İqlim Bərabərsizliklə Qarşılaşanda: Azərbaycandan Kuir səslər
Yay istisi Bakının üzərinə çökəndə, şəhərin beton küçələri qaynayıb buxarlanan istilik tələsinə çevrilir
01/Dec/25
41
İqlim Bərabərsizliklə Qarşılaşanda: Azərbaycandan Kuir səslər
Yay istisi Bakının üzərinə çökəndə, şəhərin beton küçələri qaynayıb buxarlanan istilik tələsinə çevrilir. Əksər sakinlər üçün bu sadəcə narahatlıqdır. Digərləri üçün isə böhrana çevrilir. “Temperatur 40 dərəcəni keçəndə otağımda qala bilmirəm,” – 23 yaşlı kuir tələbə, Nəriman* deyir. “Ev sahibim xarab kondisioneri təmir etmir, çox desəm də, evdən çıxarılmaq riskim var. Evsiz qalmaqdansa, yaxşı olar ki, susmağa davam edim.”
Bu təkcə Nərimanın hekayəsi deyil. Azərbaycanda LGBTQİ+lar çox vaxt marginallaşdırılır, diskriminasiya səbəbilə stabil ev, iş və ya tibbi xidmət tapmaqdan məhrum edilirlər. Translar isə daha ağır mənzil baryerləri ilə üzləşirlər: ev sahibləri onlara kirayə vermir, vasitəçilər seksual qarşılıq tələb edir, polis təzyiqi isə bir çoxunu evsizliyə sürükləyir. Artan kirayələr, hüquqi müdafiənin olmaması və sistemli ayrı-seçkilik kuir icmaların ən həssas qrupunu — trans qadınları — təhlükəli kənar məhəllələrə, qeyri-sabit işlərə və ya gecələri parklarda və yad insanların evlərində keçirməyə məcbur edir. Dövlət dəstəyi olmadığından bir çoxu qeyri-rəsmi kuir/trans dostluq şəbəkələrinə güvənir.
Lakin iqlim dəyişkənliyi şiddətləndikcə mövcud bərabərsizliklər həyat üçün təhlükəyə çevrilir. Ekstremal istilər, daşqınlar və enerji problemi yalnız ekoloji məsələ deyil — illərdir dövlət siyasətində görünməyən kuir icmalar üçün riskləri çoxaldır.
İqlim Danışıqlarında Görünməzlik
Son illərdə Azərbaycan temperaturun yüksəlməsi, qeyri-sabit yağıntılar və sürətli sənaye inkişafı səbəbilə hava çirklənməsi ilə üzləşir. Lakin dövlət hesabatlarında və milli iqlim strategiyalarında həssas və marginallaşdırılmış qrupların adı belə çəkilmir — LGBTQİ+lardan isə ümumiyyətlə danışılmır.
Ölkədə ekoloji təşkilatlar sosial inklüzivlik mövzusuna toxunmur, kuir hüquqları ilə məşğul olan qruplar isə ekoloji müzakirələrdən uzaq saxlanılır. “Elə bil onların dünyasında mövcud deyilik,” – Gəncədə yaşayan, kafedə işləyən lezbiyan qadın, Ləman deyir. Onun sözlərinə görə, Gəncənin, xüsusilə də, kənd və qəsəbələrin infrastruktur və kanalizasiya sistemi çox pis vəziyyətdədir. Yağış yağanda insanlar işə və məktəbə gedə bilmirlər və bu da sosial həyata təsir edir.
Uşaqlığında, hər yağışdan sonra Ləmanın ailəsi müəllimdən onun dərsdən qalmasını nəzərə almamasını xahiş etməli olurdu. Bu səbəbdən Ləman bəzi fənlərdən kəsilmişdi. Bu isə onun və digər azərbaycanlı uşaqların təhsil hüququnun pozulması deməkdir.
Bu səssizlik ölümcül nəticələrə gətirir. 2024-cü ilin oktyabrında güclü yağış Bakının Sabunçu rayonunda ciddi daşqınlara səbəb olmuş, tunellər və yeraltı keçidlər su altında qalmışdı. Yerli mediaya görə, iki nəfər boğularaq ölmüş, onlarla insan su basmış ərazilərdən xilas edilmişdi.
