8 Mart Bakı Yürüşündəki homofobiya
Yürüş iştirakçısı olan qadınların metroya, vaqonlara zorla salınıb, kişilərin sorğu üçün polis məntəqəsinə aparılması isə aşkar diskriminasiyadır.
17/Mar/19
5827
8 Mart günü Bakıda deyildim. Bakıda olsaydım, “Qadına Qarşı Zorakılığa Qarşı Get” yürüşündə iştirak edəcəkdim, hətta bunun üçün olduqca həyəcanlı idim. Qadın bədənində doğulduğum üçün məruz qaldığım bütün zorakı davranışlara və haqsızlığa qarşı haqqımı tələb etmək hüququmdan istifadə yollarından biri idi bu. Tək mən deyil, doğulduğu andan və hətta cinsiyyəti məlum olduğu zamandan bəri qadınlar yaşadığım cəmiyyətdə həm digər cins, həm də həmcinsləri tərəfindən zorakılığa məruz qalır, haqqı tapdanır, azadlığı əlindən alınır. Bu yürüş mənə görə zərərsiz bir etiraz nidası idi, haqq idi bizim üçün. Lakin çoxluq belə düşünmürdü ki, yürüşün qarşısı alındı, plakatlar məhv edildi, polis və hardan gəldiyi bilməyən qadınlar iştirakçıların üzərinə hücum çəkdi. Videolara baxmaq belə insanı dəhşətə gətirir.
Mənim iştirak etmədiyim bu yürüşlə bağlı bir söz deməyə bəlkə də haqqım çatmır. İzlədiyim və oxuduğum və məlumatlara əsasən, diqqətimi çəkən və mənə daha çox təsir edən iki məsələ var:
- yürüşdə iştirak edən kişi cinsindən olan iştirakçılara qarşı ayrı-seçkilik;
- yürüşdə iştirak edən qadınlara feministdən daha çox lezbiyan deyə xitab edilməsi.
Bu cəmiyyət qadını azad qəbul etmədiyi kimi, qadına azadlıq tələb edən kişini də qəbul etmir, hətta daha çox nifrət edir. Hələ bir də görünüşün cəmiyyətin “kişi” standartlarına uyğun deyilsə, sən ən böyük nifrət hədəfinə çevrilirsən.
Cəmiyyətimiz üçün qeyri-ənənəvi görünüşə sahib dostlarımdan biri 8 Mart yürüşündə iştirak etmişdi. Qadınlardan biri onun üzərinə hücum çəkib, saçlarını yolub, vurub və “Azərbaycan kişisi sənin kimi olmamalıdır” deyib. Ona görə ki, onun uzun və rəngli saçları və pirsinqləri var idi. Əsl səbəb isə onun qadın olmasa belə, qadın haqları üçün orda olması idi. Görünüşü sadəcə bəhanə idi. Çünki tək hücuma məruz qalan o deyildi.
8 Mart günü yanımda olan dostlarımdan biri yürüşdə iştirak edən tanışlarımızdan biri ilə əlaqə saxlamışdı. O, baş verənləri bizə təfərrüatı ilə danışdı və yürüş iştirakçılarının polis bölməsinə aparılıb-aparılmadığını soruşanda dedi ki: “Qadınları zorla metroya salıb vaqonlara mindirdilər, kişiləri isə sorğu üçün polis bölməsinə apardılar.”
Bakıya qayıtdıqdan sonra yürüşdə iştirak etmiş digər bir dostumla əlaqə saxladım. Polis bölməsinə aparılanlardan biri də o idi. Sorğu barədə soruşanda danışdıqları 3 ilə yaxın bir müddətdir apardığım mübarizədən sonra mənim üçün çox ağır idi. Polislər kişiləri zorla maşına mindirib polis bölməsinə aparıblar. Dostum deyir, bizə maşında deyirdilər ki: “Kişisiz, niyə qoşulmusuz bunlara? Kişi qadının üstündə ağalıq edər. Onlar a.. əmənlərdir, lezbiyan fahişələrdir. Lezbiyanların aksiyasına qoşulmusunuz, siz də petuşoksuz. Sizə kişi necə olar göstərəcəyik.” Sorğu zamanı onlardan cinsi oriyentasiyaları soruşulub və bunu da soruşma şəkilləri belə olub: “ Düzünü deyin, siz o xəstələrdən deyilsiz? Əgər siz də elələrindənsizsə, etiraf edin. Onsuz da yoxlayacayıq. Etiraf etsəniz, sizi buraxacayıq, gedəcəksiz. Biz o xəstələri burda saxlamırıq. O xəstələrin burda yeri yoxdur.”
