Rusiya müəllimləri, British Council və LGBTİ+ hərəkatını yeni repressiya dalğasında hədəfə alıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX), Böyük Britaniyanın mədəniyyət və təhsil sahəsində fəaliyyət göstərən qurumu olan British Council-ı Britaniya kəşfiyyatının örtüyü altında fəaliyyət göstərməkdə və ölkədə artıq kriminallaşdırılmış LGBTİ+ hərəkatını dəstəkləməkdə ittiham edib.

FTX-in cümə axşamı yaydığı bəyanatda bildirilir ki, Rusiyanın dörd regionunda yerləşən aparıcı universitetlərin müəllimləri British Council ilə əməkdaşlıq edib və bu əməkdaşlıq “Rusiya Federasiyasının təhlükəsizliyinə zərər vurub”. Rusiya Baş Prokurorluğu da bu bəyanatı dəstəkləyərək, British Council-ı “arzuolunmaz təşkilat” elan edib — bu status adətən hökumətə müxalif olan yerli və xarici QHT-ləri susdurmaq üçün istifadə olunur.

Arzuolunmaz təşkilat” elan olunan British Council 2018-ci ildən Rusiyada fəaliyyət göstərməyib. Bununla belə, Rusiya orqanları bu qurumu “LGBT hərəkatını fəal şəkildə dəstəkləməkdə”, gənclərə təsir edən siyasətləri yaymaqda və ənənəvi rus dəyərlərinə qarşı çıxmaqda günahlandırır.

British Council dünyada tanınmış IELTS ingilis dili imtahanını təşkil edən, beynəlxalq təhsil proqramlarını maliyyələşdirən və mədəniyyətlərarası dialoqa töhfə verən qurumdur. FTX isə iddia edir ki, təşkilat vasitəsilə Britaniya kəşfiyyatı ukraynalı qaçqınlardan istifadə edərək Rusiya qoşunlarının Ukraynanın işğal olunmuş ərazilərindəki mövqeləri barədə məlumat toplayıb.

Siyasi analitiklər xəbərdarlıq edir ki, bu cür bəyanatlar Rusiyanın getdikcə sərtləşən rejiminin yeni bir taktikasıdır,  təhsil, gənclik və qərb dəyərləri, xüsusilə də queer identikliyi təhlükə kimi təqdim olunur. Akademik mühit, beynəlxalq əməkdaşlıq və LGBTİ+ hüquqları “ideoloji diversiya” adı ilə hədəfə çevrilir.

Moskva və London arasında münasibətlər son illərin ən aşağı səviyyəsindədir və Rusiya rəsmiləri artıq Böyük Britaniyanı “bir nömrəli düşmən” adlandırır. British Council-a qarşı bu hücum həm daxili repressiyanı legitimləşdirmək, həm də Qərbə qarşı bir mesaj göndərmək məqsədi daşıyır: xarici təsirlər — xüsusilə queer dəyərlər — Rusiyada istənilmir.

Artıq ciddi cinayət məsuliyyətinə məruz qalan və ictimai həyatdan silinən LGBTİ+lar Rusiya rejimi tərəfindən növbəti dəfə geosiyasi qarşıdurmada alətə çevrilirlər. Və bir vaxtlar xalqlar arasında körpü rolunu oynayan mədəni və təhsil əlaqələri indi repressiya silahına çevrilib.

Hazırkı vaxta qədər nə British Council, nə də Böyük Britaniya Xarici İşlər Nazirliyi bu ittihamlarla bağlı açıqlama verməyib.



Powered by Froala Editor