Aktiv olmaq “daha çox kişi olmaq” mənasına gəlmir
Müsahibimizin 19 yaşı var, təsviri incəsənət üzrə təhsil alır və ailəsi ilə birlikdə yaşayır. Hazırda geyim dizayneri kimi fəaliyyət göstərir.
08/Apr/19
16974
Əgər özünüzü sevməsəniz, başqasını da sevə bilməzsiniz
Müsahibimizin 19 yaşı var, təsviri incəsənət üzrə təhsil alır və ailəsi ilə birlikdə yaşayır. Hazırda geyim dizayneri kimi fəaliyyət göstərir.
Cinsi oriyentasiyanızın fərqli olduğunu nə zaman hiss etdiniz?
- Homoseksual olduğumu tam olaraq 13-14 yaşlarımda olarkən aydınlaşdırdım və bunu tanıdığım bəzi homoseksual insanlara nisbətən çox rahat qəbul etdim. Amma həmişə özümdə nəyinsə fərqli olduğunu bilirdim, hiss edirdim. Hamı kimi deyildim. Hətta yadımdadır, daha erkən yaşlarda, səhv etmirəmsə, 7-8 yaşımda olarkən televizorda bir aparıcıdan xoşum gələrdi, ona baxardım, utanardım, qəribə hisslər keçirərdim. Amma o zaman bunun nə olduğunu anlamırdım. 14 yaşım olanda bunu araşdırmağa başladım. Çünki artıq kompüterim və internetə çıxışım var idi. Saxta feysbuk hesabı açıb, LGBT icmasından olan müxtəlif insanlarla tanış oldum. İnternet üzərindən ətraflı araşdırma etdim, sənədli filmlər izlədim və sonunda tam olaraq hansı cinsi oriyentasiyaya sahib olduğumu öyrəndim.
Ailənizə və dostlarınıza kaminq-aut etmisinizmi?
- Doqquzuncu sinifdə sinif yoldaşlarıma bu barədə demişdim. İlk olaraq inanmadılar, amma sonra bunun haqqında heç nə danışmadıq. Həm də o zamanlar yeniyetmə idik, orqanizmimiz haqqında məlumatlı deyildik və yaxud başqa məsələlərlə bağlı. Daha sonra bu mövzu məktəbdə yayıldı. Hamı məni ələ salırdı, sataşırdı. Buna baxmayaraq, heç vaxt özümdən utanmamışam və yaxud gücsüz hiss etməmişəm. Gey olmağımın başqalarından əskik olmaq anlamına gəldiyini düşünməmişəm. Buna görə də vecimə almırdım.
Bu hadisədən bir ay sonra məktəbdə valideyn iclası olmuşdu və iclasdan sonra anam evdə məni sıxışdırırdı ki: “Sənə məktəbdə necə müraciət edirlər?” Dedim: “Ayı deyirlər.”
Yeniyetməlik vaxtlarımda həddindən artıq tüklənmişdim. Artıq çəkili olduğum üçün bunu mənə qarşı istifadə edib, sataşırdılar və “petux” kimi ifadələr istifadə edirdilər.
Bu hadisədən sonra bir ay ərzində həmişə evdə xalam və anam LGBT haqqında söhbətlər edir, mənə söz atırdılar. Lut qövmü, günah - belə mövzulardan danışırdılar. Ailəm LGBT insanların psixi pozuntusu olduğunu düşünür. Bir gün xalam mənə dedi ki: “Təsəvvür elə, yolda gedirsən, üç oğlan sənə yolda “petux” deyir. Nə edərsən?” Bu sualın qarşısında dondum. Düzü, gözləmirdim. Cavab olaraq: “Onların mənə “petux” deməyi ilə “petux” olmayacağam”, - dedim.
Onlar əsəbiləşdilər və həmin günün sabahı məni psixoloqa apardılar. Psixoloq ilk seansda heç nə deməsə də, ikinci seansda mənim gey olduğumu bildiyini dedi. “Haradan bilirsiniz?” sualını verəndə isə “Bunu, baxaraq bilirəm” deyib cavab vermişdi. Düzünü desəm, o zamanlar məndə feminin davranışlar çox olduğu üçün buna inandım. Üç ay boyunca seanslara getdim. Mənə LGBT haqqında məlumatlar verirdi.
