulunun xarakterini və təklif olunan kompensasiyanı nəzərə alaraq, ərizələrin araşdırılmasının davam etdirilməsinin əsassız olması nəticəsinə gəlib. Qalan 19 ərizəni də siyahıdan çıxarmaq qərarına gəlib. Azərbaycandan olan bir neçə LGBTQİ+ hüquq müfadiəçisi və Minority Azərbaycan AİHM-in bu qərardadı ölkədə epidemik səviyyədə olan LGBTQİ+ hüquq pozuntularını iqnor etməsi kimi görüb.
Voq rəqsi və kuir mədəniyyətinə dəstək
Dünyaca məşhur müğənnilər voq rəqsindən istifadə ediblər, lakin bu istifadə təkcə kuir mədəniyyətinin ikonik rəqsi ilə bitməyib, eyni zamanda ölçülə bilən dəstək ilə müşayiət olunub.
Məsələn, 1990-cı illərdə Madonna "Vogue" mahnısı ilə cəmiyyətdə LGBTQİ+ ilə böyük bir təsir yaradıb və həmişə LGBTQİ+ hüquqlarının müdafiəçisi kimi tanınıb. Madonna təkcə öz mənfəəti üçün deyil, həm də həqiqi dəstək və həmrəylik üçün davamlı olaraq kuir icmasının yanında olub.
Madonnanın LGBTQİ+ icmasına dəstəyi onun "Vogue" mahnısından çox-çox kənara çıxır. O, karyerasının ilk günlərindən maarifləndirmə və LGBTQİ+ların qəbullanmasını təşviq etmək üçün platformasından istifadə edərək, kuir hüquqlarının müdafiəçisi olmuşdur. 1989-cu ildə - kuir görünənliyinin efirlərdə ancaq qalmaqal ilə qeyd edildiyi dövrdə o, "Sevgimə haqq qazandır" - "Justify My Love" klipinə eynicinsli öpüş səhnəsini daxil edib. O, həmçinin QİÇS böhranı və kuirlərin üzləşdiyi ayrı-seçkilik kimi məsələlərə toxunaraq, "Həqiqət və ya cəsarət" sənədli filmində LGBTQİ+ icmasının mübarizələrini vurğulayıb.
Bundan əlavə, Madonna ianə toplamaqda və aktivizmdə fəal iştirak edib. O, müxtəlif LGBTQİ+ təşkilatlarını, o cümlədən GLAAD və Trevor Layihəsini dəstəkləyib və Stonewall-un 50 illik yubileyi kimi tədbirlərdə iştirak edib. Onun bu tədbirlərdəki çıxışlarında tez-tez sevginin, qəbullanmanın və hər kəs üçün bərabər hüquqların vacibliyi vurğulanıb.
Madonnanın fədakarlığı onu LGBTQİ+ icmasında qalıcı bir simvola çevirib və öz dəstəyini təkcə sözlərlə deyil, ardıcıl, mənalı hərəkətləri ilə nümayiş etdirib.
Bundan əlavə, Beyonce iki il əvvəl “Renaissance” albomunu çıxarıb və albomunun buraxılmasından əvvəl müğənni onu övladlarına və həyat yoldaşına, mərhum gey dayısı Jonny-ə və qaradərililərin pop mədəniyyətinə öz töhfəsini verən LGBTQİ+ icmasına həsr etdiyini açıq şəkildə bəyan edib. Bəs, görəsən, Aygün Kazımova bu klipi kimə həsr edib?!
Powered by Froala Editor