Avropa Şurası intersekslərin hüquqlarını qorumaq üçün ilk standartı qəbul edib

7 oktyabr 2025-ci il tarixində Avropa Şurası Nazirlər Komitəsi “Interseks şəxslərin bərabər hüquqları haqqında Tövsiyə”ni (CM/Rec(2025)7) qəbul edib. Bu sənəd Avropa miqyasında interseks şəxslərin insan hüquqlarının müdafiəsinə dair indiyədək qəbul edilmiş ən geniş çərçivəli sənəd hesab olunur.

Sənəd Avropa Şurasına üzv 46 dövlətin, o cümlədən Azərbaycanın, yekdil razılığı ilə qəbul edilib. Tövsiyə üzv dövlətlərə interseks insanların hüquqlarının təmin olunması, zorakılıq və ayrı-seçkilik hallarının aradan qaldırılması, eləcə də tibbi müdaxilələrin yalnız şəxsin azad, məlumatlı və əvvəlcədən razılığı əsasında həyata keçirilməsi barədə konkret istiqamətlər təqdim edir.

Tövsiyədə interseks şəxslərin bədən toxunulmazlığı, ədalətə çıxış, sağlamlıq, təhsil, məşğulluq və idmanda bərabərlik hüquqlarının təmin olunması, həmçinin nifrət cinayətləri və nifrət nitqlərinə qarşı mübarizənin gücləndirilməsi kimi məsələlər əhatə olunur. Sənəd həmçinin üzv ölkələrə cinsiyyət xüsusiyyətlərinə görə ayrı-seçkiliyin qadağan edilməsini və interseks insanların ailə, şəxsi həyat və sığınacaq hüquqlarının qorunmasını tövsiyə edir.

Avropa Şurası sənədin icrasına nəzarət edəcək və üzv dövlətlərdən milli qanunvericiliyin bu prinsiplərlə uyğunlaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat vermələrini tələb edəcək.

Avropa interseks hüquqları üzrə aparıcı təşkilatlar — OII Europe və ILGA-Europe — bu tövsiyəni “interseks hüquqları üçün dönüş nöqtəsi” adlandırıb və onun bütün Avropa ölkələrində, o cümlədən Azərbaycanda tətbiqinin vacibliyini vurğulayıb.

Azərbaycan Avropa Şurasının üzvü kimi bu tövsiyənin tətbiqi istiqamətində addımlar atmaq öhdəliyinə malikdir. Minority Azərbaycan hesab edir ki, bu sənədin prinsiplərinin milli qanunvericilikdə əks olunması, xüsusilə də “cinsi xüsusiyyətlərə görə ayrı-seçkiliyin qadağan olunması”, “məlumatlı razılıq prinsipi” və “bədən toxunulmazlığının qorunması” kimi müddəaların tətbiqi vacibdir.

İnsan hüquqları sahəsində fəaliyyət göstərən təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri bu istiqamətdə maarifləndirici fəaliyyətlərin, monitorinqlərin və qanunvericilik təşəbbüslərinin gücləndirilməsinə çağırılır.

Avropa Şurasının interseks hüquqlarına dair yeni tövsiyəsinin tam mətni ilə buradan tanış olmaq mümkündür: CM/Rec(2025)7 – Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyəsi

Powered by Froala Editor