Brüsseldə keçirilən tədbirlərdə anti-trans çıxışların artdığı bildirilir

POLİTİCO məlumat verir ki, Brüsseldə, Avropa Parlamentində və digər Aİ institutlarında trans hüquqları ilə bağlı müzakirələr fonunda bir sıra tədbirlər keçirilib. Hüquq müdafiə təşkilatları bildirir ki, son bir ildə Brüsseldə anti-trans mövqeli çıxışlara daha çox institutlaşdırılmış platformalarda yer verilir. 

ILGA-Avropa təşkilatının siyasət üzrə nümayəndəsi Cianán Russell qeyd edib ki, trans mövzusu “siyasi baxımdan asan hədəfdir”, çünki söhbət “kiçik və geniş şəkildə yanlış anlaşılan bir icmadan” gedir. Onun sözlərinə görə, son bir ildə Avropa Parlamentində ən azı beş tədbir baş tutub və anti-trans aktorlar daha rəsmi, institusional məkanlara çıxış əldə ediblər. Bunlardan biri bu ay keçirilən “Yeddinci Transatlantik Sammit” olub. ABŞ-da fəaliyyət göstərən Qlobal Nifrət və Ekstremizmə Qarşı Layihə bu tədbirdə çıxış edən bəzi şəxslərin transları ələ saldığını bildirib.

Tədbirlərin təşkilatçıları isə bunu rədd edərək, “hər bir insanın ləyaqətinə hörmət” göstərdiklərini bəyan ediblər və “transgenderizm” mövzusunda “elmi məlumatlardan istifadə etməyin” ələ salmaq olmadığını bildiriblər. Bununla yanaşı, çıxışçılar arasında trans kimliyini heyvanlarla eyniləşdirən müqayisələr edən şəxslərin olduğu qeyd olunub. Belə müqayisələr transların insanlıq statusunu şübhə altına alan və onları qeyri-ciddi, hətta təhlükəli kimi təqdim edən ritorikanın bir hissəsi kimi qiymətləndirilir.

Avropa Parlamentində keçirilən digər tədbirlərdə “Trans İdeologiyasının Təhdidi” kimi başlıqlardan istifadə olunub və Aİ-nin “gender ideologiyasına aludə olduğu” iddia edilib. Bu cür ifadələr kuir kimlikləri siyasi layihə və ya ideoloji təhlükə kimi çərçivələndirir. Bu isə transların və ümumilikdə LGBTQİ+ların hüquqlarını fundamental insan hüquqları deyil, mübahisəli siyasi mövqe kimi təqdim etməyə xidmət edir. Hüquq müdafiəçiləri bunu əsas hüquqların geri çəkilməsi prosesinin tərkib hissəsi kimi qiymətləndirirlər.

Avropa Parlament Forumunun (EPF) məlumatına görə, 2019–2023-cü illər arasında “anti-gender” adlandırılan hərəkatla əlaqəli yüzlərlə qrup ümumilikdə 1,18 milyard dollar vəsait toplayıb. Bu qruplar abort, seksual maarifləndirmə və trans hüquqları kimi mövzularda lobbiçilik aparır. ABŞ-da bu müzakirələrin əsasən dini sağçı qüvvələr tərəfindən aparıldığı, bəzi Amerika qruplarının isə Avropadakı siyasi fiqurlar və beyin mərkəzləri ilə əməkdaşlıq etdiyi bildirilir.

Böyük Britaniyada Ali Məhkəmənin qadının leqal tərifini bioloji cinsə əsaslandıran qərarı fonunda trans hüquqları ətrafında debatlar daha da kəskinləşib. ILGA-Avropanın Göyqurşağı Xəritəsinə görə, Böyük Britaniya 2019-cu ildə ən yüksək mövqedə olduğu siyahıda 2025-ci ildə 49 ölkə arasında 22-ci yerə enib. Hüquq müdafiəçiləri bunu hüquqi və siyasi mühitdə dəyişikliklərin göstəricisi kimi qiymətləndirirlər.

Bu proseslər kuir icmalar üçün yalnız nəzəri mübahisə deyil. Trans kimliklərin “ideologiya”, “təhdid” və ya “elita dəyəri” kimi təqdim edilməsi onların hüquqi müdafiəsini zəiflədə, ictimai damğalanmanı gücləndirə və təhlükəsizlik risklərini artıra bilər. Xüsusilə siyasi institutlarda bu ritorikanın legitim platforma qazanması LGBTQİ+ların vətəndaş cəmiyyəti məkanında iştirak imkanlarına və hüquqlarının müdafiəsinə uzunmüddətli təsir göstərə bilər.

Powered by Froala Editor