Fransada qatar bileti alarkən məcburi gender seçimi ləğv edilib

Fransa Ali İdarə Məhkəməsindən qərar: Qatar bileti alarkən məcburi gender seçimi ləğv edilib

Milli dəmiryolu şirkətinin qatar bileti alışı zamanı sərnişinləri “qadın” və ya “kişi” seçimlərindən birini seçməyə məcbur edən tətbiqi ləğv edilib.

Fransa Ali İdarə Məhkəməsi (Conseil d’État) ölkənin milli dəmiryolu şirkəti SNCF-nin qatar bileti alışı zamanı sərnişinləri “kişi” və ya “qadın” seçimlərindən birini seçməyə məcbur edə bilməyəcəyinə qərar verib. 31 iyul tarixli qərar, ilin əvvəlində LGBTİ+ hüquqları üzrə fəaliyyət göstərən Mousse Assosiasiyası tərəfindən açılmış məhkəmə işində Avropa İttifaqı Ədalət Məhkəməsinin verdiyi qərardan sonra elan olunub.

ILGA-Avropanın  internet saytında yer alan xəbərə görə, iddia milli dəmiryolu şirkətinin üçüncü və ya neytral seçim təqdim etmədən müştəriləri gender seçməyə məcbur edən uzunmüddətli praktikasına qarşı qaldırılıb.

Məhkəmə belə məlumatların toplanmasının nəqliyyat müqaviləsinin icrası və qanuni kommersiya maraqları üçün zəruri olmadığına hökm verib.

ILGA-Avropanın baş strateji məhkəmə işləri üzrə əməkdaşı Mari-Helene Ludwig qərarı belə şərh edib:

“Şirkətin artıq qərara əməl edərək lazımsız məlumat toplama praktikasını dayandırması böyük bir qələbədir. Digər şirkətlərin və dövlət qurumlarının da Aİ Ədalət Məhkəməsinin qərarına əməl edərək, gündəlik həyatlarında yanlış gender göstəricilərini seçməyə məcbur edilən qeyri-ikili və trans şəxslər üçün daha inklüziv xidmətlər təqdim etməsini səbirsizliklə gözləyirik.”

Powered by Froala Editor