Bakı polisi Formula 1 ərəfəsində LGBTQİ+ları saxlayıb

Trans qadın Aydan bildirib ki, keçən həftə Formula 1 yarışına hazırlıq çərçivəsində Bakı polisi şəhərin Malakan bağı parkında oturan çoxlu sayda LGBTQİ+ları əsassız şəkildə bölmələrə aparıb. Onlardan yarış günlərində ictimaiyyət arasında görünməmələri və parklarda yığışmamaqları tələb olunub.

Aydan hesab edir ki, polisin bu addımı şəhərdə turistlərin çoxalacağı dövrdə “estetikanı qorumaq” məqsədi daşıyır.

Trans qadın Rimanın da həmin gün saxlanılaraq həbs edildiyi deyilib. Onun yaxın dostu Aydan Minority Azərbaycan-a açıqlamasında bildirib: “Rima həmin gün bölməyə aparılan şəxslərdən biri olub. O, orada saxlanılma səbəbini soruşduqda əsəblərinə hakim gələ bilməyib və səsini yüksəldib. Buna görə polislər onu qanunsuz şəkildə həbs edib, şərləyiblər. Daha sonra bəzi xəbər saytları onun guya narkotik istifadəçisi olduğunu və insanları şantaj etdiyini yazaraq şəxsiyyətini ləkələməyə çalışıblar.”

Yaxınları onun heç vaxt narkotik istifadə etmədiyini və bunun təbliği ilə məşğul olmadığını deyiblər. 

Sosial şəbəkə portallarında Rimanın istifadə etmədiyi ad və soyad ilə mənbəsiz ittihamlar paylaşılıb.

Məlumata görə, Rima hazırda Binəqədi Rayon Polis İdarəsində saxlanılır.

Aydan və digər LGBTQİ+lar baş verənlərdən narahat olduqlarını və eyni aqibəti yaşamaqdan ehtiyat etdiklərini bildiriblər. Onlar Rimanın nə səbəbdən və harada saxlanıldığını öyrənmək istəyirlər.

Minority Azərbaycan Rimanın saxlanıldığı deyilən idarə ilə əlaqə saxlayıb. Lakin polis idarəsi şəxsi məlumatların məxfiliyini əsas gətirərək onun haqqında məlumat verməkdən imtina edib.

Aleks Şah



Powered by Froala Editor