Türkiyədə LGBTQİ+ icması 11-ci “Qanunlar Paketi”nə qarşı ölkə miqyasında etiraz aksiyaları keçirib

Türkiyənin bir sıra şəhərlərində LGBTQİ+ icması və insan haqları müdafiəçiləri 11-ci “Qanunlar Paketi” adlanan yeni qanun layihəsinə qarşı etiraz aksiyaları keçiriblər. Layihə LGBTQİ+lara həbs cəzası verilməsini və gender keçidi əməliyyatı yaşının 25-ə qaldırılmasını nəzərdə tutur.

Etirazçılar qanun layihəsini “insan haqlarına, bədən muxtariyyətinə və şəxsi azadlıqlara açıq hücum” kimi qiymətləndiriblər.

“İnsani haqlarımızı əlimizdən almağa imkan verməyəcəyik”

17 oktyabr tarixində Ankara, İstanbul, İzmir, Çanakkale və bir çox şəhərdə universitet tələbələri və hüquq müdafiəçiləri küçələrə çıxıblar.

Hacettepe Universitetində tələbələr “Nifrətə inad, yaşasın həyat!” və Bilkent Universitetində isə “Dövlət, əlini bədənimdən çək!” şüarları səsləndirərək yürüş ediblər. Aksiyalardan sonra təxminən otuz nəfər tələbə polis tərəfindən saxlanılıb.

Orta Doğu Texniki Universitetinin (ODTÜ) tələbələri isə rektorluq binasına yürüş edərək nəhəng göy qurşağı bayrağı açıblar. Onlar yayımladıqları bəyanatda bildiriblər:

“Qaranlıq zamanlarda ümidsizliyə qapılmağın asan olduğunu bilirik, amma qoy burada bir yerdə olmağımız sizə müqavimət və həmrəyliyi xatırlatsın. Hökumət zorakılığını artırdıqca, müqavimətimiz güclənəcək, lubunya. Ailə təzyiqinə, sosial zorakılığa və ya hüquq-mühafizə orqanlarının təqiblərinə boyun əyməmişik; qanunlara da boyun əyməyəcəyik. İnsan haqlarımızı əlimizdən almağa imkan verməyəcəyik.”

Ankara Qürur Həftəsi Komitəsi və İnsan Haqları Dərnəyinin (İHD) Ankara şöbəsi də birgə açıqlama verərək vurğulayıblar:

"Həmrəyliyimiz qəzəbimiz qədər güclüdür; mübarizəmiz sərhəd tanımır. Bədənimiz, kimliyimiz, həyatımız bizimdir. Heç bir qanun, heç bir diskurs, heç bir təzyiq və ya nifrət bu reallığı dəyişdirə bilməz".

“Kimliyimizdən, sevgimizdən, qürurumuzdan imtina etməyəcəyik”

İstanbul Qürur Həftəsi və Trans Qürur Həftəsi tərəfindən təşkil olunmuş aksiyanın iştirakçıları Kurtuluş məhəlləsində toplanaraq yürüş keçiriblər. Etirazçılar bəyan ediblər:

"Sülh müzakirə olunarkən siz LGBTİ+ları mövcudluğumuza görə mühakimə etmək istəyirsiniz. Siz biz LGBTİ+lara qarşı müharibə elan etməklə sosial sülh qura bilməzsiniz! Təkrar edirik: kimliyimizdən, sevgimizdən, qürurmuzdan imtina etməyəcəyik."

Memar Sinan Universitetində Kuir Baykuş qrupların 11-ci “Qanunlar Paketi” ilə bağlı birgə bəyanatını oxuyaraq, "Bütün gücümüzlə buna qarşı çıxacağıq" deyib.

Yeditepe Universitetinin tələbələri "LGBTQ+ları, transları və cəmiyyətin gender rollarına sığmayan bütün insanları hədəf alan bu qanun layihəsini qəbul etmirik!"

Qrupların birgə bəyanatı Boğaziçi Universitetinin Cənub Kampusunda da oxunub. Tələbələr “Gəlin, bu faşist nizam və planlara qarşı var gücümüzlə birlikdə dayanaq, ləyaqətli həyatı birlikdə qoruyaq,” deyiblər..

“Bıdənlərimiz üzərində faşizm qurulur”

Çanakkale Qürur Həftəsi Saat Qülləsi önündə keçirilən aksiyada bildirib:

"Bədənlərimiz üzərində faşizm qurulur. Bu qanuna qarşı mübarizə zorakılığı tamaşaya çevirən bir nəfərlik rejimin cəmiyyəti idarə etməsinə imkan verməmək deməkdir".

Powered by Froala Editor