Dilarə Kazımova ilə müsahibə
Dilara Kazimova 2014-cü ildə Azərbaycanı Eurovision musiqi yarışmasında təmsil edib.
29/Dec/18
6527
"Geylər mənə yaxınlaşıb necə gözəl göründüyümü, qəşəng libasımın və ayaqqabılarımın olduğunu deyirdilər. Yəni, onlar hansısa xırda şeylərə diqqət edirdilər və bu mənə çox xoş təsir bağışlayırdı."
1. Bu yaxınlarda sizin debüt albomunuz çıxdı və bu albomda biz yeni Dilarə ilə tanış olduq. Tamaşaçılar bu yeniliyi necə qarşıladı?
Bəli, albomu o baxımdan debüt saymaq olar ki, o, mənim ən müxtəlif emosiyalarımı çatdırır. Hazırda nə hiss etdiyimi, həyatımın indiki dövrünü. Tamaşaçıların əksəriyyətini deyə bilmərəm, lakin mənə hələ də ən gözəl, ən qlobal, irimiqyaslı rəylər göndərilməkdədir. Çünki mahnılar xaricdə çox məhşurlaşır və bu məni sevindirir. Xarici dinləyicilərin bunu qəbul etməsi göstərir ki, tamaşaçılar alboma çox yaxşı münasibət göstərdi. Avroviziyadan sonra çoxları düşünürdü ki, mən albom çıxaracam, ya yox. Ola bilsin, o, hamının gözlədiyi kimi olmadı. Çünki albom – necə deyərlər, xarakterlidir, fərqlidir.
2. Sizi rok ifaçılığından caz və daha sonra experimental musiqi janrına keçməyə nə vadar etdi? Hansını özünüzə daha yaxın hesab edirsiniz?
Öncədən deyim ki, mən heç vaxt caz ifa etməmişəm. Baxmayaraq ki, çox zaman bu janrı mənə aid edirlər. Çünki mən caz oxumağı bacarmıram. Bu istiqamət çox fərqlidir və onun üzərində kifayət qədər uzun müddət işləmək lazımdır. Eynilə də rok-janrının və s. Mənim musiqimi çətin ki, eksperimental adlandırmaq olar. Orada eksperimental məqamlar var, lakin daha çox indi və ya pop-roka yaxındır. Və mən onu özümə çox yaxın hesab edirəm, çünki orada həm rok-n-roll, həm də pop-musiqinin əks-sədaları hiss olunur.
3. Belə təəssürat yaranır ki, Dilarə əsasən Azərbaycan və Ukrayna üçün çalışır. Bu belədirmi? Və sizi Ukraynaya nə bağlayır?
Azərbaycan üçün çalışmağa hələ başlamamışam, çünki albomum bütünlüklə ingilis dilindədir. Azərbaycan üçün bir qədər sonra çalışmağa başlayacam. Musiqim Azərbaycan dilində və olduqca maraqlı olacaq. Sadəcə indi seçdiyim məzmundan kənara çıxmamaq, eyni üslubda yaratmaq istəyirəm. Bizdə bu bir az çətindir, odur ki, daha çox vaxt aparacaq, lakin mən buna mütləq qayıdacam. Alınmağa başlayanda isə mütləq albom buraxılacaq. İndi isə Ukraynada çox yaxşı qarşılanmağım məni çox sevindirir, orada çoxlu dostlarım var. Çox vaxt mənim çıxışlarım məhz Ukrayna ilə bağlıdır, amma son zamanlar xaricdəngözəl təpki alırıq və yavaş-yavaş o istiqamətdə irəliləyirik. Necə deyərlər, slowly, but surely.
4. Ölkəmizdə eksperimental musiqiçi olmaq nə deməkdir?
Yenə də qeyd edim ki, musiqimin eksperimental olduğunu deyə bilmərəm, lakin onu deyə bilərəm ki, indi ifa etdiyim musiqini Azərbaycan tamaşaçılarının qəbul etməsi bir qədər çətindir. Çünki o, ingilis dilindədir. Amma mən xeyli insan tanıyıram ki, mənim “Running” adlı mahnımı radioda eşidəndə azərbaycanlı sənətçi olduğumu bilib çox təəccüblənmişdilər. Sözün açığı, bu, mənim xoşuma gəlir. İnsanların azərbaycanlı müğənni olmağıma inanmamaqları çox gözəldir. Düşünürəm ki, bu, böyük irəliləyişdir və mən buna şadam.
5. "Unformal" və "Milk and Kisses" qrupları yaradıcılığınızda hansı nöqtədədir?
