Türkiyə anti-LGBTQİ+ müddəaları qanun layihəsindən çıxarıb
Türkiyədə 11-ci “Qanunlar Paketi” anti-LGBTQİ+ müddəalar çıxarıldıqdan sonra parlamentə təqdim edilib
07/Dec/25
77
Türkiyədə 11-ci “Qanunlar Paketi” anti-LGBTQİ+ müddəalar çıxarıldıqdan sonra parlamentə təqdim edilib
Türkiyədə oktyabr ayında gündəmə gələn və insan hüquqları təşkilatlarının sərt tənqidinə səbəb olan 11-ci “Qanunlar Paketi” Türkiyə Böyük Millət Məclisinə təqdim edilib. Qanun layihəsinin ilkin versiyasında yer alan anti-LGBTQİ+ müddəaların son variantdan çıxarılması hökumətin geri addım atdığı nadir hallardan biri kimi qiymətləndirilir.
Əvvəlki paketdə Türk Cinayət Məcəlləsinin 225-ci maddəsinə əlavə ediləcək bəndlə “doğuşdan gələn bioloji cinsiyyətə və ümumi əxlaqa zidd davranışları təşviq və ya təbliğ edən şəxslər” üçün bir ildən üç ilədək həbs cəzası nəzərdə tutulurdu. Eyni zamanda, eyni cinsdən olan şəxslərin nişan və ya evlənmə mərasimi keçirməsi halında bir il yarımdan dörd ilədək həbs cəzası tətbiq olunması planlaşdırılırdı. Bu müddəalar rəqəmsal platformaların LGBTQİ+ mövzulu məzmunlara da sanksiya tətbiq olunması ilə nəticələnə bilərdi.
Qanun layihəsi gender adaptasiya prosesinə dair məhdudiyyətləri də sərtləşdirilirdi: tranzisiya yaşı 18-dən 25-ə qaldırılır, əməliyyat üçün dörd mərhələli tibbi komissiya rəyi tələb olunurdu. Bundan əlavə, “qanunsuz gender dəyişdirmə əməliyyatı aparan” şəxslər üçün üç ildən yeddi ilədək həbs və geniş həcmli inzibati cərimələr nəzərdə tutulurdu.
Bu müddəaların hamısı hökumət tərəfindən təqdim edilən yekun paketdən çıxarılıb. Bununla belə, layihənin əsas çərçivəsi dəyişmir: AKP səlahiyyətlilərinin sözlərinə görə, 11-ci “Qanunlar Paketi” “ictimai təhlükəsizlik və cinayətlə mübarizə”ni gücləndirməyə yönəlib. Paket uşaqları cinayət fəaliyyətinə cəlb edən qrupların rəhbərləri üçün 30 ilədək, ictimai yerlərdə havaya atəş açanlar üçün isə 7 il 6 aya qədər həbs cəzası nəzərdə tutur.
Layihənin ilkin versiyasında yer alan anti-LGBTQİ+ müddəaların çıxarılması bir sıra insan hüquqları təşkilatları tərəfindən müsbət addım kimi qiymətləndirilsə də, müşahidəçilər hökumətin eyni məzmunlu təşəbbüsləri gələcəkdə yenidən gündəmə gətirə biləcəyini istisna etmirlər.
Powered by Froala Editor