“Bizim həyatımız çətin deyil. Bizim həyatımız yoxdur.”
Lənkərandan dünyaya sığınacaq axtaran bir kuir tələbənin hekayəsi
27/Nov/25
69
“Bizim həyatımız çətin deyil. Bizim həyatımız yoxdur.”
Lənkərandan dünyaya sığınacaq axtaran bir kuir tələbənin hekayəsi
Ad şərti olaraq dəyişdirilib; müsahibimiz “İ.A.” kimi kodlaşdırılıb.
Bir kənd toyunda, qohum-əqrəba içində bir uşaq var – maşın oyuncağı istəmir, dalaşmaq, güləşmək, vurub-sındırmaq istəmir. O, daha sakit, daha intellektual, daha zərifdir. Dörd yaşından etibarən ətrafındakı böyüklər ona “qız kimidir”, “Allah qız yaratmalıymış, çaşıb oğlan yaradıb” deyə lağ edir; talışca homoseksual kişiyə deyilən təhqiramiz “jennər” sözü artıq onun adı kimi dolaşır.
Bu uşağın böyüdüyü məkan Azərbaycanın cənubunda, Lənkərandır. İllər sonra o, özünü açıq şəkildə “gender-nonkonform kuir” kimi tanıyacaq, amma uşaqlıqda bildiyi tək şey var idi: hamı ondan nifrət edir, özü də anlamadan.
İ.A. danışdıqca bir cümlə təkrar-təkrar səslənir:
“Bizim həyatımız çətin deyil. Bizim həyatımız yoxdur.”
“Qız, petux, gey” – zorbalığın ilk dili
İ.A. uşaqlığını xatırlayanda həm istilik, həm də dərin bir qaranlıqdan danışır. Ailənin sonbeşiyidir, anasına bağlı, atasına isə emosional olaraq yad.
“Uşaqlığım yadımıza düşəndə o gözəl xatirələrin yanında bir də həmişə qaranlıq bir ləkə gəlir – camaatın ‘bunu niyə qız kimi böyütmüsünüz?’ sözü.”
Yuxarıdan ailə içi zarafat kimi görünən sözlər, aşağıda bir uşağın psixikasını oyub dağıdır: “qız kimidir”, “arvaddır elə bil”, “qızoğlandır”. Sonra ingiliscə söz oyunu baş verir – bacıları ona “gey” deyə bullinq etməyə başlayır, o isə bu sözü ilk dəfə evdə və təhqir kimi eşidir.
Məktəbdə daha sərt bir mərhələ başlayır. Sinfin “dəcəlləri” sadəcə adla çağırmır, bədənə toxunur:
“Yanımdan keçəndə arxa şəxsi bölgəmi əlləyib ‘onsuz da qız kimi bir şeysən, nə olacaq?’ deyirdilər. Bəzən də kənarda qısdırıb birbaşa cinsi qısnama – sürtünmə – edirdilər.”
Bu cümləni deyəndə səsi sakitdir, amma təsiri ağırdır. Qısa bir pauza verir və davam edir:
“Ailəmə desəm oğulları ‘petuxdur’ deyə öldürərlər, müəllimə desəm ‘kişi ol, belə şeylər etməzlər’ deyər. Mən də uşaq olaraq içimə atdım və psixi sağlamlığım ordaca pozuldu.”
Bu, tək bir şəxsin hekayəsi deyil. Bu, Azərbaycanın bölgələrində kuir uşaqlar üçün “norma”ya çevrilmiş zorakılıq modelidir.
Ananın itkisi və hər gün təkrarlanan “öldürərəm” cümləsi
2019-cu ildə İ.A. həyatının dayaq nöqtəsini – xərçəngdən əziyyət çəkən, onu həmişə “kübarlıqla” sevən anasını itirir. Bundan sonra Lənkəranda müharibə əlili, çox konservativ ata ilə tək qalır.
“Artıq onun valideynliyi altında idim. Dinlədiyim mahnıdan tutmuş, geyindiyim şortikə qədər təhqir edirdi. Hər gün yanıma gəlib küçədə ‘petux’ gördüyünü, onun elə övladı olsa, o dəqiqə vurub öldürəcəyini deyirdi. Bəli, demək olar ki, hər gün bunu deyirdi.”