Psixoloqum mənə biseksual olmağı təklif etdi. Mən isə bunun olmayacağını, çünki bunun bu yolla dəyişdirilə biləcək bir şey olmadığını ona dedim. Amma yenə də bir qızla cinsi əlaqədə olmağı təklif edirdi. Təbii ki, heç bir qızla aramda nə isə olmadı. Çünki hisslərim oğlanlara qarşı idi.
Psixoloqunuzun əsassız düşüncələr irəli sürdüyünü dediniz, bu və ya hər hansı səbəbdən, psixoloqunuzu dəyişməyi düşünmüsünüzmü? Dəyişdirməməyinizin səbəbəbi nə olub?
- Psixoloqumu dəyişməməyimin səbəbi o idi ki, o zamanlar öhdəsindən gəlməli olduğum çox problemim var idi. Ən əsası, ailəm onsuz da dəyişdirməzdi. Həm də mən uşaq idim, başa düşünmürdüm belə şeyləri. Ona yaxın hiss edirdim. Mənə bəzi lezbiyan və gey pasiyentləri və onların başına gələn pis hadisələrdən danışırdı. Normalda başqa pasiyentlər haqqında danışmaq qadağandır. O zamanlar inanırdım. İndi düşünürəm ki, bəlkə də məni qorxutmaq üçün elə şeylər danışırmış.
Üç ay ərzində psixoloq seanslarına gedib-gəldim. Çox yaxşı təsirləri oldu. Özümü sevməyə başladım. Müxtəlif idman və diyeta proqramları ilə özümü formaya saldım və feminin davranışlarımı yox etdim. Seansların sonunda ailəm artıq “normal oğlan” olduğumu düşünürdü.
Feminin davranışlarınız sizi narahat etdiyi üçün, yoxsa sizə olunan təzyiqlərə görə onları yox etdiniz?
- Feminin davranışlarımdan mənim xəbərim yox idi heç. “Normal budur” deməyək, “mən beləyəm” kimi düşünürdüm. Doğrusunu desəm, yox etməyim öz istəyimlə olmadı. Seanslara mütəmadi getdikcə, yavaş-yavaş feminin davranışlarım yox olmağa başladı. Həm də idmanla məşğul olmağa başlamışdım, bunun da təsir etdiyini düşünürəm.
Bir dəfə sinəmdəki tükləri qırxmışdım, çünki tüksüz olmaq istəyirdim. Özümü sadəcə tüksüz görmək istəyirdim, məni narahat hiss etdirirdi. Yaşıdlarımdan fərqli göründüyüm üçün özümü anormal hiss edirdim. Həmin günün axşamı anam mənim sinəmi gördü. Məni çox pis döymüşdü. Məni atamla birlikdə intihara məcbur edəcəklərini və yaxud əllərimi, qollarımı bağlayıb, pəncərədən atacaqları barədə şantaj etmişdi. Həmin gün səhərə kimi ağlamışdım. Çünki özümü həyatımda ilk dəfə çox gücsüz hiss etmişdim. Bu hadisə mənim psixoloq seanslarına getdiyim dövrdə baş vermişdi. Psixoloqum məni uroloqa göndərdi. Qan analizi etdilər. Qanımda həddindən artıq çox testesteron var idi, buna görə də tüklənirdim. Seanslar bitdikdən sonra həyatıma rahat davam etdim. Özümü sevməyə başladım.
Kaminq out etdikdən sonra qarşılaşdığınız reaksiyalar necə olub?
- Əslində xalalarımın yox, amma anamın bildiyini hiss edirəm. Sadəcə bundan əmin olmaq istəmir, və ya qorxur deyə məndən soruşmaqdan çəkinir bəlkə də. Bəzən söz atır, davalarımız olur. Mənə “Sən psixsən?”, “Bəlkə səni dəlixanaya aparım?” kimi suallar verir. Yanvardan indiyə kimi bir-birimizlə danışmırıq. Mənim geyim dizayneri olmağımı istəmir. Çünki LGBT icması ilə iç-içə olmağımdan qorxur. Ona evlənməyəcəyimi deyəndə “Sənə petux deyəcəklər” kimi ifadələr işlədir, vecimə olmadığını bildirirəm.