Yürüş iştirakçısı olan qadınların metroya, vaqonlara zorla salınıb, kişilərin sorğu üçün polis məntəqəsinə aparılması isə aşkar diskriminasiyadır. Qadın hüquqları uğrunda, qadınların çoxluq təşkil etdiyi yürüşdə mən ən azından izlədiyim ona yaxın videoya əsasən deyə bilərəm ki, polis qadın görmədim və təbiidir ki, polis kişi qadını tutub aparmayaraq pozitiv diskriminasiya etdiyini zənn edə bilər. Digər tərəfdən, yürüşdə iştirak edən kişi cinsli fərdlər qadınlara nisbətən çox az olub, say bərabərliyinə yaxınlaşılmayıb belə. Buna görə də tez gözə çarpmaları normaldır. Üstəlik, sayca az olmaqdan əlavə, aralarında birlik olmayıb və 4-5 nəfər sorğu üçün məcburi şəkildə polis bölməsinə aparılıb. Dostum dedi ki, onu 2-3 polis məcburi, sürüyərək polis maşınına aparıb. Polisin məqsədi onlara “əsl Azərbaycan kişisi olub arvadları qapazaltı etməyi” öyrətmək olub.
Yürüşdə iştirak edən qadınlara lezbiyan deyə xitab edilməsi məsələsinə gəldikdə, bu ifadəni az öncə qeyd etdiyim kimi həm polis, həm də yürüş iştirakçılarına hücum çəkib zorakılıq edən qadınlar istifadə edib. Bakıya gəlməzdən əvvəl 8 Mart yürüşündə Bakıda baş verənləri müzakirə edəndə media sahəsində fəaliyyət göstərən bir tanışım demişdi ki, yürüşən mane olmaq üçün həmin qadınlara propaqanda aparıblar ki, guya yürüşün məqsədi eynicinsli evlilikləri Azərbaycanda leqallaşdırmaqdır. “Yürüş ona görə keçirilir ki, qadınlar qadınlarla evlənə bilsin.” Bunu təsdiqi isə özünü o qadınların işlətdiyi ifadələrdə göstərir. "Kül sizin başınıza, qadın qadınla evlənsin deyə aksiya edirsiniz, buna icazə verməyəcəyik, sizə kişi tapacağıq" kimi ifadələr işlədib, yürüş iştirakçılarına hücüm edib, onları döyüblər, polislər isə qarşısını almağa belə çalışmayıb.
2017-ci ilin sentyabr ayında baş vermiş reydlər zamanı ölkə polisinin LGBTKİA+ icmasının kişi cinsində doğulan nümayəndələrinə göstərdiyi zorakılıq nəticəsində homofobiya və transfobiyanın şahidi olmuşduq. Polisin burada yaza bilməyəcəyim qədər iyrənc ifadələrlə lezbiyanlara xitab etməsi, qadın hüquqları və qadına zorakılıqla mübarizə yürüşünün qarşısının alınması üçün insanların homofobiyasını istifadə etməsi ilə yenidən qanun keşikçilərinin biz icma nümayəndələri üçün etibarlı olmadığını öyrənmiş olduq. Bu ölkədə qadın doğulmaq və qadın bədəni ilə azad yaşamaq kifayət qədər çətin ikən, üstəlik, bir də həmcinsini sevmə ehtimalı olanda mizogenik çoxluğun gözündə “pak toplumlarının ləkəsi” olursan. Çox hörmətli qanun keşikçiləri və qeyrətimizin keşikçisi Azərbaycan kişiləri “uşaq doğur - anadır” deyə hörmət etdiyi qadını meydanda mübarizədə görəndə “yiyəsiz”, “əxlaqsız”, “fahişə” və ya lezbiyan olaraq görür və gözünün önündə zorakılığa məruz qalmasına baxıb sadistcə həzz alır.
Yuxarıda qeyd etdiyim məlumatlar bir neçə sual yaradır:
8 Mart günü “Qadına Qarşı Zorakılığa Qarşı Get” məqsədi ilə keçirilən yürüşdə baş verən hücumlar və zorakılıq nəyin göstəricisi idi?
Sübh çağı heç kimin olmadığı boş küçələrdə belə üzlərini sadəcə gözləri görünəcək qədər bağlayan qadınların üzləri açıq, medianın önündə yürüş iştirakçılarını süpürgələri ilə uzaqlaşmağa çalışmasına təkan verən hansı qorxu, hansı nifrətdir?
Bütün gördüklərimiz sadəcə cəmiyyətimizdəki mizoginiyanımı ( qadınlara nifrət və qərəz) göstərirdi?
Mizoginiya kimi bizə təqdim olunan nifrətin propaqandası eynicinsli nikahlarla aparılıbsa, bu əslində homofobiya deyilmi?
Ölkə polisi bizim hüququmuzu pozursa və hüququmuzun pozulmasına göz yumursa, biz LGBTKİA+ fərdlər hüquqlarımız pozulduqda kimə müraciət etməliyik?
Müəllif: Raven
Powered by Froala Editor