Türkiyə LGBTQİ+lara qarşı sərt məhdudiyyətlər nəzərdə tutur

Türkiyədə 11-ci “Qanunlar Paketi” LGBTQİ+ icmasına qarşı sərt məhdudiyyətlər nəzərdə tutur.

Türkiyədə yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyi gözlənilən 11-ci “Qanunlar Paketi” layihəsi ictimai müzakirələrə səbəb olub. Qanun layihəsində LGBTQİ+ icmasına qarşı sərt məhdudiyyətlər və yeni cinayət tərkibləri nəzərdə tutulur. Bu barədə Kaos GL məlumat verib. 

Layihəyə əsasən, Türk Cinayət Məcəlləsinin “Hayasızca hərəkətlər” başlıqlı 225-ci maddəsinə dəyişiklik ediləcək və “doğuşdan gələn bioloji genderə və ümumi əxlaqa zidd davranışları təbliğ və ya təşviq edən şəxslər” üçün bir ildən üç ilədək azadlıqdan məhrumetmə cəzası təyin olunacaq.

Həmçinin eyni-cinsli şəxslərin “nişan və ya evlənmə mərasimi” təşkil etməsi halında bir il altı aydan dörd ilədək həbs cəzası nəzərdə tutulur. Yeni qanun layihəsi LGBTQİ+ icmasını əks etdirən serial və filmləri yayımlayan rəqəmsal platformalara da şamil ediləcək.

Qanun layihəsinin əsaslandırmasında bu dəyişikliklərin “sağlam nəsillərin yetişdirilməsi və ailə institutunun qorunması” məqsədi daşıdığı qeyd olunur.

Eyni zamanda, “gender dəyişdirmə əməliyyatı” ilə bağlı qaydalar da sərtləşdirilir. Mövcud qanunvericilikdə 18 yaş olan gender dəyişmə yaşı 25 yaşa qaldırılır. Əməliyyata icazə verilməsi üçün şəxs evli olmamalı, Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən tam təchizatlı tədris və tədqiqat xəstəxanasından dörd mərhələli rəsmi sağlamlıq heyəti rəyi təqdim etməlidir.

Qanun layihəsində əlavə olaraq “qanuna zidd gender dəyişdirmə əməliyyatı aparan” şəxslərə üç ildən yeddi ilədək həbs və min gündən on min günədək inzibati cərimə cəzası təklif olunur.

Layihənin ümumi əsaslandırmasında “ailə institutunun qorunması, cəmiyyətin ümumi əxlaq və dəyərlərinə qarşı yönələn hücumların qarşısının alınması və cinsiyyətsizləşdirmə axınlarına qarşı mübarizə” məqsədi xüsusi vurğulanır.

Yeni qanun layihəsi qəbul olunarsa, Türkiyədə LGBTQİ+ icmasının fəaliyyətinə, media məzmununa və fərdi hüquqlara ciddi məhdudiyyətlər gətiriləcəyi ehtimal edilir.



Powered by Froala Editor