Qazaxıstan “LGBT-propaqandası”nı qadağan edən qanun qəbul edib
Qazaxıstan prezidenti arxiv işi və “qanunazidd məzmunun yayılmasının məhdudlaşdırılması” ilə bağlı bir sıra qanunvericilik aktlarına dəyişiklikləri nəzərdə tutan yeni qanunu imzalayıb
31/Dec/25
44
Qazaxıstan “LGBT-propaqandası”nı qadağan edən qanun qəbul edib
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arxiv işi və “qanunazidd məzmunun yayılmasının məhdudlaşdırılması” ilə bağlı bir sıra qanunvericilik aktlarına dəyişiklikləri nəzərdə tutan yeni qanunu imzalayıb. Qanunda “LGBT propaqandası” kimi xarakterizə edilən məzmunun qadağan olunmasını nəzərdə tutan müddəalar da yer alır.
Qanunun icrası ilə bağlı açıqlama verən mədəniyyət nazirinin müavini Yevgeni Koçetov bildirib ki, “propaqanda” kimi qiymətləndirilən materialların yayılmasına görə vətəndaşları cərimə və ya inzibati həbs cəzası gözləyir. Onun sözlərinə görə, yoxlamalar yalnız müvafiq şikayətlər daxil olduqdan sonra başlayacaq. Bu isə faktiki olaraq müraciət və ya donos mexanizmi əsasında nəzarətin həyata keçiriləcəyi anlamına gəlir.
Koçetov vurğulayıb ki, qanun LGBTQİ+ kimliyinə görə cəzalandırmanı nəzərdə tutmur. Lakin “LGBT propaqandası” qanunvericilikdə “qanunazidd məzmun” kateqoriyasına daxil edildiyi üçün ona münasibətdə digər qadağan olunmuş məzmunlarla eyni sanksiyalar tətbiq ediləcək.
Nazir müavininin izahına görə, ilk dəfə qaydanı pozan şəxslər üçün 20 aylıq hesablanan göstərici (təxminən 150 ABŞ dolları) məbləğində cərimə nəzərdə tutulur. Eyni hal bir il ərzində təkrarlandığı halda isə cərimənin artırılması və ya 10 sutkayadək inzibati həbs cəzası tətbiq oluna bilər.
Dekabr ayının əvvəlində Qazaxıstan Senatı “LGBT təbliğatı”nı qadağan edən qanun layihəsinin müzakirəsini Avropa İttifaqı ilə danışıqlar fonunda təxirə salmışdı.
Powered by Froala Editor