Çeçenistanda LGBT "ovu"
Rusiyadakı aktivistlər Çeçenistanda LGBT fərdlərinə qarşı yeni bir təzyiq dalğasının başladığını deyir. Rus LGBT Şəbəkəsi dekabr ayından etibarən təxminən 40 nəfərin həbs olunduğunu bildirir. Deyilənə görə, onlardan ikisi işgəncə nəticəsində ölüb.
19/Jan/19
7258
Rusiyadakı aktivistlər Çeçenistanda LGBT fərdlərinə qarşı yeni bir təzyiq dalğasının başladığını deyir. Rus LGBT Şəbəkəsi dekabr ayından etibarən təxminən 40 nəfərin həbs olunduğunu bildirir. Deyilənə görə, onlardan ikisi işgəncə nəticəsində ölüb. Qrup çoxlu sayda geyin həbsə alındığı 2017-ci ildən bu yana əsasən Çeçenistan Respublikasındakı iddia edilən təcavüzün monitorinqini həyata keçirir. Hökumət sözçüsü onların son hesabatını "tamamilə yalan" adlandıraraq rədd edib.
Çeçenistan höküməti və avtoritar lider Ramzan Kadırov qeyri-qanuni həbs və insan hüquqları pozuntularına dair iddiaları təkzib edib. Keçən il BBC-yə verdiyi müsahibədə cənab Kadırov bu iddiaların "xarici agentlər tərəfindən uydurma" olduğunu və ya aktivistlər tərəfindən pul üçün yaradıldığını bildirmişdi. Son dərəcə mühafizəkar və əsasən müsəlmanlardan ibarət Çeçenistanda homofobiya geniş yayılıb. Cənab Kadırov və digər hökumət nümayəndələri dəfələrlə Çeçenistanın bir nəfər belə olsun gey vətəndaşının olmadığını iddia ediblər.
Rəsmi etirazlara baxmayaraq, onlarla insan irəli çıxaraq, seksual orientasiyalarına görə səlahiyyətlilər tərəfindən tutulduqlarını və işgəncəyə məruz qaldıqlarını təsdiqlədilər. Hesabatlar bütün dünyada qınandı.
Son xəbərlər hansılardır?
Aktivist qrupu olan Rus LGBT Şəbəkəsi 2017-ci ildə baş vermiş təzyiq xəbərləri ortaya çıxandan bəri, Çeçenistanda vəziyyəti monitorinq edir və bölgədən insanların təxliyəsinə çalışır. Bazar ertəsi açıqlanan bir bəyanatda qrup son həftələrdə yeni təqib və zorakılıq dalğasının başladığını təsdiqlədi. Sonuncu dalğanın vKontakte sosial media şəbəkəsində onlayn LGBT qrupunun idarəçisinin həbsindən qaynaqlandığı hesab olunur. Rusiya mətbuatının yaydığı xəbərə görə, sosial şəbəkədəki son paylaşımlarda LGBT fərdlərinə "ən qısa müddətdə respublikadan qaçmaq lazımdır" tövsiyələri səslənib. Aktivistlər hesab edir ki, son həftələrdə çoxlu sayda insan Qroznı şəhərindən 20 km məsafədə yerləşən Arqun yaxınlığındakı bir həbsxanada nəzarətdədir.
"Biz təxminən 40 nəfərin saxlanıldığını bilirik, amma daha da çox saxlanılan ola bilər. İndiyədək nə qədər adamın azadlığa buraxıldığı hələ də aydın deyil. Biz bilirik ki, azadlığa buraxılma halları həbs olunan şəxslərin ailələrinə “məsələyə baxılması' üçün təslim edilməsi şəklində baş verir" - qrup rəhbəri İqor Koçetkov BBC-yə verdiyi məlumatda deyib.
Onun dediyinə görə, təqib hallarının başladığı gündən bəri 140-dan çox adamın bölgədən qaçmağına köməklik edilib. Qrup, biri bıçaqlanma halı olmaqla, iki nəfərin işgəncələr altında öldürülməsinə dair şahid və sübutlara malikdir. Cənab Koçetkov həmçinin bildirib ki, polis hazırda məhbusların səyahət etmələrini mümkünsüzləşdirmək üçün saxlanılanların sənədlərini ələ keçirir. O, Moskva Times qəzetinə bildirib ki, "onların ölkəni tərk etmələrini əngəlləmək üçün hər addıma əl atılır." "Bu, bizim üçün çox pis haldır, çünki təxliyə işini daha da çətinləşdirir."
Hesabatlar BBC tərəfindən müstəqil şəkildə təsdiqlənməmişdir. Ötən ay Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hesabatına görə, respublikada "çox ciddi insan hüquqları pozuntuları" baş verib. Hesabat sağ qalanların ifadələri və dəlillər əsasında tərtib edilib və LGBT fərdləri də daxil olmaqla, azlıqlara qarşı zorakılıq, təqib, işgəncələr, qanunsuz həbslər və mühakiməsiz cinayətlərə dair iddiaları əhatə edir. Hesabat "cəzasızlıq mühiti" olduğunu müəyyən edib və Rusiyanı sui-istifadəni araşdırmağa çağırıb.
Bazar ertəsi Çeçenistan hökumətinin sözçüsü Kremlin dəstəklədiyi RT saytına son iddiaların yanlış olduğunu söyləyib. "40 nəfəri qoyaq qırağa, hətta bircə adam həbs olunsa idi, bütün çeçen xalqı bunu bilərdi. İki nəfərin öldürüldüyü iddiası daha da absurddur", - deyə Alvi Kraimov bildirib.
2017-ci il basqınlarının qurbanlarından biri BBC-yə anonim şəkildə öz saxlanılma təcrübəsi haqqında danışıb. O, elektroşok və döyülmələrlə işgəncəyə məruz qaldığını söyləyib.
"Onların xüsusi bir qara qutusu var və orda əllərinizə və ya qulaqlarınıza tellər keçirirlər. Ağrı dəhşətlidir. Bu, çox ağır işgəncədir", - Ruslan (ad şərtidir) deyir.
Keçmiş məhbuslar döyülmələr zamanı başqalarının adlarını vermək üçün təzyiqlərin göstərilməsindən danışıblar.
Minority Azərbaycan adından biz də Çeçenistan rəsmilərini LGBT fərdlərinə qarşı işgəncə və həbsləri dayandırmağa çağırırıq.
Mənbə: BBC