2019-cu ildə Queer Habibi ilə sənət haqqında müsahibə
Queer Habibi: anonimlik, görünənlik və Yaxın Şərqdə kuir təsvirlər — 2019 müsahibəsi
11/Jan/26
66
Queer Habibi: anonimlik, görünənlik və Yaxın Şərqdə kuir təsvirlər — 2019 müsahibəsi
Bu müsahibə ilk dəfə 2019-cu ildə Minority Magazine jurnalında yayımlanıb. Məzmun arxiv materialı kimi olduğu kimi saxlanılıb və müəllifin həmin dövrdəki mövqeyini əks etdirir.
Queer Habibi bu müsahibədən sonra da Yaxın Şərq və Şimali Afrikada kuir görünənliyinə dair işlərini davam etdirib.
1. Bu işlərə sizi ilhamlandıran əsasən nədir?
Layihəm bir ildən çoxdur ki, davam edir, lakin ideya xeyli əvvəl yaranıb və mən uzun müddət eskizləri saxlamışam. Nəhayət, 2018-ci ilin yanvarında onları dərc etmək cəsarətini özümdə tapdım. Bütün illüstrasiyaları necə çəkmək və təqdim etməklə bağlı çoxlu düşüncələr və problemlər vardı. Belə ki, mənim incəsənət təhsilim yoxdur və bütün bunları kağızda vizualizasiya etmək bir qədər çətin idi. İlk növbədə mənə ilham verən öz həyatımın məqamları və dostlarımın hekayələri idi. Gördüyünüz kimi, illüstrasiyalarımdakı hadisələr əsasən Livanda, Beyrut şəhərində vaqe olur - bu, LGBT icmasına münasibətdə ən qabaqcıl ərəb ölkələrindən biridir. Burada böyük bir yaradıcı ab-hava var və qismən azadlıq mümkündür. İkinci ildir ki, burada prayd keçirilir. Ümumilikdə Beyrut elə bir şəhərdir ki, ilham verməyə bilməz. Digər ölkələrə gəlincə isə, mən səyahət etməyə və ilham tapmağa çalışıram. Çox vaxt mənima ardıcıllarım da mənim ilham pərim olur. Onların sayı isə 30 mindən çoxdur və hər birinin möhtəşəm hekayələri var. Onlar az qala hər gün hekayələri mənlə paylaşırlar.
2. Öz kimliyinizi nə üçün gizli saxlayırsız?
Təəssüf ki, hal-hazırda həyatımdakı bəzi səbəblərə görə nəinki ardıcıllarımın, həm də ailəmin qarşısında anonim qalmalı oluram. Təhlükəsizlik məqsədilə və digər qorxularıma görə. Ümid edirəm ki, gələcəkdə güclü və açıq ola biləcəm.
3. Bakıda heç olmusuz, olmusuzsa təəssüratlarınızı bizimlə bölüşərdiniz?
Yuxarda dediyim kimi, çoxlu səyahət etməyə və Yaxın Şərq və Şimali Afrika regionundan kənar ölkələr haqqında daha çox oxumağa çalışıram. Çünki YŞŞA regionu əslində ənənələrinə, dini doqmalarına və bir çox başqa cəhətlərinə görə bir-birinə oxşardır. Mənə öz illüstrasiyalarımda Azərbaycanı təsvir etmək maraqlı idi. Düşünürəm ki, İran və Türkiyə LGBT-lərinin görünənliyi mövzusunun davamı kimi bunu etməyi bacararam. Sizin ölkələriniz həm tarixən, həm də ümumilikdə LGBT icmasındakı insanların hüquqlarına görə bir çox ortaq cəhətlərə malikdir. Mən bu regionları ziyarət edəndə vəziyyət orda yaşayan hər kəs üçün oxşar idi.
4. Sizcə işləriniz ümumi LGBTQ hərəkatına necə təsir edir?
Düşünmürəm ki, mənim işlərim nələrəsə qlobal təsir edə bilər. Mən sadəcə illüstratoram və hansısa təşkilatın adından fəaliyyət göstərmirəm. Lakin insanların mənə yazdığı şeylər baxımından mühakimə etsək, çoxları deyir ki, mən şərq ölkələrindəki LGBT icmalarını görünən edirəm və bu, onlar üçün vacibdir. Mənimçün bu fikirlər dəyərlidir və ümid edirəm ki, bu mövzuları öz işlərində işıqlandıran müxtəlif istiqamətli cəsur rəssamların sayı artacaq.
5. Sosial mediyada insanların sizin işlərə münasibəti necədir? Ünvanınıza hədə-qorxu mesajları gəlirmi?
Layihəm işə salınanda əvvəlcə toksik və neqativ ismarıcların böyük axınını müşahidə edirdim. İllüstrasiyalarımdakı peyzajları sevməyən dindar şəxslərdən çoxlu iradlar var idi. Lakin mən yenə də təkrar etmək istəyirəm ki, heç kimin xətrinə dəymək və heysiyyatına toxunmaq fikrim yoxdur - qismən dini tikililərin də yer aldığı şəhər sketçlərini şəhər landşaftına aid edirəm. Axı bu, memarlığın bir hissəsidir. Mən çox vaxt bu və ya digər şəhəri nişan vermək və göstərmək istəyirəm.
Hazırda isə mən layihəm haqqında xeyli müsbət rəy və şərhlər alıram. Bu da məni xoşbəxt edir və davamını gətirməyə ruhlandırır!
Powered by Froala Editor