Türkiyənin CHP partiyasından nifrət cinayətləri ilə bağlı hesabat
Türkiyədə LGBTQİ+ icmasına qarşı zorakılıq cəzasız qalır
20/Dec/25
31
Türkiyənin CHP partiyasından nifrət cinayətləri ilə bağlı hesabat
Türkiyənin ana müxalifət partiyası olan Cumhuriyet Halk Partisi (CHP), parlamentdə Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasına 53 səhifəlik hesabat təqdim edib. Sənəddə yalnız Kürd məsələsinin demokratik və hüquqi əsaslarla həllinə dair addımlar deyil, eyni zamanda ölkədə artan nifrət cinayətləri ilə bağlı müfəssəl təhlil yer alıb.
Hesabatda “Nifrət Nitqləri ve Nifrət Cinayətlərinin Cəzalandırılmasına İstiqamətlənmiş Tövsiyələr” adlı xüsusi bölmə ayrılaraq, Türkiyədə nifrət cinayətləri ilə mübarizədə ciddi hüquqi boşluqlar olduğu vurğulanır. CHP bildirir ki, ölkə Avropada hələ də müstəqil “Nifrət Cinayətləri Qanunu” olmayan nadir dövlətlərdən biridir. Bu boşluq, hesabatın müəlliflərinə görə, xüsusilə LGBTQİ+ icmasına qarşı zorakılıq hallarında ağır nəticələrlə müşayiət olunan cəzasızlıq mühitini gücləndirir.
CHP-nin təqdim etdiyi məlumatlara əsasən, hər il müxtəlif vətəndaş cəmiyyəti təşkilatlarının hazırladığı statistikalar miqrantlara, Alevilərə, qeyri-müsəlmanlara və LGBTQİ+lara qarşı sistemli şəkildə nifrət cinayətləri törədildiyini göstərir. Bu halların bir qismi ölüm və ya ağır bədən xəsarətləri ilə nəticələnir, çoxlu sayda insan isə özünü təhlükədə və təcrid olunmuş hiss edir.
Hesabatda qeyd olunur ki, daha kiçik və yerli səviyyədə baş verən zorakılıq halları artıq gündəlik həyatın bir hissəsi kimi qəbul edildiyindən rəsmi sənədlərə belə düşmür. Sosial mediada hər Ramazan ayında paylaşılan “Ramazanın ilk dayağı hansı regiondan gələcək?” kimi karikaturalaşdırılmış paylaşımlar normallaşmış zorakılığın miqyasını açıq şəkildə göstərir.
CHP həmçinin mediada və rəqəmsal platformalarda nifrət ritorikasının artdığını, bunun isə cəmiyyətdə əlavə gərginlik və düşmənçiliyi dərinləşdirdiyini vurğulayır. Partiyanın bildirdiyinə görə, həm yeni hüquqi çərçivənin olmaması, həm də mövcud qanunların effektiv icra edilməməsi “cəzasızlıq təsəvvürü” yaradaraq mümkün təqsirkarları daha da cəsarətləndirir.
Partiya nifrət cinayətlərinə münasibətdə məhdudiyyət müddətinin ləğv edilməsini, Türkiyə Cinayət Məcəlləsində “nifrət cinayəti” anlayışının dəqiq şəkildə tərif olunmasını və nifrət motivinin ümumi ağırlaşdırıcı hal kimi hüquqi şəkildə təsbit edilməsini təklif edir.
Powered by Froala Editor