Slovakiyanın anti-LGBTQİ+ qanun dəyişikliyi Aİ gündəmində
Slovakiya parlamenti ölkədəki LGBTQİ+ların hüquqlarını ciddi şəkildə məhdudlaşdıran konstitusiya dəyişikliyini təsdiqləyib
11/Oct/25
129
Slovakiyanın anti-LGBTQİ+ konstitusiya dəyişikliyi Aİ-nin gündəmindədir
Slovakiya parlamenti ölkədəki LGBTQİ+ların hüquqlarını ciddi şəkildə məhdudlaşdıran konstitusiya dəyişikliyini təsdiqləyib. 26 sentyabrda qəbul edilən dəyişiklik sənədi yalnız “iki cinsiyyəti” – kişi və qadını – tanıyır, həmçinin surroqat analığı və eyni cinsdən olan şəxslərin nikahını qadağan edir.
Slovakiya Konstitusiya Məhkəməsinin sabiq sədri və Avropa İttifaqı Ədalət Məhkəməsinin keçmiş baş prokuroru Ján Mazák bu qərarı kəskin tənqid edib. Onun sözlərinə görə, “əgər Slovakiya Avropa İttifaqına üzv olmaq üçün danışıqlara belə bir sənədlə gəlsəydi, onu dərhal qapıdan geri qaytarardılar.”
Mazák Euractiv portalına açıqlamasında bildirib ki, Avropa Komissiyasının artıq Slovakiyaya qarşı pozuntuya görə məhkəməyə müraciət etmək üçün hüquqi əsaslar mövcuddur. Avropa İttifaqı Müqaviləsinin 258-ci maddəsinə görə, Brüssel İttifaq qaydalarını pozan üzv dövlətlərə qarşı rəsmi hüquqi proses başladaraq onların qərarlarını dəyişməyə məcbur edə bilər.
Avropa Komissiyası rəsmi bəyanatında Slovakiya parlamentinin Avropa hüququnun üstünlüyü prinsipinə dair narahatlıqları nəzərə almamasından “dərin təəssüf” hissi keçirdiyini bildirib. Avropa İttifaqının Ədalət üzrə komissarı Michael McGrath isə məsələ ilə bağlı qeyd edib ki, “Avropa hüququnun üstünlüyü müzakirə mövzusu deyil və danışıqlara açıq deyil.”
Trnava Universitetinin Konstitusiya Hüququ kafedrasının rəhbəri Marek Káčer hesab edir ki, Avropa Komissiyasının pozuntuya görə məhkəməyə müraciət etmək ehtimalı ən real ssenaridir. Onun sözlərinə görə, qəbul edilən dəyişikliklər təhsil və elmi-tədqiqat layihələri kimi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən proqramların idarə olunmasına mane olarsa, Aİ fondlarının müvəqqəti dayandırılması da gündəmə gələ bilər.
Powered by Froala Editor