Bir çox kuir azərbaycanlı üçün iqlim dəyişikliklərinin təsiri gündəlik həyatda hiss olunur. Qeyri-rəsmi işlərdə çalışanlar — barmenlər, stilistlər, freelancer-lər — adətən tibbi sığorta və sosial müdafiədən məhrumdurlar, bu da onları ekstremal hava şəraitinə və iqtisadi şoklara daha həssas edir. Enerji qiymətlərinin artması isə onsuz da təhlükəli və standartdan aşağı evlərdə yaşayanların kirayələrinin qalxmasına səbəb olur.
Bakıda COP29: Mübahisəli Dövr
Keçən il Bakıda keçirilən COP29 Azərbaycanın qlobal iqlim diplomatiyasındakı rolunu nümayiş etdirməli idi, lakin sərt tənqidlərə səbəb oldu. Bir çox müşahidəçilərin fikrincə, tədbir real iqlim fəaliyyətindən çox “yaşıl yuma” təsiri bağışlayıb, çünki ölkə hələ də neft və qaz gəlirlərindən kəskin şəkildə asılıdır.
Tənqidçilər həmçinin bildirirlər ki, sammit zamanı media azadlığı və vətəndaş cəmiyyəti iştirakı məhdudlaşdırılmışdı, bu isə müstəqil iqlim fəallarının səsini boğurdu. İnsan hüquqları təşkilatları Azərbaycan hökumətinin ifadə azadlığı və LGBTQI+ hüquqları üzrə zəif göstəricilərinin böyük bir iqlim sammitinə ev sahibliyini problemli etdiyini qeyd edir.
Mübarizələri Birləşdirmək: Kuir Həyatlar və Xəzər Böhranı
Azərbaycandakı kuirlərin yaşayış səviyyəsində hiss etdiyi iqlim böhranı təkcə sosial mühitlə bağlı deyil — daha geniş ekoloji problemlərlə, xüsusən də, Xəzər dənizi ilə bağlı məsələlərlə sıx bağlıdır. Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi son onilliklərdə kəskin şəkildə geri çəkilib. Bunun əsas səbəbləri temperaturun yüksəlməsi və çay axınlarının azalmasıdır.
Bu geriləmə həm ekosistemlər, həm də sahilboyu icmaları üçün ciddi nəticələr doğurur. Sahilyanı flora-fauna məhv olur, biomüxtəliflik azalır və insanlar iqtisadi çətinliklərlə üzləşirlər. Buna cavab olaraq Dünya Bankı, Qlobal Ekologiya Fondu (GEF) və UNEP tərəfindən milyonlarla dollarlıq monitorinq və bərpa layihəsi həyata keçirilir: çirklənmənin izlənməsi, dəniz mühitinin bərpası və sahil idarəçiliyinin təkmilləşdirilməsi.
“Xəzəri Qoruyaq” təşəbbüsləri gələcək üçün bir ümid yoludur. Necə ki, Azərbaycandakı kuir icmalar iqlim siyasətində tanınma və müdafiəyə ehtiyac duyur, Xəzər də regional həmrəylik, elmi yanaşma və inklüziv idarəçilik tələb edir. Bu layihəni dəstəkləmək təkcə bir su hövzəsini qorumaq deyil — ekosistemləri, insanların dolanışığını və ən həssas qrupların hüquqlarını qorumaq deməkdir.
Kuir iqlim həssaslığını, COP29-un mübahisəli nəticələrini və Xəzər ətraf mühit hərəkatını birləşdirərək daha ədalətli və inklüziv bir gələcək tələb edirik: elə bir gələcək ki, iqlim siyasəti həqiqətən də hamını nəzərə alsın.
Müəllif: Aleks Şah
Bu məqalə n-ost ilə əməkdaşlıq çərçivəsində hazırlanlıb.
*Respondetlərin təhkükəsizliyi üçün adlar dəyişdirilmişdir
Powered by Froala Editor