Ədliyyə naziri mənəvi dəyərlərin müdafiəçilərinin əfv olunmasını təklif edir

Rusiya Federasiyasının ədliyyə naziri Konstantin Çuyçenko hesab edir ki, mənəvi dəyərlərin müdafiəsi cinayət məsuliyyətindən azadolmanın üçüncü əsasına çevrilə bilər. O, bu fikri Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda (SPBHF) çıxışı zamanı səsləndirib.

“Mənim belə bir təklifim var: gəlin fikirləşək, bəlkə biz ədalətli hökm çıxarmaq üçün cinayət məsuliyyətindən azadolmanın üçüncü əsasını tətbiq edək? Hazırda qanunla bu yalnız zəruri müdafiə və ya son zərurət halında mümkündür. Bəs əgər insan mənəvi dəyərləri müdafiə edibsə?” — Çuyçenkonun sözlərini TASS sitat gətirir.

Nazir məsələyə nümunə kimi Kursk vilayətində guya Ukrayna hərbçilərini “dəyərlər uğrunda” öldürən şəxsləri göstərib. Digər bir misal isə — qızını zorlayan şəxsi öldürən və 8 il azadlıqdan məhrum edilən ata olub. Nazir bu halların real cinayət işləri olub-olmadığını dəqiqləşdirməyib.

“Mənəviyyat hüquqda əks olunmalıdır və hüquq da mənəvi olmalıdır. Hazırda bizim Cinayət və Cinayət-Prosessual Məcəllələrimiz ədalət anlayışını törədilmiş əməllə cəzanın mütənasibliyi kimi şərh edir”, — deyə o əlavə edib.


Powered by Froala Editor