"Mən də evdə, atamın yanında özümü Koroğlu kimi aparıram."
Müsahibimizin 20 yaşı var, 3-cü kurs tələbəsidir. Təhsil aldığı sahəni sevmir, gələcəkdə xarici ölkələrdən birində təhsilini davam etdirmək istəyir. Əyləncəni sevir. Sosial aktivdir, bir çox təşkilatların üzvüdür.
15/Feb/19
7083
"Mən də evdə, atamın yanında özümü Koroğlu kimi aparıram."
Müsahibimizin 20 yaşı var, 3-cü kurs tələbəsidir. Təhsil aldığı sahəni sevmir, gələcəkdə xarici ölkələrdən birində təhsilini davam etdirmək istəyir. Əyləncəni sevir. Sosial aktivdir, bir çox təşkilatların üzvüdür.
"17 yaşımda gey olduğumu anama etiraf etdim və ağladım. O, bunu çox normal qəbul etdi. Dedi ki, yeniyetməlik dövrüdür, bəlkə səndəki davranış pozuntusudur, bəlkə şəxsiyyət pozuntusudur. Ola bilər qarmaqarışıqlıq içindəsən, fikirlərin qarışıb. Və məni psixoloq yanına yönləndirdi."
Psixoloqla seanslarınız necə keçdi?
Psixoloqa 5-6 seans getdim. O mənə başa saldı ki, ola bilər ki, məndə homoseksuallığın yaranmasına güclü təkan verən amillər olub. Romantik cinsi istəylərin formalaşdığı dövrdə ata modelindəki əksikliklər, ailədaxili münaqişələr və genetik faktorlar. Formalaşma dövründə bunlar üst-üstə düşüb. O məni başqa bir psixoterapevt və sekspatoloqun yanına yönləndirdi, dedi ki, o sənlə daha detallı məşğul olacaq.
Və digər psixoterapevtin yanına getdiniz.
Bəli. O mənə ilk başdan əminlik verdi, dedi ki, mənim çoxlu homoseksual pasientlərim olub, onlar özlərini qəbul etməkdə çətinlik çəkiblər, psixoloji sarsıntılar keçirənlər olub. Sonra isə mənə izah etdi ki, homoseksuallığın yaranmasında 4 amil iştirak edir, genetika, tərbiyə, din və ətraf mühit. Və 4 amilin təsiri ilə cinsi orientasiyaların necə yaranmasını başa saldı. Dedi ki, insanlar biseksual kimi doğulur, heç kim doğulanda homoseksual və ya heteroseksual olduğunu seçmir. Sonradan 4 amilin təsiri ilə ya homoseksual, ya heteroseksual olurlar və ya biseksual qalırlar. Məndən beynimdə hər hansı qadın modeli olduğunu, qadınlara qarşı hər hansı romantik cinsi hislər keçirdiyimi öyrənirdi, o bilmək istəyirdi ki, qadınlara qarşı meylim nə dərəcədədir. Nəticə olaraq, o mənə dedi ki, necə istəyirsən, elə də davam et həyatına. Bu sənin həyatındır, heç kəs sənin həyatına qarışa bilməz, səni sən kimi qəbul edənlərin yanında olmasına icazə ver. Səni başqa birinin cildinə salmaq istəyən, səni dəyişdirmək, səni qəliblərə salmaq istəyən insanlardan uzaq dur. Onlar səni yaralayacaqlar, incidəcəklər, buna icazə vermə. Ətrafda, hansı məkanda, hansı insanların yanında hansı hərəkətləri etdiyinə fikir ver. Kimlərin sənin haqqında bu məlumatları bilməsi sənin üçün mənfi ya müsbət olar, bunları müəyyənləşdir. Sən Azərbaycanda yaşayırsan və hər zaman hər şeyə hazırlıqlı olmalısan.
Psixoterapevtin məsləhətləri gələcək münasibətlərinizdə kömək etdimi?
Cinsi kimliyimi qəbul etməyim zaman almadı. Amma özüm qəbul edirəmsə də ətrafımdakı insanlar bunu qəbul edə bilmir. Psixoterapevtin dediyi kimi, harda özümü necə aparacağıma fikir verirəm. Nə olsun mən özümü qəbullanmışam, ətrafdakılar bunu qəbul etmir. Bəzi dostlarımın yanında feminenəm, bəzi dostlarımın yanında maskulinəm, dəyişirəm. Feminenlikdən daha çox zövq alıramsa da, məcburam ki, bəzi məkanlarda, bəzi yerlərdə, insanların yanında maskulin davranam. Bu həm karyeram, həm də gələcək həyatım üçün vacibdir. Amma önyarğısız dostlarımın yanında özüm kimi davrana bilirəm. Bəzən dostlarım sual verirlər ki, sən niyə homoseksualsan, niyə dəyişmək istəmirsən, gələcəkdə dəyişməyi düşünmürsənmi, “bu yol”un daşını atassanmı? Mən onlara izah edirəm ki, siz qadınlara qarşı hansı hansı hisləri keçirirsinizsə, mən də eynisini kişilərə qarşı hiss edirəm. Mən özüm üçün mənfi bir şey görmürəm, nə sağlamlığım, nə də başqa bir şey üçün. Bəlkə bir az feminen davranışlarım var, amma onları da tənzimləyirəm. Mən niyə dəyişim ki. Amma əlimdə dəyişmək şansı olsa da, dəyişmərəm. Cəmiyyətdə mental problemlər var. Bəzən ətrafımda homoseksual adamlar olur, deyir, mən niyə belə doğulmuşam, mən xəstəyəm. Mən bu zaman çox hirslənirəm. Onlara deyirəm ki, bu xəstəlik deyil, heç bir yerdə göstərilməyib ki, sən oğlanlardan, ya qızlardan xoşlanmalısan. İnsanın özünün özü haqda bu fikri formalaşdırması düzgün deyil.