Bu cümlələr sadəcə homofobik nifrət deyil, həm də bir namus cinayətinin tezisləri kimi səslənir. Atanın “əgər belə övladım olsa, öldürərəm” ifadəsi İ.A.-nın beynində tək bir nəticəyə çevrilir: “Əgər mən olduğum kimi görünərəmsə, məni öldürəcəklər.”
Psixoloji olaraq artıq zədələnmiş bir gənc üçün bu, sonuncu zərbə olur. Panik ataklar, ağır təlaş, dərin depressiya – İ.A. beş ildir dərman müalicəsi alır:
“Arxadan biri yaxınlaşanda refleks olaraq hoppanıram – bir növ tik kimi – uşaqlıqda yaşadığım cinsi qısnamalara görə.”
Özünü kəsmək, sonra isə təhsili qalxan kimi istifadə etmək
Deprsessiyanın ən qaranlıq dövrünü “ürəyindəki daş” metaforası ilə açıqlayır:
“Sanki ürəyimdə bir daş var idi, ağırlıq edir, ciyərimi sıxır, nəfəs almağa qoymurdu… Mən də başladım qollarımı kəsməyə. Əzab çəkirəm, heç kimə deyə bilmirəm, içim partlayır.”
Amma hekayənin burada qırılmamasının səbəbi var— təhsil.
İ.A. uşaqlıqdan bəri “əriyib yox olmamaq üçün” mediaya, kitablara, biliyə sığınır. Orta və tam orta təhsili qırmızı attestatla bitirir, imtahanlarda birinci olur, medallar, sertifikatlar qazanır.
“Mən də ən güclü müdafiə silahıma – təhsilə – daha da fokuslandım və yaşamaq üçün ümid olaraq ‘buradan qaçmağı’ seçdim. 17 yaşımda imtahandan uğurla keçib Türkiyədə universitetə qəbul oldum və getdim. Xilas arzum gerçək oldu.”
Bu qaçış təkcə coğrafi qaçış deyil, həm də psixoloji sağqalma strategiyasıdır.
Türkiyədə ilk dəfə “insan olmaq”
Türkiyəyə köçdüyündə onu orada çətinliklər gözləyir – maddi sıxıntı, ac qalmaq, psixoloji yük. Amma bir fərq var: bu dəfə qurtuluş ehtimalı mövcuddur.
İlk addım psixiatra müraciətdir. Bir neçə həftə sonra antidepressantların təsiri ilə illərdən sonra ilk dəfə xoşbəxtlik hiss edir.
“İllər sonra ilk dəfə xoşbəxt hiss edirdim, çölə çıxmaq, həyatı yaşamaq istəyirdim.”
Bu mərhələ, həm də “rəsmi coming out” dövrüdür. Geyim tərzini dəyişir, makiyaja başlayır, flört edir, öz bədənini və arzularını yeni gözlərlə görür.
“Türkiyə də əlbəttə konservativdir, amma Azərbaycanın rayonundan çıxmış bir uşaq üçün orada yaşamaq qəfəsdən çıxan toyuq kimi idi. İlk dəfə xoşbəxt hiss etdim, özümü sevdim, zərər verməyi dayandırdım.”
Burada paradoks yaranır. O, özünü ilk dəfə azad hiss etdiyi ölkədə hüquqi baxımdan yenə də kövrək statusdadır – xarici tələbə kimi işləmək, staj keçmək, yerli təqaüdə müraciət etmək hüququ demək olar ki, yoxdur.
Hande Kader-in ruhu ilə gələn təqaüd: “Trans aktivist mənə bir həyat verdi”
İ.A.-nın həyatında dönüş nöqtələrindən biri məşhur trans hüquq müdafiəçisi Hande Kader-in adını daşıyan tələbə həmrəyliyi platformasıdır. Hande Kader Türkiyədə qalmaqal yaradacaq şəkildə öldürülən trans fəal idi. Onun adına yaradılmış Hande Kader Trans+ Dayanışması Türkiyədə trans və kuir tələbələrə təqaüd verir.
İ.A. universitetin LGBTQİ+ klubunun vasitəsilə bu təqaüd proqramına müraciət edir. Özünü “intersectionality”nin (kəsişən ayrı-seçkiliklərin) canlı nümunəsi kimi təsvir edir: həm kuir, həm də azərbaycanlı, talış, kasıb, ailə dəstəyi olmayan bir gənc.
