Röya və Murad Arifdən vizual kodlarda gender və kimlik oyunu?
“Bumeranq” musiqi videosunun analizi
26/May/25
154
Röya və Murad Arifdən vizual kodlarda gender və kimlik oyunu?
Röya və Murad Arifin “Bumeranq” adlı yeni musiqi videosu yalnız bir ayrılıq hekayəsi deyil — həm də vizual və performativ səviyyədə gender rolları, digital təhrif və özünüifadə haqqında bir sorğulama təklif edir. Mahnının sözləri sevgidən bəhs etsə də, klipin estetikası çoxqatlı və simvolik bir dünyaya qapı açır.
“Məni olduğum kimi qəbul elə, və dəyişdirmə” — bu sətir yalnız romantik münasibətə deyil, eyni zamanda insanın öz kimliyi ilə qəbul olunmaq ehtiyacına toxunur. Röya bu klipdə bir qadın obrazı kimi görünür, amma tez-tez onun genderə dair təsviri dəyişir: kişi əlləri ilə qidalanır, kişi kölgələri onun hərəkətini izləyir, onun dodaqları Muradın üzünə proyeksiya edilir.
Murad da digital femininliklə təmas qurur — ekranda görüntülənən dodaqlar, parlaq geyimlər və sırğalarla gender sərhədləri yenidən qurulur. Bu vizual oyunlar kuir estetikanı təqdim etmir, lakin onu mümkünlük kimi təklif edir.
“Bumeranq” metaforu həm romantik qayıdışı, həm də cəmiyyətin təkrar-təkrar israr etdiyi gender gözləntilərinə bir cavab kimi oxuna bilər. Rəqəmsal ekranlar, kölgə oyunları və bədən fraqmentasiyası vasitəsilə klip sanki müasir kimliklərin qeyri-sabitliyini və çoxluğunu səhnələşdirir.
Murad Arifin LGBTQİ+ məsələlərində əvvəllər ifadə etdiyi pozitiv yanaşma nəzərə alınarsa, bu cür vizual dilin təsadüfi olmadığını düşünmək olar. Röya isə burada özünü bir obraz olaraq təqdim edir — davamlı transformasiya içində olan bir simvol. Sabit yox, axıcı.
Powered by Froala Editor