Cinsi orientasiyanızın fərqli olduğunu nə zaman hiss etdiniz?
Təxəyyüllərimə görə, 8-9 yaşımdan məndə oğlanlara qarşı romantik hislər var. Qonşumuz oğlan varıydı, biz onunla həmişə birlikdə oynayardıq. Oyuncaqlardan əlavə, bədən üzvlərimizdən də oyuncaq kimi istifadə edirdik. Biz bu oyunların mənasını bilmirdik, amma bundan həzz alırdıq. 14-15 yaşında əmin idim ki, oğlanlara qarşı romantik və cinsi istəyim var. Sosial şəbəkələrdə qadın profilləri ilə oğlanlarla danışırdım. Bu mənə virtual zövq verirdi. 17 yaşıma qədər qısamüddətli münasibətlər olurdu və başa düşdüm ki, geyəm.
Vurğuladınız ki, dostlarınızın yanında dəyişirsiniz, bəzən feminen, bəzən maskulin davranırsız. Etiraf etdiyiniz dostlarınızın önyarğısız olacağını necə müəyyən etdiniz?
Əvvəldən dostlarımı seçdim, stiqmalar buraxaraq analiz etdim, kimin münasibəti normal olacaqdı, onlara demişəm. Universitetdə bir qız dostum var, ona demişəm. Geyim tərzimdən, davranışlarımdan sezənlər, şübhələnənlər olur. Oğlanların heç biri ilə yaxın münasibətim yoxdur. Onlar özlərini sərhədləyirlər, hansı ki, bu cəmiyyətin yaratdığı önyarğının nəticəsidir. Onların ağlından keçənlərin nə olduğunu bilmirəm. Bəlkə düşünürlər ki, bizi də onun yanında görsələr elə biləcəklər “onlardanıq”, ya bizi də “o yol”a aparacaq. Belə sterotiplər var. Onlar hələ o qədər məlumatlı deyillər, görsünlər ki, bu yoluxucu deyil, əksinə bu insanların güclü dostluq bacarıqları olur, çox yaxşı dinləyirlər, çox yaxşı sirdaş olurlar.
Sizcə cəmiyyətdə homoseksuallara qarşı ən böyük sterotiplər hansılardır?
Deyirlər ki, “homoseksuallar özləri bu yolu seçirlər”. Mənə elə gəlir ki, ən böyük sterotip budur. Homoseksual niyə bu yolu seçsin axı. Ümumiyyətlə homoseksualın qabağına şans qoyulmur ki, sən gəl hetero-nu, homo-nu, bi-ni seç, hansını istəyirsən, səni ondan edək. Bu şans heç kəsə verilmir, bu seçim deyil. Mənim dostlarım da deyir ki, çəkil bu yoldan. “Istənilən adamı homoseksuallığa çəkmək olar”, bu da əslində bir sterotipdir. Əgər adamın daxilində kişilərə qarşı heç bir romatik, cinsi istək yoxdursa, belə bir hissi oyatmaq olmaz. “Homoseksualların hamısı əxlaqsızdır, hamısı seks işçisidir, onlar uşaqların tərbiyələrini pozurlar”, halbuki heç də belə deyil. Heç də homoseksuallar əxlaqsızlığı təbliğ etmirlər, necə heteroseksuallardan var, eləcə də homoseksuallardan seks işçiləri var. Seks işçiliyinin genderi, cinsi orientasiyası olmur. Bütün homoseksualların seks işçiliyi ilə məşğul olduğunu demək də bir sterotipdir. Və yaxud, “geylərin hamısı qız kimi olur”, bu təsdiqini tapmamış şeydir. Geylərin feminen olanı da var, maskulin olanı da var, heç birinə aid olmayanı da var. Bu tamamilə insandan asılı bir şeydir. Hər şeyi bu qədər qəlibləşdirmək olmaz.
Gey olduğunuza görə hər hansı qısnama ilə qarşılaşmısınızmı?