“Onlar da gördülər ki, ölkənin ən uğurlu tələbələrindən olmağıma baxmayaraq, milli və seksual kimliyimə görə necə əziyyət çəkmişəm. Bursu qazandım… Miqdar olaraq çox deyil, amma mən ac qalmaqdan danışırdım – mənim üçün böyük dəstək idi.”
Bu 150 manatlıq təqaüdə “sadəcə pul” kimi baxmır:
“Bir növ – ruhu şad olsun – trans aktivist Hande Kader mənə bir həyat vermiş oldu.”
Deportasiya qorxusu: “Özümü öldürmək, ‘namus’ adıyla öldürülməkdən daha şərəfli görünür”
İndi isə saat tək-tək geriyə sayır. Bakalavr təhsilinin son ilində olan İ.A. üçün ən böyük sual budur: magistraturanı təhlükəsiz ölkədə davam etdirə biləcəkmi, ya da Türkiyədən Azərbaycana deportasiya olunacaq?
Əgər deportasiya olunsa, onu gözləyən reallığı özü belə təsvir edir:
“Gender-nonconforming, piercinqli, androjen xarakterli, uşaqlığından ‘qız’, ‘petux’ kimi bilinən gənc Lənkərana qayıdır. Birbaşa namus cinayəti.”
Bu qorxu boş deyil. ILGA-Avropa və digər təşkilatlar Azərbaycanda LGBTQİ+lara qarşı “namus” adıyla zorakılıq halları, o cümlədən bir aktivistin “namus qətli” ilə bağlı illərdir xəbərdarlıq edir.
İ.A. bu kontekstdə deyir:
“Bu günə qədər həll edə bilməmələrinin səbəbi mənim uzaqda olmağım idi… Bu qorxu 4 ildır tərgiddiyim özümə zərər vermə instinktlərimi geri qaytarıb. Çünki özümü öldürmək ‘namus’ adıyla öldürülməkdən daha şərəfli görünür.”
Türkiyənin özündə isə anti-LGBTQİ+ qanun layihələri müzakirə olunur, Qürur yürüşləri qadağan edilir, LGBTQİ+ hüquqlarında geriləmə dalğası daha da güclənir. İ.A. üçün bu, sadə riyaziyyatdır: əgər Qərbdə Students at Risk kimi proqramlara qəbul olunmasa, həyat ssenariləri iki yerə bölünür – deportasiya və ya sonsuz qeyri-müəyyənlik.
Hərbi xidmət: “Orada məni seksual kölə’ kimi görəcəklər”
İ.A.-nın həyat təhlükəsini artıran başqa bir faktor da məcburi hərbi xidmətdir. Azərbaycan ordusunda “dedovşina” – yəni hierarxik zorakılıq və sistemli şiddət – illərdir danışılan, amma çox az sənədləşdirilən gerçəklikdir.
“Azərbaycanda hərbi xidmət demək olar ki, hər kəs üçün pisdir. Ən maskulin cis-hetero kişi üçün belə. Çünki istismarlar heç vaxt report edilmir. Amma mənim kimi kuirlər üçün gündəlik təcavüz deməkdir.”
Onun “kimliyini gizlət” məsləhətinə cavabı sadədir:
“Mən onsuz da durub ‘mən kuir fərdəm’ deməyəcəyəm. Amma mən buyam. Normal davranışlarım, jestlərim, danışığım məni ələ verir. Orada məni seksual kölə’ kimi görəcəklər.”
Bu cümlə təkcə fərdi qorxunu yox, həm də hüquqi boşluqla dolu bir sistemi açır. Azərbaycanda seksual oriyentasiya və gender kimliyinə görə nifrət cinayətini tanıyan heç bir qanun yoxdur. Nə orduda, nə də mülki həyatda LGBTQİ+lara qarşı yönəlmiş zorakılıq hüquqi cəhətdən ayrıca kateqoriya kimi tanınır.
Göy Qurşağı Xəritəsi 2025: Avropanın dibində bir ölkə
İ.A.-nın hekayəsi təkbaşına dramatik görünə bilər, amma bu, sistemin onu hara yerləşdirdiyini görmədən natamam qalar. ILGA-Avropanın Rainbow Göy Qurşağı Xəritəsi bu konteksti çılpaq rəqəmlərlə təsvir edir: Azərbaycan 49 ölkə arasında 48-ci yeri tutur və cəmi 2.25% bal yığır; yalnız Rusiya ondan aşağıdadır.
