Ehtiyac duyduqları dəstəyi ala bilməyən vətəndaşlar
Trans və evsiz: ehtiyac duyduqları dəstəyi ala bilməyən vətəndaşlar
16/Dec/24
155
Trans və evsiz: ehtiyac duyduqları dəstəyi ala bilməyən vətəndaşlar
Müəllif: Aleks Şah
Azərbaycanda trans icma mənzil təminatında ciddi maneələrlə üzləşir, amma bu problem çox vaxt ictimai problemlərin kölgəsində qalır. Ölkədə translara qarşı ayrı-seçkilik və stiqma təhlükəsiz və əlverişli mənzil tapmaqda maneələr yaradır. Bir çoxları ev sahiblərinin nifrət dolu fikirləri ilə mübarizə aparır, bu da onları qeyri-sabit və ya təhlükəli yaşayış şəraitinə məcbur edir.
İqtisadi problemlər bu böhranı daha da çətinləşdirir, çünki translar tez-tez daha yüksək işsizlik və qeyri-məşğulluqla üzləşirlər və bu da mənzil almağı çətinləşdirir. Ölkədə ildə bir neçə dəfə mənzillərin və kirayə qiymətlərinin kəskin artımı icmanın iqtisadi müstəqilliyini boğur və zorakı sistemdən xilas olmalarını əngəlləyir. Əlavə olaraq, dəstəkləyici resursların və hüquqi müdafiənin olmaması o deməkdir ki, bir çoxları ayrı-seçkilik və ya evdən çıxarılma ilə qarşılaşdıqda şikayət etməkdən imtina edirlər.
24 yaşlı Həyat Əlisoy büdcəsi olsa belə, trans kimliyinə görə ev tapa bilməməsindən şikayətlənir.
Şəxsiyyət vəsiqəndəki kimliklə sosial görünüşün üst-üstə düşmürsə, həmin andaca bütün problemlər başlayır. Birbaşa seks işçisi olduğun düşünülür və sənə kirayə ev etibar etmək istəmirlər. Ya ikiqat baha qiymət istəyirlər, ya da ümumiyyətlə, vermirlər. Şəhərin mərkəzində mənzillərin qiymətinin baha olması transları oradan uzaqlaşdırır və bütün Şərqi Avropa şəhərlərində olduğu kimi şəhər mərkəzindən uzaq yerlər translar üçün təhlükəlidir.
Həyat bu il yaşadığı mənzili tərk etməli olub. Buna səbəb ərazi polisinin onun gender kimliyini öyrənməsi olub.
“Bu il yazda 1 həftə ərzində məhlədə polis tərəfindən izlənildiyimi hiss edirdim. Daha sonra gecə radələrində qapıya polis gəldi. Mənim seks işçisi olduğumu bildiyini söylədi və etdiyimin cinayət olduğunu bildirdi. Ya evi tərk etməliydim, ya da rüşvət verməli idim. Həmin gün əşyalarımı yığıb evi tərk etdim. Kirayə üçün evlərə baxmağa gedəndə mənə mənzil vermək istəmirdilər və seksual təkliflər edirdilər. Maklerlər cinsi əlaqədən sonra ev tapacağını deyirdi.”
Həyat hazırda əksər transların fərdi mənzil ala biləcək qədər imtiyazı olmadığını vurğulayır. O, nə dövlətdən, nə də ailəsindən dəstək ala bilir. Həyat evsizləşməsinin əsas səbəbi kimi dövlət və ailəsini görür.
Qadın və kuir hüquqları müdafiəçisi Gülnara Mehdiyevanın sözlərinə görə, Azərbaycanda ev kirayəsi sektoru qanunvericiliklə tənzimlənməkdən çox uzaqdır. Belə ki, əslində, kirayənişinləri təsdiq edilmiş kirayə müqaviləsi qoruya bilər, lakin Azərbaycanda müqavilə ilə kirayədə qalan insana rast gəlmək çox çətindir. Bunun da bir sıra obyektiv səbəbləri var. İnsanların qazancı az olduğu üçün onun da böyük hissəsini vergi üçün ödəmək istəmirlər.
“Amma hər şey şəffaf, müqavilə ilə olsa, translar heç ev də tapa bilməzlər. Çünki çox vaxt onlar yaxınlarını, dost-tanışlarını öz əvəzlərinə göndərib, ev tutmalı olurlar ki, evdə əslində özlərinin yaşayacağı bilinməsin. Lakin hər şey qanunla, müqavilə ilə olsa, kənar şəxs onların yerinə sənədə imza atmaq istəməz, çünki evdə başqa şəxslərin qaldığı məlum olsa, hüquqi problem yarana bilər. Translar özləri isə kimliklərini, sənədləri bəlli edərək evi tuta bilməyəcəklər.”
Gülnaranın özü də ev axtararkən qısnamaya məruz qalıb, makler tərəfindən mövzudan kənar mesajlar alıb. Lakin soyuq cavablarda sonra makler irəli gedə bilməyib. Subay və müstəqil qadınlar belə əməllər üçün fürsət kimi görülür.