Əlbəttə ki, qarşılaşmışam. Yaxın dostlarımdan da olub, məni incitmək üçün nifrət nitqindən istifadə edib. Real və virtual olaraq, təhqir edənlər olub. Mən bunu onların öz şəxsiyyətlərinə buraxıram, deməli problem onların tərbiyəsindədir. 2 dəfə eyni şey baş verib, facebookda tanış olmuşuq, görüşə getmişəm, məni orientasiyamla təhdid ediblər ki, bizə pul verməlisən, pul gətirməlisən. 2 məktəb dəyişmişəm, 8-ci sinifdə məktəbdə bir oğlandan xoşum gəlirdi, facebook səhifəsini tapıb yazmışdım. Bir dəfə də adını əlimə yazım məktəbə getmişdim, ondan sonra məktəbdə mənə qarşı münasibət dəyişmişdi. Məcbur olub məktəbimi dəyişmişdim. Mən insanların belə münasibətini gördükcə o qədər güclənmişəm, indi belə şeylər məni incidə bilməz.
Gələcək üçün planlarınız nələrdir?
Oxumaq üçün başqa ölkəyə getmək istəyirəm. Təhsil aldığım ölkədə iş qurub, elə orda da yaşayıb vətəndaşlığını almaq istəyirəm. Bura qayıtmaq üçün tək səbəbim ailəm, yaxınlarım ola bilər. Xarici mühit məni daha çox cəlb edir deyə getmək istəyirəm, ölkədə qalmaqla bağlı problemim yoxdur.
Necə düşünürsünüz, insanların LGBTQİ+ haqqında maariflənməsi üçün hansı addımlar atılmalıdır?
Yanlış siyasətdən, mental dəyərlərdən qaynaqlanan şeylər var. LGBTQI fərdlərinin çəkdiyi əziyyətləri göstərirsən, intiharları göstərirsən, deyirlər, “yox, onlar öləcəklər, o biri dünyada yanacaqlar”. Necə izah etməyə çalışasan ki, onlar da sizin kimi insanlardır, necə yanacaqlar?! Bəlkə struktural addımlar atılsa, insanların düşüncə tərzi dəyişər. İslahatlar aparılsa ki, homoseksuallara qarşı filan davranışları nümayiş etdirmək olmaz, nifrət nitqi olmaz, ayrı-seçkilik olmaz, filan qədər cərimədir. İnsanlar görsələr ki, bunlar detallı şəkildə qanunvericilikdə göstərilib, çəkinərlər. Məşhurlardan, tanınmışlardan, dövlətdən kiçik bir addım gəlsə, insanlar da bunda maraqlı olar, bəlkə bir fikirləşərlər ki, bu nədir. Bu insanların yaşam tərzi necədir. Bəlkə nə vaxtsa bu insanlara qarşı səhv etmişəm, bəlkə mənim də ətrafımda belə insanlar var. Həm deyirik tolerant ölkəyik, həm homoseksuallara qarşı ayrı-seçkilik edilir. Ən kökdə yatan səbəb maarifsizlikdir.
Sizi ən çox incidən, maarifsizlikdən doğan problemlər hansılardır?
Fərqli insanlar yalnızlığa düçar olur. Mənim ətrafımda da məni qəbul edən insanlar azlıq təşkil etdiyi üçün yalnızlıq və tənhalıq hiss edirəm. Partnyor tapmaq məsələsində də problemlər böyükdür. Homoseksuallar rəngli insanlardır, tez-tez partnyor dəyişməyi sevirlər. Universitetdə, insanların reaksiyasında problemlər var. Orientasiyan bəlli olsa, işə qəbulda seçilmə şansı aşağıdır. Geyim tərzinə yanaşmada problemlər var, istədiyimiz kimi geyinə bilmirik. Daima özümüzü, hərəkətlərimizi, davranışlarımızı tənzimləmək məcburiyyətindəyik. Ailə üzvlərimizdən, yaxınlarımızdan bunu gizlətməyimiz. Atam çox mental, qəlibləşmiş bir adamdır. Təsəvvüründə bir azərbaycan kişisi, Koroğlu modeli var, başqa bir modeli beynində formalaşdıra bilməz. Kişi belə geyinməz, kişi belə düşünməz, kişi bu reaksiyanı verməz. Mən də onun yanıda özümü Koroğlu kimi, maskulin aparıram.
LGBT fərdlərinə nə demək istərdiniz?
Siz cəmiyyət üçün dəyərlisiz. Hər bir fərd cəmiyyət üçün dəyərlidir, amma siz daha dəyərlisiniz. LGBT fərdlərinin barındırdığı sevgi cəmiyyətin hal-hazırda ehtiyacı olduğu dərmanlardır. LGBT sevgi barındırır, hörmət barındırır, LGBT rəngləri barındırır. Onlara deyirəm ki, öz dəyərinizi bilin. Yaxşı ki, varsız.
Təşəkkür edirik!
Təşəkkürlər!
Mənbə Gender and Integrity