Gürcüstan: anti-LGBTQİ+ qanunu və kuir miqrantlar
Gürcüstan Parlamenti 27 iyul 2024 tarixində “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi” qanun layihəsini və onunla əlaqədar Gürcüstanın müxtəlif qanunlarına 18 düzəlişi ilk oxunuşda qəbul etdi.
02/Dec/24
438
Gürcüstanda anti-LGBTQİ+ qanun layihəsinin kuir miqrantlara təsiri
Müəllif: Gülnara Mehdiyeva
Gürcüstan Parlamenti 27 iyul 2024 tarixində “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi” qanun layihəsini və onunla əlaqədar Gürcüstanın müxtəlif qanunlarına 18 düzəlişi ilk oxunuşda qəbul etdi. Anti-LGBTQİ+ qanunvericilik paketini 78 deputat dəstəklədi, əleyhinə səs verən isə olmadı. Əksər müxalif deputatlar isə plenar iclasda iştirak etmirlər, çünki “xarici agent” qanununun qəbulundan sonra Parlamentin fəaliyyətini boykot edirlər.
Qanun layihəsi eynicinsli nikahları, o cümlədən də tərəflərdən biri “özünü bioloji cinsindən fərqli cinsə aid etdikdə” münasibətlərin qeydə alınmasını qadağan edir. Qanun layihəsində həmçinin göstərilib ki, kuir şəxslər uşaq övladlığa götürə bilməyəcəklər, həkimlər isə trans keçidi üçün cərrahi və digər prosedurlar edə bilməzlər. Bu cür prosedurların keçirilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur - cərimə və peşə fəaliyyətinə üçillik qadağa, hətta 3 ildən 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası.
Düzəlişlər paketinin ayrıca bir hissəsi məlumatın yayılması ilə bağlıdır. Belə ki, transgenderliyi və eynicinsli münasibətləri “populyarlaşdırmağa” yönələn informasiyanın təhsil müəssisələrində və efirlərdə reklamı, tədris proqramına daxil edilməsi və yayılması qadağan edilir. Bu cür məlumatın yetkinlik yaşına çatmayan şəxslərə əlçatımlığını təmin etmək də qadağalar arasındadır. Bu məqsədlə ictimai yığıncaqların təşkili də qadağandır.
Sənəddə “populyarlaşdırma” dedikdə nəyin nəzərdə tutulduğu dəqiq izah edilmir. Lakin bu qadağaların pozulmasına görə yüksək cərimələr, təkrar pozuntuya görə isə cinayət məsuliyyəti nəzərdə tutulur.
Gürcüstanda yaşayan əcnəbi kuirlər qanun layihəsindən əvvəl və sonra
Gürcüstan təkcə gürcülər üçün deyil, həm də müxtəlif ölkələrdən olan ekspatlar və krizisdən qaçan relokantlar üçün məskəndir. Belə ki, Rusiyanın Ukraynaya qarşı icra etdiyi irimiqyaslı müharibə fonunda orada LGBTQİ+lara qarşı repressiyalar ciddi şəkildə güclənib. 2022-ci ildə qəbul edilən yeni qanunla “bütün yaş təbəqələrindən olan insanlar arasında qeyri-ənənəvi seksual münasibətləri, pedofiliyanı və ya cins dəyişməni təbliğ edən” istənilən informasiyanın yayılması qadağan edildi. 30 noyabr 2023-cü ildə RF Ali Məhkəməsi “beynəlxalq ictimai LGBT hərəkatı” “ekstremist təşkilat” elan etdi. Nəticədə müharibədən və yeni qanunlardan əziyyət çəkən çoxsaylı kuirlər təhlükəsizlikləri üçün müxtəlif ölkələrə, o cümlədən Gürcüstana üz tutdu.
Artıq 2 ilə yaxındır ki, Gürcüstanda yaşayan rusiyalı kuir-feminist aktivist Tatyana Kalinina deyir ki, anti-LGBTQİ+ qanun layihəsinə qədər də burada kuirlər üçün vəziyyət “şirin” olmayıb. Eynicinsli nikahlar qəbuledilməz idi, kuirlərin öz haqları uğrunda açıq mübarizəsi də mümkün deyildi. Sağ radikalların 2023-cü ildə Lisi gölü ərazisində Tbilisi Qürur tədbirini vəhşicəsinə dağıtmasını xatırlayan Tatyananın sözlərinə görə, buna rəğmən özünü Gürcüstanda daha rahat hiss edirdi, ona görə ki, Rusiyada hər şey daha pis idi. Lakin Gürcüstanda qanun layihəsinin birinci oxunuşda qəbulundan sonra vəziyyət daha da qəlizləşdi:
“Burada draq şouları keçirən təşəbbüs qrupu vardı. Onlar Batumi və Tbilisidə peşəkar şoular təşkil edirdilər. Bu ilin yayında onlar ABŞ-da yaşayan çox məşhur bir draq-divanı dəvət etmişdilər. Razılıq əldə olunmuş və biletlər satılmışdı. Bu hadisədən xəbər tutan sağçılar təşkilatçılarla və keçiriləcək tədbirlərlə bağlı güclü hədə-qorxular yağdırmağa başladılar. Nəticədə təşkilatçılar tədbiri ləğv edərək bütün biletləri qaytarmalı oldular. Bu hadisəyə görə həm maddi, həm də mənəvi ziyan çəkdilər. Çünki təkcə onlar yox, bütün aktyor və aktrisa heyəti də təhlükə altında idi. Sağçılar onların daha öncəki şoularına da basqın etmişdilər və təhdidə məruz qoymuşdular.”