"Unformal" və "Milk and Kisses" qrupları həyatımda çox önəmli bir mərhələdir. Üstəlik böyük bir məktəbdir: həm “Unformal”, həm də “Milk and Kisses”. Həyatımın heç vaxt unutmayacağım böyük bir kəsiyidir. Çünki onlar mənim təcrübəmdir.
6. İkinci dəfə Avroviziya mahnı yarışmasında iştirak etmək istəyərdinizmi?
Düşünürəm ki, musiqi yarışmalarına artıq son vermişəm, çünki beşdən çox müsabiqədə iştirak etmişəm. Odur ki, artıq öz musiqimi ifa etmək istəyirəm. İstəyirəm ki, insanlar mənim mətnlərimi oxusunlar, mənim istədiyim mahnıları ifa etsinlər. Çünki artıq öz sözümü demək istəyirəm. İkinci dəfə iştirak barədə fikirləşməmişəm. Hətta bu cür təkliflər olsa belə, bunu komandamla birlikdə diqqətlə nəzərdən keçirəcəyik.
7. Avroviziya zamanı digər iştirakçılarla çox mehriban və səmimi idiniz. Hazırda ünsiyyət saxladığınız ölkə təmsilçisi varmı?
Digər iştirakçılarla ünsiyyət saxlamıram. Belə demək mümkünsə, hər zaman alınmır. Lakin bu mənim həyatımın müəyyən bir hissəsi idi və çox möhtəşəm idi. Təcrübələrimizi paylaşmaq olduqca maraqlı idi. Onu deyə bilərəm ki, Bakıda keçirilən seçim turlarından, düz 2010-cu ildən bu yana Ülviyyə Rəhimova kimi yaxın rəfiqə qazandım.
8. Bildiyimiz kimi, Avroviziya Avropada ən çox gey auditoriyası olan mahnı müsabiqəsidir. Bunu orada hiss edə bilirdinizmi?
Bəli, mən hiss edirdim ki, müsabiqənin gey-auditoriyası böyükdür. Bunu görməmək qeyri-mümkün idi. Müsahibə götürənlər və s. gey-audotoriyanın faizi yüksək idi və mən orada bunu yaxşı hiss edirdim. Onlar hətta yaxınlaşıb mənə necə gözəl göründüyümü, qəşəng libasımın və ya ayaqqabılarımın olduğunu deyirdilər. Yəni onlar hansısa xırda şeylərə diqqət edirdilər və mənə çox xoş təsir bağışlayırdı.
9. Azərbaycanda yaşayan LGBT icması ilə Avropada yaşayan homoseksuallar arasında bir fərq varmı?
Sözün açığı, mən Azərbaycanın və Avropanın LGBT-icmaları ilə yaxından tanış deyiləm. Odur ki, müqayisə etmək çox çətin olardı.
10. Üç ay əvvəl ABŞ-ın Orlando şəhərindəki gey-klubda baş verən terror aktı nəticəsində 49 insan həyatını itirdi. Bununla bağlı nə deyə bilərsiz?
Mən ümumiyyətlə heç bir zorakılığı qəbul edə bilmirəm. Kimə qarşı yönəlməyinin heç bir fərqi yoxdur, istər gey və lesbiyan olsun, istərsə də transseksual və ya başqa kimsə. Zorakılıq – olduqca mənfi haldır. Mən aqressiyanı sevmirəm və qətiyyən başa düşə bilmirəm. Orada həyatını itirən insanlara görə çox təəssüf edirəm. Hətta oxuduğuma görə, orada ana və oğlu da var idi. Hesab edirəm ki, aqressiya və emosiyaların bu formada ifadəsi – hər zaman dəhşətlidir.
11. Azərbaycan 2016-cı ilin reytinqinə görə, Avropanın ən homofobik ölkəsi seçilmişdir. Bununla razısınızmı? Razısınızsa, səbəbini nədə görürsüz?
Bununla razı deyiləm. Sadəcə olaraq ona görə ki, Azərbaycanda müxtəlif vəzifələrdə işləyən çoxlu gey tanıyıram və onlara heç kim təzyiq göstərmir. Onları heç kim gey olduğuna görə işdən çıxarmır. Hətta deyərdim ki, geylər burada kifayət qədər normal durumdadır. Onları heç kim təhqir etmir. Odur ki, yuxarıdakı fikirlə razı deyiləm.
12. Azərbaycanın şou-biznes aləmində homoseksualların kifayət qədər yer aldığı deyilir. Bəs homofob insanlar çoxluq təşkil edirmi? Onlara hansı mesajı vermək istəyərdiniz?
