Venesuelada LGBTQİ+ hüquqları
Venesuelada LGBTQİ+lar formal olaraq bəzi hüquqi təminatlara malik olsalar da, sistemli ayrı-seçkilik və hüquqi boşluqlar davam edir
08/Jan/26
82
Venesuelada LGBTQİ+ hüquqları
Venesuelada LGBTQİ+lar formal olaraq bəzi hüquqi təminatlara malik olsalar da, sistemli ayrı-seçkilik və hüquqi boşluqlar davam edir. Ölkədə eyni-cinsli münasibətlər cinayət sayılmır, lakin eyni-cinsli nikah və ya partnyorluq hüquqi baxımdan tanınmır. Eyni-cinsli cütlüklər üçün övladlığa götürmə də mümkün deyil.
Venesuela Konstitusiyası nifrət zəminli cinayətləri ağırlaşdırıcı hal kimi tanıyır və seksual orientasiyaya əsaslanan ayrı-seçkiliyi qadağan edir. Bununla belə, gender kimliyi üzrə qorunma çox məhduddur və əsasən, yalnız mənzil hüququnu əhatə edir. Translar şəxsiyyət sənədlərində gender markerini dəyişə bilmirlər, nadir istisnalar isə tibbi və psixoloji ekspertizadan sonra verilib.
Gender adaptasiyasına dair tibbi xidmətlər, xüsusilə hormon terapiyası ölkədə demək olar ki, əlçatan deyil. Hüquq-müdafiə təşkilatları bildirir ki, trans və intersekslərin sənədsiz qalması onları təhsildən, səhiyyədən və əmək bazarından kənarlaşdırır, bu da istismar və insan alverinə qarşı riskləri artırır.
2015-ci ildə hüquqşünas Tamara Adrián Venesuelanın ilk açıq trans deputatı kimi tarixə düşsə də, LGBTQİ+ hüquqları sahəsində ciddi qanunvericilik irəliləyişi baş verməyib.
Eyni zamanda, hakimiyyət orqanları ictimai asayiş və əxlaq maddələrindən istifadə edərək kuir məkanlara reydlər keçirir, fəalları saxlayır və təzyiq göstərir. Hüquq müdafiəçiləri bu praktikanı avtoritar idarəçilik və vətəndaş məkanının daralmasının bir hissəsi kimi qiymətləndirir.
Powered by Froala Editor