Bu 2.25%-lik rəqəm nə deməkdir?
0% – məşğulluq, təhsil, səhiyyə, mallar və xidmətlərdə cinsi oriyentasiya və gender kimliyinə görə diskriminasiyanı qadağan edən konkret qanun yoxdur.
0% – ailə hüququnda eyni cinsli və ya trans fərdlər üçün tanınmış nikah, qeydiyyatlı partnyorluq, övladlığa götürmə hüquqları yoxdur.
0% – nifrət cinayəti və nifrət çıxışına dair seksual oriyentasiya vı gender kimliyini əhatə edən qanunvericilik yoxdur.
0% – sığınacaq və miqrasiya qanunvericiliyində LGBTQİ+ları qoruyan xüsusi maddələr yoxdur.
Bu mənzərədə İ.A.-nın qorxuları sadəcə “şəxsi hisslər” deyil; onlar struktur zorakılığın gündəlik nəticələridir.
Rayonlardakı görünməzlik: “İnsanın iki seçimi olur: ya qaç, ya özünü öldür”
İ.A. deyir ki, Bakıda nisbətən daha çox imkan, qeyri-rəsmi “sığınacaq” məkanları, icma şəbəkələri var. Amma rayonlar tam qaranlıqdır:
“Balaca yerlərdə rənglərimizlə ən çox nəzərə çarpan insan olursan və o dəqiqə xar olursan… Azərbaycanda insan haqları qrupları Bakıya fokuslanır. Amma milyonların yaşadığı rayonlar tam qaranlıqdır.”
Onun bu cümləsi regional siyasətin mərkəzçilik problemindən tutmuş LGBTQİ+ təşkilatların resurs çatışmazlığına qədər bir çox məsələni açır. Rayonlarda yaşayan kuir gənclərin, faktiki olaraq, yalnız iki “seçimi” olur:
“Belə şərtlərdə insanın iki seçimi olur: 1) Bu ölkədən qaç. 2) Özünü öldür.”
Özünü “əl çəkməyən” biri kimi təsvir edir – təhsil, təqaüd, xaricdə magistratura fürsətləri üçün son həddə qədər mübarizə aparır. Amma etiraf edir ki, hamı bunu bacarmayacaq və bacarmağa borclu da deyil.
“Heç kim məcbur buraxılmamalıdır. Kömək etmək istəyirəm. Arada rayonlardan gənclər yazırlar, danışıram, amma necə kömək edim, onu bilmirəm. Deyirəm, ‘çalış qaç’, elə bil asandır. Başqa nə deyə bilərəm?”
Anonim qalmaq məcburiyyəti və son mesaj
İ.A.-nın öz hekayəsini paylaşmaq istəyi qorxusunu silmir. O, “İ.A.” kimi anonimlikdə qalmaq məcburiyyətini belə təsvir edir:
“İstədiyimdən yox, məcbur olduğumdan. Kaş azadca kim olduğumu deyə bilərdim.”
Bu hekayəni oxuyanlara isə xahişi konkret və çox sadədir:
“Xahiş edirəm, fərqli olan uşaqlara sırf çoxluğa bənzəmirlər deyə kobud olmayın. Sizin üçün balaca zarafat olan şey o uşaqlar üçün gecə ağlamaları, ailə şiddəti deməkdir.”
Son cümləsini isə bir cür kollektiv epitafiya kimi eşitmək mümkündür:
“Azərbaycanda hər kəsin həyatı çətindir, kuir insanların daha çox, amma rayonlarda isə kuirlərin həyatı ümumiyyətlə yoxdur. Bunu yadda saxlamaq vacibdir. Bizim həyatımız çətin deyil. Bizim həyatımız yoxdur… Özümüz var olsaq da.”
Bu yazı İ.A.-nın hekayəsidir. Lakin təkcə ondan ibarət deyil. O, Lənkəranın, Masallının, Qubanın, Mingəçevirin, Gəncənin, “rayon” deyilən bütün o görünməyən coğrafiyaların içində nəfəs almağa çalışan minlərlə başqa kuir gəncin kollektiv portretidir.
Powered by Froala Editor