“Azərbaycanda qonşuların bir-birindən xəbəri olmadığı, qapıların uzun koridorlarla bir-birindən ayrıldığı, divarların səskeçirməzliyinin yüksək olduğu mənzillər və təhlükəsizliyin yaxşı qorunduğu binalar translar üçün ən uyğunudur. Lakin o binalarda ev tutmaq hər kəsin cibinə görə deyil. Odur ki, maddi vəziyyət çox şeyə təsir edir.”
“Translar üçün dəstək resurslarının az qala yox səviyyəsində olduğu qənaətindəyəm. Ölkədə ümumi hüquq sisteminin ən pis olduğu dövrdə ən həssas qrup olaraq transların vəziyyəti daha acınacaqlıdır. Əlbəttə, azsaylı fəallar öz gücləri çatan qədər iş görməyə çalışırlar, amma bu, yetərli ola bilməz. Çünki onların özlərinin də resurslara çatımlılığı yoxdur,” - deyə Mehdiyeva əlavə edib.
Transgender Avropa təşkilatının bu il yayımladığı Trans Hüquqları Xəritəsinə əsasən, Azərbaycan trans hüquqlarına görə Avropada ən pis ölkədir. Qanunvericilikdə gender kimliyi və gender ifadəsi ilə bağlı müddəalara rast gəlmək olmur. Dövlətin sosial xidmət agentliklərində trans vətəndaşlar sosial qrup olaraq təyin edilmədiyi üçün, bu, onların dövlət dəstəyi almasını məhdudlaşdırır. Statistika komitəsi gender kimliyinə və gender özünüifadəsinə görə evsizləşdirilən qruplarla bağlı araşdırmalar aparmır.
Şərti adı Aysel olan 28 yaşlı trans qadın evsizləşməni ilk dəfə ailəsindən görüb. O, Talış bölgəsində, mühafizəkar ailədə doğulub. 19 yaşında feminin özünüifadəsi ailəsinin və qohumlarının ona qarşı aqressiyasına gətirib çıxarıb. Tez bir zamanda Bakıya köç edən Aysel yeni problemlərlə rastlaşıb. Lakin bu dəfə onu ailəsi yox, əmlakçılar istəmirdi.
“İlk dəfə Bakıya gələndə onlayn tanıdığım trans dostumla qaldım. Amma şəxsi problemlərdən dolayı evdən uzaqlaşmalı oldum. Günlərlə məcburi seks işçiliyi edərək müştərilərin evində gecələməli olurdum, parklarda yatdığım günlər belə olub.”
“İş üçün müraciət edəndə marketlərdə mənə baxıb gülürdülər və ‘hazırda boş yer yoxdu’ deyirdilər. Halbuki elanlar asırdılar. Tək evə çıxmaq istədiyim dövrdə maklerlər mənə seks təklifləri edirdi. Hamısı məni aldadaraq ‘bu gün-sabah xəbər deyəcəyik’ deyirdi. Seksdən bir gün sonra 2 otaqlı evi 700 manata təklif etdi. Bilirdi ki, yox deyəcəm. Aşağı qiymətə evdə qalmaq üçün mərkəzdən kənara, Masazıra gəldim. Qısa müddətdə qonşular mənim trans olduğumu öyrəndilər. Artıq qonşuların uşaqları mənə küçədə söz atırdılar, məhlədə hamı məndən danışır və ev sahibinin nömrəsini axtarırdılar. 4 ay o evdə qaldıqdan sonra ev sahibi ev təmiri bəhanəsiylə çıxmağımı istədi.”
Aysel deyir ki, Azərbaycanda pulun varsa, kimliyindən aslı olmayaraq sənə hər yerdə yer var.
“Pulun varsa, avtobusda yox, öz maşınınla gedəcəksən və söz atmalara məruz qalmayacaqsan. Pulun varsa, ən bahalı restoranda oturacaqsan, mərkəzdə yaşayacaqsan və sənin trans kimliyin pulla ticarət olunacaq. Bəlkə də, bu həyatda trans olduğumuza görə yox, kasıb olduğumuza görə təssüflənməliyik…”
Gəliri yanlız yaşayış xərclərini qarşılayan Ayselin şəxsi evinin olması onun üçün hələ ki, bir xəyaldır. Dəstək ala biləcəyi resursların olmamasından şikayətlənir, polis və dövlət işçilərindən təhlükəsizliyi üçün uzaq olmağa çalışır.
Sosial işçi Ləman Hüseynova deyir ki, ailələr övladlarını ya dünyadan məhrum etməyə, ya da ailədən məhrum etməyə çalışırlar ve çox hallarda, təəssüf ki, buna nail olurlar.