Əslində mən heç kimə mesaj vermək istəməzdim. Sadəcə onu deyə bilərəm ki, qoy hər kəs öz işi, öz həyatı ilə məşğul olsun. Ən vacibi elə budur. Biz bilmirik, bəlkə uzaq keçmişdə hansısa gey bir kişi hansısa uşağa qarşı yanlış addım atıb və nəticədə həmin insanda homofobiya yaranıb. Axı biz bilmirik, bu insan niyə geyləri sevmir. Ola bilsin, bunun müxtəlif səbəbləri var. Yenə də təkrar edirəm ki, aqressiyanın əleyhinəyəm. Həmçinin, bir çox geylərin etdiyi kimi hər şeyi nümayiş etdirməyin də əleyhinəyəm. Məsələn, sən heç nə istəmirsən, sənə mühüm deyil ki, qarşındakı insan geydir ya yox, lakin həmin adam bunu «because i am black» olaraq qəbul edir, necə ki, əvvəllər afroamerikalılar belə edirdi. Yəni insan haqsız olsa belə, ona bunu demək mümkün olmurdu. Hər şey ona gətirib çıxarırdı ki, o, qaradərilidir və buna görə təzyiqlə üzləşir. Mən bunu yanlış hesab edirəm. İstənilən halda heç nəyi nümayişkaranə şəkildə etmək lazım deyil. Homofobiya da nümayiş olunmamalıdır. Psixoloqlar deyir ki, bəzən əgər bir insan həddindən artıq homofobdursa, o, latent geydir. Üzr istəyirəm, bəlkə də bu, düzgün ifadə deyil. Lakin əgər insan nəyəsə çox qətiyyətli yanaşırsa, ya onun ciddi səbəbləri var, ya da daxilində başqa bir şey gizlənir. Yenə də qoy hər kəs öz işi ilə məşğul olsun və heç kəsdə qıcıq oyatmasın.
13. Sizi eyni zamanda heyvansevər biri kimi tanıyırıq. Ev heyvanınız varmı?
Bəli, ev heyvanlarım var. Pişiyim və itim. Pişiyim təəssüf ki, bu yaxınlarda qocalıqdan vəfat etdi. Lakin mən itləri çox sevirəm və imkan olduqca onları daha çox yanımda saxlamaq və onlara kömək etmək istəyirəm. Çünki heyvanlar ən səmimi, ən sevimli canlılardır. Hətta deyərdim ki, indiki zamanda insanlardan daha insaniyyətlidirlər.
14. Sonda oxucularımıza nə demək istəyərdiniz?
Sonda oxuculara demək istəyərdim ki, qoy heç kəs kiminsə onu qəbul etməsinə və ya etməməsinə görə narahat olmasın. Çünki hər kəs öz həyatını yaşayır və əslində heç kimə heç nəyi isbatlamağa gərək yoxdur. Əgər özünlə harmoniyada yaşayırsansa, işıq saçırsansa, əgər xoşbəxtsənsə və sevgi bəxş edirsənsə, mənə elə gəlir ki, insanlar sənə can atacaqlar. Yəni insanlar daxilində olanı hiss edəcəklər. Kiməsə nəsə sübut etmək və nümayişə çıxarmaq lazım deyil. Yaşadığın kimi yaşamaq, öz daxilində xoşbəxt olmaq lazımdır. Xoşbəxtlik də, bədbəxtlik də öz içimizdədir. Daxildəki harmoniya – sevgi hissidir, azadlıq hissidir, əgər kimsə qəbul etmirsə, sevmirsə, qoy etməsin. Geylər də, lesbiyanlar da, transseksuallar da - adi insanlardır. Hətta heteroseksuallar arasında da bir-birilərini sevməyənlər və nifrət edənlər olur. Yəni nəyisə sırf cinsi istəklərə bağlamaq lazım deyil. Bu, çıxış yolu deyil. Ən başlıcası, xoşbəxt olmaq istəyidir. Yekunda arzu etmək istəyərdim ki, qoy insanlar bir-birilərinə qarşı dözümlü, sevgi dolu olsunlar və bir-birilərinə dəstək olmağa çalışsınlar. Qoy hər kəs özünə «reminder» etsin: sevgi bəxş et, istilik bəxş et, hər kəsə kömək et, fərqi yoxdur ki, o kimdir, hansı rəngdədir, hansı inanca sahibdir və s. Qoy insanlar bir-birilərinə gülümsəsinlər, təbəssüm doğrudan da çox şeyi həll edə bilər. Aqressiya və münaqişələr isə daha az olsun, çünki dünyada onsuz da son zamanlar anlaşılmaz şeylər baş verir. Mənfi emosiyalardan uzaq olun. Bir-birinizə daha çox sevgi bəxş edin.