LinkedIn-də qadınlar görünənlik üçün kişi kimi təqdim olunmağa məcbur qalır

The Washington Post-un yazdığına görə, LinkedIn-də bəzi qadınlar paylaşımlarının görünənliyini artırmaq üçün profillərini kişi kimi təqdim etməyə başlayıblar. ABŞ-li psixoloji sağlamlıq mütəxəssisi Megan Cornish adını və dilini daha “kişi mərkəzli” formaya saldıqdan sonra paylaşımlarının baxış sayının dörd dəfə artdığını bildirib.

Cornish ChatGPT-dən istifadə edərək profil mətnindəki “qadın kodlu” ifadələri dəyişib. Bu təcrübə sosial şəbəkədə geniş müzakirələrə səbəb olub və bir çox qadın istifadəçi oxşar nəticələr əldə etdiyini deyib. Eyni zamanda, LinkedIn rəhbərliyi algoritmlərin gender kimi demoqrafik göstəriciləri nəzərə almadığını iddia edir.

Mütəxəssislər isə bunun sistemli stereotiplərlə əlaqəli olduğunu bildirir. Carol Kulik, University of South Australia nəzdində İş Mükəmməlliyi Mərkəzinin professoru deyib ki, peşəkar mühitlərdə istifadə olunan dil əsasən kişi mərkəzlidir və bu, qadınların töhfələrinin daha az dəyərli kimi qəbul olunmasına səbəb olur.

2025-ci ildə yayımlanan akademik araşdırma da qadın liderlərin yüksək vəzifələrə yüksəlməsində gender stereotiplərinin hələ də ciddi maneə olduğunu göstərib. Araşdırmaya görə, müəllifin kişi olduğu bilinən məhsullar — istər CV, istər elmi məqalə, istərsə də proqram kodu — avtomatik olaraq daha “keyfiyyətli” kimi qiymətləndirilir.

Powered by Froala Editor