Qazaxıstan Senatı “LGBT təbliğatı”na qadağa qanun layihəsinin müzakirəsini Avropa İttifaqı ilə danışıqlar fonunda təxirə salıb

Qazaxıstan parlamentinin senatı “qeyri-ənənəvi cinsi oriyentasiyanın təbliğatına qadağa” nəzərdə tutan və beynəlxalq təşkilatlar tərəfindən ciddi tənqid olunan qanun layihəsinin müzakirəsini gözlənilmədən dekabrın 18-nə ertələyib. Qərar ölkə prezidenti Kasım-Jomart Tokayevin Avropa İttifaqı Şurasının prezidenti António Costa ilə Astanadakı yüksək səviyyəli görüşü ərəfəsində qəbul olunub.

Costa-nın Qazaxıstana ilk rəsmi səfəri kimi qeyd olunan görüşdə siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirə edildiyi bildirilir. Səfərdən bir gün əvvəl isə Senat sədrinin müavini Jakip Asanov və bir qrup deputat Aİ-nin Qazaxıstandakı səfiri Aleška Simkić-lə danışıqlar aparıb. Avropa tərəfi insan hüquqları sahəsində öhdəliklərin vacibliyini xüsusi vurğulayıb.

Senatın gündəliyindən çıxarılan qanun layihəsi Qazaxıstanın Əmək Məcəlləsi və 12 müxtəlif qanununa dəyişikliklər təklif edir. Paketdə “pedofiliyanın və qeyri-ənənəvi cinsi oriyentasiyanın təbliğatının qadağan edilməsi” kimi ifadələrdən istifadə olunur. Hüquq ekspertləri bu ifadələrin Rusiya Federasiyasının 2013 və 2022-ci illərdə qəbul etdiyi genişlənmiş “LGBT təbliğatı” qanunlarının demək olar ki, eynilə təkrarı olduğunu bildirirlər.

Qanun layihəsi artıq noyabrın 12-də Məclisdə qəbul edilib və Senatın təsdiqindən sonra prezidentin imzasına təqdim olunmalı idi. Yerli və beynəlxalq insan hüquqları təşkilatları layihəni açıq şəkildə diskriminasiya xarakterli adlandıraraq onun qəbul edilməməsinə çağırır. Onların qiymətləndirməsinə görə, təşəbbüs LGBTQİ+ icmasının kriminalizasiya, genişmiqyaslı təqib və sosial stiqma risklərini ciddi şəkildə artırır.

Mərkəzi Asiyada kuirfob qanunvericilik meyilləri son illərdə güclənməkdədir. 2023-cü ildə Qırğızıstan “qeyri-ənənəvi cinsi münasibətlərin təbliğatı”na qadağa gətirən analoji qanunu qəbul edib. 

Qanun layihəsinin taleyi ilə bağlı qeyri-müəyyənlik davam etsə də, müşahidəçilər hesab edirlər ki, Avropa İttifaqı ilə aktivləşən siyasi dialoq Qazaxıstan rəhbərliyini hüquqi dəyişikliklərin beynəlxalq reputasiya risklərini yenidən qiymətləndirməyə vadar edib.

Powered by Froala Editor