2020-ci ildən sonra Belarus da istər kuirlər, istərsə də müxalif fəallar üçün daha pis yerə çevrildi. Sərtləşən siyasətin fonunda istər Gürcüstana, istərsə də digər ölkələrə miqrasiya edən fəalların sayı artdı.
2 ildən çoxdur ki, Gürcüstanda yaşayan Darya Parafinyuk Belarusda vətəndaş təhsili üzrə təlimçi olub. O, kuirlərə qarşı stiqmatizasiyanı azaltmağa yönələn “Qeta Okey” media təşəbbüsünün qurucularından biridir və öz ölkəsindəki siyasi vəziyyətlə əlaqədar Gürcüstana gəlib. Daryanın fikrincə, qanun layihəsindən əvvəl də vəziyyət ürəkaçan olmayıb. O təsvir edir ki, cəmiyyətdə vaxtaşırı olaraq homofob əhval-ruhiyyə yaranırdı, KİV-lərdə homofob çıxışlar edilirdi, gündəlik ünsiyyətdə də bu cür tezislər səsləndirilirdi. Qanun layihəsindən birinci oxunuşda qəbulundan az müddət sonra isə məhz özünün başına gələn bir hadisəni belə nəql edir:
“Axşam qaranlıq saatlarında mağazaya girmişdim. Əynimdə ötən yay Tbilisidə baş tutan kuir konfransından aldığım köynək var idi. Köynəyin üzərində göy qurşağı bayrağı və gürcücə “Sevgi məğlubedilməzdir” cümləsi yazılmışdı. Bu tişörtlə o vaxtdan bəri şəhərin müxtəlif yerlərində tez-tez gəzmişəm və heç vaxt təhlükəyə məruz qalmamışam. Bu dəfə isə mağazadan çıxanda məni təxminən 16 yaşlarında olan iki nəfər gözləyirdi. Yağış yağırdı və kapüşonlarını başlarına keçirmişdilər. Onlar mənim arxamca düşməyə başladılar, gürcücə danışıb-danışmadığımı öyrənməyə çalışdılar. Danışmadığımı bildirəndə isə soruşdular ki, niyə onların ölkəsində LGBT bayrağı ilə gəzirəm. Mən bir az özümü itirdim və soruşdum ki: “Burda nə var axı?” Cavablarında bildirdilər ki, bura sizin üçün Rusiya və ya Ukrayna deyil, bizim ənənələrimiz başqadır və buna görə də köynəyi çıxartmalıyam. Gülüb dedim ki, lüt gəzməliyəm məgər? Onlar isə mənim yaxşılığım üçün dediklərini, belə şeyə görə hətta döyülə biləcəyimi bildirdilər. Soruşdum ki: “Doğrudan da məni buna görə kimsə döyər?” Dedilər ki, bəli. Bu, mənə çox təəccüblü gəldi, çünki geyimlərimdə daima LGBTQ+ simvolikası olur. Göy qurşağı rəngli corablar, çantamda sancaqlar, yaylıq və s. İlk dəfə belə bir hədə-qorxu ilə qarşılaşmaq mənə çox stresli gəldi.”
Darya deyir ki, bu qanunvericilik layihəsini kuirlərə qarşı zorakılığa icazə kimi başa düşür. “Sanki əvvəlkindən fərqli olaraq dövlət zorakılıq halları ilə bağlı öz məsuliyyətini geri çəkir və onu leqallaşdırır. Bu da məni çox kədərləndirir. Sevdiyim və yaşadığım daha bir ölkə totalitar inanclara doğru enir, cəmiyyətdə staqnasiya baş verir.”
İşlə əlaqədar Gürcüstana gələn gənc azərbaycanlı kuir qadın Könül (ad dəyişdirilib) artıq 1 ildir ki, Tbilisidədir. Onun da qanun layihəsindən əvvəlki vəziyyətlə bağlı düşüncələri digər müsahiblərdən fərqlənmir. Könül açıqlıq və təhlükəsizlik baxımından problemləri, kuirlərin cəmiyyətin əksəriyyəti tərəfindən kənarlaşdırılması, ayrı-seçkiliyə və hətta zorakılığa məruz qalma riski altında olmasını vurğulayır. O deyir ki, Tbilisidə Marcanişvili meydanı kimi ictimai məkanlar homofob qrupların hədəf aldığı yerlər sırasındadır. Burada azərbaycanlılar və türklər daha çox yaşayır. Könül hesab edir ki, Gürcüstanın daha radikal kəsimləri sanki bu ərazidə daha çoxdur. Ona görə də, bu ərazilərdə kuirlər öz varlıqlarını gizlətməyə məcbur olurlar.