Universitetdə qrup uşaqları bilirlər. Birinci və ikinci kurslarda özüm kaminq out etmək istəmədim. Çünki onların mənə önyarğı ilə yanaşmasını istəmirdim. Üçüncü kursda, yəni bu il demişəm. Hamısı məni normal qarşıladı. Mənim yaxşı insan olduğumu və bunun bir seçim olmadığını dedilər. Bəlkə də belə bir qrupa sahib olduğum üçün şanslıyam, kim bilir?
Sizcə, cəmiyyətdə homoseksuallara qarşı ən böyük stereotiplər hansılardır?
- Cəmiyyətimiz homoseksualları daha çox feminin, pul qarşılığında cinsi əlaqədə olan, tərbiyəsiz insanlar kimi tanıyır. Təbii ki, bunda LGBT icmasının bəzi üzvlərinin də günahı olduğunu düşünürəm. Amma cəmiyyətimiz bilmir ki, ölkədə ən yaxşı vəzifələrdə işləyənlərin bəziləri elə LGBT icmasının üzvləridir.
İnsanlarımız bütün geylərin feminin olduğunu düşünür. Bəzən qrup uşaqları mənə sual verir ki: “Sən necə geysən? Belə gey olur?” Deyirəm: “Bəyəm geylər feminin, tüksüz olmalıdırlar?”
Cinsi oriyentasiyanıza görə hər hansı qısnama ilə qarşılaşmısınızmı?
- Anam bəzən evdən qovacağı barədə hədələyir. Bir dəfə dedi ki: “Universiteti qurtarana kimi mənim himayəmdəsən, sonrasını özün bilərsən.”
Universitetdə elə bir qısnama olmayıb.
12-13 yaşlarım olanda qonşunun uşaqlarını döyərdim. Çünki mənə qarşı “qızbibi” kimi ifadələr işlədir, ayrı-seçkilik edirdilər. Buna görə də qonşu qadınlar yalandan söz çıxartmışdılar ki, guya oğlanlar mənə qarajın arxasında təcavüz ediblər. Anam hələ də buna inanır. Nəsə davamız olanda bunu başıma vurur.
Gələcək üçün planlarınız nələrdir?
- Gələcək üçün planlarım çoxdur. Ümumiyyətlə, mən gələcək üçün yaşayan bir insanam. Xaricdə təhsil alıb, savadlı, peşəkar bir geyim dizayneri olmaq, orada yaşamaq və təbii ki, məni sevən bir oğlan ilə ailə həyatı qurmaq istəyirəm. Azərbaycanda yaşaya biləcəyimi düşünmürəm.
Necə düşünürsünüz, insanların LGBTQİ+ haqqında maariflənməsi üçün hansı addımlar atılmalıdır?
- Təbii ki, televiziya çox güclü vasitədir. İnsanlarımızın çoxu günlərini televiziya qarşısında keçirir. Sənədli filmlər, buna aid kliplər göstərmək olar. Amma bizim ölkədə bunun ola biləcəyini düşünmürəm.
Sizi ən çox incidən, maarifsizlikdən doğan problemlər hansılardır?
- Məni incidən, insanlarımızın transseksuallıq, transgenderlik və homoseksuallığı ayıra bilməməsidir. Daha çox LGBT icmasının içində olan problemlərdən bəhs etmək istəyərdim. Məni incidən daha çox bu problemlərdir. Homofob insanları qınayırıq, amma bəzən özümüz belə bir-birimizə qarşı homofob reaksiya veririk.
Həmçinin, geylər arasında olan aktiv və passiv rollar haqqında danışmaq istəyərdim. Aktiv geylərin çoxu passiv geyləri özündən aşağı görür, onları alçalmış hesab edir, özləri ilə fəxr edirlər. Amma fəxr ediləsi nəyinsə olduğunu düşünmürəm. Aktiv olmaq “daha çox kişi olmaq” mənasına gəlmir.
LGBTQIA+ fərdlərə nə demək istərdiniz?
- Demək istədiyim budur ki, özünüzü sevin. Hər şeydən öncə özünüzü sevməli və öz gələcəyiniz üçün çalışmalısınız. İnsanlara fikir verməyin, onlar sadəcə danışırlar. Bizlər ailələrimizi seçə bilmirik, amma bir-birimiz üçün ailə olmalıyıq. Ailə qan bağından ibarət deyil. Ailə - sizi sevən və sizi hər halınızla qəbul edən insanlardır.
Son olaraq, unutmayın, əgər özünüzü sevməsəniz, başqasını da sevə bilməzsiniz.