Zahid Oruc “gender bərabərliyi” anlayışına qarşı çıxıb

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc mayın 29-da keçirilən parlament iclasında “gender bərabərliyi” anlayışına qarşı sərt mövqe nümayiş etdirib. O, bu anlayışların milli dəyərlərə, hüquq sisteminə və ailə institutuna təhlükə yaratdığını bildirib.

“Əlbəttə, Avropa Şurası qarşısında götürdüyümüz öhdəliklər başadüşüləndir. Hüquqi normaların beynəlxalq standartlara uyğunlaşdırılması vacibdir. Ancaq ‘gender’ anlayışı ictimai leksikonumuza bir növ yumşaq güc kimi daxil olub və artıq əleyhimizə çevrilməkdədir,” – deyə Oruc vurğulayıb.

Deputat qeyd edib ki, bu terminlərin arxasında məqsədli ideoloji yanaşmalar durur, lakin konkret olaraq misal çəkməyib. Onun fikrincə, ailə siyasəti müzakirə olunursa, “müqəddəs ailə institutunu” qorumaq əsas götürülməli və gender kimi terminlərdən imtina edilməlidir.

Zahid Orucun bu çıxışı Türkiyədəki son rəsmi qərarlarla rezonans doğurur. Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinə bağlı Ailə və Toplum Xidmətləri Baş İdarəsi 81 vilayətə və aidiyyəti dövlət qurumlarına göndərdiyi məktubda “toplumsal cinsiyet”, “cinsiyet kimliği”, “cinsel yönelim” və “kapsamlı cinsellik eğitimi” kimi anlayışlara qarşı vahid mövqe bildirilməsini tələb edib. Yazı LGBTİ+ları açıq şəkildə hədəf alıb və bu anlayışların “qadınlara, uşaqlara və cəmiyyətə zərər verdiyini” iddia edib.

ABŞ-da isə Prezident Donald Trump 20 yanvar 2025-ci ildə 14168 saylı İcra Sərəncamını imzalayaraq federal hökumətin yalnız doğumda təyin olunan iki dəyişməz cinsi – kişi və qadını – tanımasını əmr edib.

Powered by Froala Editor