Azərbaycan artıq 10 ildir ki, ILGA Avropa təşkilatının göy qurşağı reytinqində LGBTQİ+ların hüquqları baxımından ən sonuncu yeri tutur və nəinki Cənubi Qafqazda, 49 Avropa ölkəsi arasında kuirlər üçün ən pis ölkə sayılır. Lakin Könül deyir ki, gürcülər bizlə müqayisədə Cənubi Qafqazda daha azad və daha müasir görüşlü hesab olunsalar da, qatı dindarlar burada üstünlük təşkil edir və düşündüyümüzün əksinə, kuirlər burada da ciddi təzyiqlərə məruz qalır. O, iş tapmaqda çətinlik çəkən, ayrı-seçkiliyə məruz qalan və ya kuir olduğu üçün işlərini itirən gürcülər də tanıdığını deyir.
“Əsas məsələlərdən biri isə homofob zorakılıqdır. Bu, Gürcüstanda təəssüf ki, nadir hadisə deyil. 2013-cü ildə Tbilisidə LGBTQ+ yürüşünə minlərlə insanın hücumu bu zorakılığın nə qədər geniş və mütəşəkkil ola biləcəyini göstərdi. Yürüş iştirakçıları daş və dəyənəklərlə hücuma məruz qalıb, polis isə lazımi müdafiəni təmin etməyib. Bu cür hadisələr kuirlərin ictimai yerlərdə özünü ifadə etmək qorxusunu artırıb.”
Qanun layihəsinin birinci oxunuşda qəbulundan sonra Könül dərin narahatlıq və ümidsizlik hiss etdiyini deyir. Getdiyi kuir məkanların, kafelərin də təhlükəyə çevrilə biləcəyindən nigarandır. O, artıq öz həyat tərzində əlavə təhlükəsizlik tədbirləri görmək barədə düşünməli olur. Könülün proqnozlarına görə, gender adaptasiyası prosesinin qadağasından sonra translar da kəskin şəkildə marjinallaşa bilər.
Qanun layihəsindən sonrakı planlar
Könül başqa ölkəyə köçməyi hələlik ciddi şəkildə düşünmür. Ancaq bunu düşünən kuir dostlarının olduğunu deyir.
“Buranı tərk etmək göründüyü qədər sadə deyil. Xüsusən də Azərbaycana qayıtmağı düşünsək, orada kuirlər üçün vəziyyətin nə qədər ağır olduğunu bilə-bilə, insan özünü dalana dirənmiş kimi hiss edir. Ancaq burada qalmaq getdikcə daha təhlükəli olur. Bu qanun qəbul olunarsa, bu ölkədə mənim həyatımın və şəxsiyyətimin qorunacağına əmin deyiləm. Burada qalıb mübarizə aparmaq olar, lakin bilmirəm, bu şərtlər altında nə qədər davam etmək mümkündür.”
Amma Tatyana Kalininanın ümidli olduğu məqamlar var. O deyir ki, Rusiya praktikasına baxsaq, bir çox qanunların qəbul edildiyini görə bilərik, lakin praktikada onların heç də hamısı tətbiq edilmir. Hətta tətbiq edilsə belə, gözlədiyimiz kimi olmaya bilər.
“Rusiyada “xarici agent” qanunu da əvvəllər bir o qədər işləməsə də, hökumət öz əleyhinə olan adamları sıradan çıxarmaq istəyəndə qanunu fəal şəkildə istifadə etməyə başladı. Ona görə də, biz həmkarlarımızla birlikdə Gürcüstanda payızda baş tutacaq parlament seçkilərini gözləyirik. Çünki burda demokratiya var və müxalif partiyalar siyasi həyata təsir edə bilirlər. Müxalifət qalib gəlsə, bu qanun layihəsi yekunda qəbul edilməyə də bilər. Amma edilsə, onun necə işlədiyinə baxmaq lazım olacaq”, - Tatyana düşünür.
“Mənim üçün kuirlik ideyaları transsərhəddir. Feminizm hərəkatı kimi, LGBTQ+ların hüquqları da sərhədsizdir. Ona görə də, biz bir-birimizə kömək etməliyik. Bu qanun layihəsi Rusiyadan gəlir və ordakı ilə çox oxşardır. Mən Rusiyada təcrübəsini gördüyüm üçün orada tətbiq etdiyimiz mübarizə strategiyalarını bölüşməyə hazıram.”
Darya isə hətta qanun layihəsindən sonra məruz qaldığı insidentdən sonra da göy qurşağı simvollarını öz üzərində gəzdirməyə davam edəcəyini deyir.
“Bu, mənim üçün rejimə müqavimət deməkdir. Belarusda da beləydi, burada da belədir. Mənim üçün simvollar vacibdir, onlar mənim daşıdığım dəyərləri ifadə edir və beləliklə, mən başqa insanlara nümayiş etdirirəm ki, hələ də nəsə etmək olar. Həm də insanlara bu situasiyada tək olmadıqları mesajını verirəm.”
Powered by Froala Editor