QİÇS-lə Mübarizə Mərkəzi İİV profilaktikası üzrə silsilə təlimlərə başlayıb
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə i İİV profilaktikası üzrə silsilə təlimlərə başlayıb
10/Oct/25
59
QİÇS-lə Mübarizə Mərkəzi İİV profilaktikası üzrə silsilə təlimlərə başlayıb
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə 2025-ci il üçün nəzərdə tutulan təlim proqramı çərçivəsində “Autriç işinin təşkili və vəzifələri, Təmasdan öncə (TÖP) və Təmasdan sonra (TSP) profilaktika, ağız suyu əsaslı testlərlə İİV-in müayinəsi” mövzusunda silsilə təlimlərə start verib.
İlk təlim İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma riski yüksək olan əhali qrupları ilə işləyən qeyri-hökumət təşkilatlarının əməkdaşları üçün təşkil olunub. Tədbirdə KCK, TGK və SBİ həssas qrupları ilə çalışan sosial işçilər və autriç mütəxəssislər iştirak edib.
Təlimin məqsədi həssas qruplar arasında İİV infeksiyasının ötürülməsinin qarşısını almaq, erkən müayinə və müalicəyə çıxışı gücləndirməklə virusun yayılma səviyyəsini azaltmaq və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı ölüm hallarını minimuma endirməkdir.
İştirakçılara İİV/QİÇS-in ötürülmə yolları, profilaktik proqramların əhəmiyyəti, TÖP və TSP mexanizmləri, habelə tüpürcək əsaslı testlərdən istifadə qaydaları barədə ətraflı məlumat verilib. Təlimdə həmçinin Azərbaycanda İİV epidemiyasının hazırkı vəziyyəti, stigmanın (damğalanmanın) və diskriminasiyanın azaldılması, autriç işinin prinsipləri mövzularında təqdimatlar maraqla qarşılanıb.
Minority Azərbaycan qeyd edir ki, İİV-lə mübarizə tədbirlərinin səmərəliliyi üçün profilaktika proqramlarının kişilərlə cinsi əlaqədə olan kişilər, gey, biseksual və qeyri-heteroseksual kişilər kimi həssas qrupları da tam şəkildə əhatə etməsi vacibdir.
Bu qrup nümayəndələrinin TÖP (Təmasdan öncə profilaktika) və TSP (Təmasdan sonra profilaktika) proqramlarına daxil edilməsi, onların müayinəyə və məlumatlandırma xidmətlərinə bərabər çıxışının təmin olunması ictimai sağlamlıq baxımından prioritet istiqamət olmalıdır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin bu təlimlərdə və gələcək fəaliyyət planlarında LGBTQİ+ icması ilə əməkdaşlığı genişləndirməsi, həmçinin autriç işçiləri və sosial mütəxəssislərin bu mövzuda xüsusi təlimləndirilməsi İİV-in yayılmasının qarşısını almaqda mühüm rol oynaya bilər.
Minority Azərbaycan təşkilatı bütün aidiyyəti dövlət qurumlarını, səhiyyə müəssisələrini və qeyri-hökumət təşkilatlarını İİV profilaktikası sahəsində inklyuziv və stigma azaldan yanaşmanı gücləndirməyə, eyni zamanda LGBTQİ+ icmasının ehtiyaclarını nəzərə almağa çağırır.
Powered by Froala Editor