“Ümumiyyətlə, ev tapmaq kuirlərə çətin olur, çünki ev sahibləri LGBTQİ+lara ev vermək istəmirlər. Görürük ki, kuir şəxslərin dəstəyi ilə ortaq evlər tapılır, ya da ümumiyyətlə tapılmır. Real vəziyyətlərdən nümunə gətirməli olsam, gənc və yaşlı LGBTQİ+lar, xüsusilə trans qadınlar tapdıqları kirayə evlərin sahibləri və ya ortaq qaldıqları digər şəxslər tərəfindən cinsi şiddətə məruz qalırlar və haqlarını tələb edə bilmirlər. Çünki dövlət translara dəstək göstərməkdə maraqlı deyil. Translar üçün hər hansısa anti-diskriminasiya qanunu yoxdur. Tanıdığım çox trans vətəndaşın şəxsi mənzili yoxdur. Ümumiyyətlə, kirayə tapmaq belə bəzən möcüzə kimi bir şey gəlir, çünki çox mənfi reaksiyalarla üzləşirik. Ümumiyyətlə, transların cis-hetero ev yoldaşları ilə birgə qalmağı onları seksual qısnamayla, təcavüzlə üz-üzə qoyur. Absurd suallar və s. psixoloji olaraq mənfi təsir etməyə başlayır.”
Hüseynova ciddi bir dəstək xətti olmamasından təssüflənir. “Müəyyən təşəbbüs qrupları var ki, sayı çox azdır və dəstək göstərmələri məhdudiyyətlidir. Qanunvericiliyimiz insan azadlığı və haqlarını hər bir fərd üçün ümumi dəstəkləyir, amma bu, heç də yetərli olmur. Hətta real təcrübədə bu azadlıq və haqları translar üçün görə bilmirik,”- deyə o bildirib.
“Heteronormativ və feodal ailə” strukturu transların cəmiyyətdən uzaqlaşdırılmasında həlledici rol oynayır.
LGBTQİ+ hüquq müdafiəçisi Vahid Əliyev Azərbaycanda trans qadınların qaşılaşdığı mənzil problemləri ilə kuir/trans qohumluq [red: ingiliscə kinship] münasibətlərinin formalaşması arasında əlaqəni qeyd edib. O deyir ki: “Azərbaycanda trans qadınların təcrübələrinin əksəriyyəti ölkədə, regionda və qlobal miqyasda trans icmalarının mübarizəsi ilə rezonans doğurur.”
"Təhlükəsiz və qənaətli mənzil problemlərinə cavab olaraq, trans icmalar həm də mühüm dəstək sistemləri kimi xidmət edən qeyri-rəsmi qohumluq şəbəkələrini inkişaf etdirirlər." Vahid Əliyev qeyd edib ki, 2017-ci ildə LGBTQİ+ ovu - LGBTQİ+lara qarşı genişmiqyaslı həbslərdən əvvəl bu qohumluq münasibətləri çox müşahidə olunub. Kuir/trans qohumluqları həm müqavimət forması, həm də trans mənzil problemlərinin praktik həlli kimi fəaliyyət göstərir. Trans qadınlar resursları bölüşür, dəstək təklif edir və çətin anlarda bir-birinə kömək edirlər.
Hüquq müdafiəçisinin fikrincə, bu qohumluq münasibətləri trans icmaların möhkəmliyinin sübutudur. “Öz dəstək sistemlərini yaradaraq, trans qadınlar nəinki təcili ehtiyaclarını qarşılayır, həm də onları marjinallaşdıran qəddar ictimai strukturlara meydan oxuyurlar.”
Birləşmiş Millətlər Təşkilatının yayımladığı məlumata görə, dünyada evsizlik ilə bağlı araşdırmalar evsizliyin LGBTQİ+lara daha çox təsir etdiyini təsdiqləyir. Məsələn, Avstraliya, Kanada, Avropa Birliyi, Böyük Britaniya və ABŞ-da aparılan araşdırmalar göstərib ki, evi olmayan gənclərin yüksək faizi lezbiyan, gey, bi, trans, interseks və ya kuir kimi müəyyən edilir. Xüsusilə, gənc transların evsiz qalma ehtimalı yüksəkdir. Avropadan alınan məlumatlar göstərir ki, interseks insanlar xüsusilə evsizlik riski altındadırlar.
Araşdırmalara görə, Avropada 18-24 yaş aralığında olan kuirlərin 17%-i evsizliklə üzləşir. Ailənin onlardan imtina etməsi LGBTQİ+lar üçün evsizliyin ən çox yayılmış səbəbi kimi görünür. Üstəlik, məktəblərdə, himayədarlıq və ya yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi sistemlərində LGBTQİ+ gənclərin ayrı-seçkilik və zorakılıq təcrübəsi həm evsizliyə, həm də yeni ev tapmaqda maneələrə səbəb ola bilər. Eyni zamanda, evi olmayan LGBTQİ+ların fiziki və mental sağlamlıq problemləri, seksual zorakılıq, fiziki zorakılıq təcrübələri, narkotik istifadəsi və ya həyatda qalmaq üçün seksdən çox istifadə ehtimalı daha yüksəkdir.
Powered by Froala Editor