Rüzgarın anası təqsirləndirilən şəxsi bağışladığını bildirib

Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində kuir vətəndaş, “Rüzgar” adı ilə tanınan 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Təqsirləndirilən şəxs mərhumun əmisi Babək İbadovdur. Prosesə hakim Elmin Rüstəmov sədrlik edib. Məhkəmədə zərərçəkmişin hüquqi varisi olan anası İ.S. ifadə verərək təqsirləndirilən şəxsdən şikayətçi olmadığını və onu bağışladığını bildirib. İş üzrə elan olunmuş ilkin ifadədə Yasin İbadovun kuir olduğu və ailədə bu səbəbdən ona qarşı nifrət yarandığı qeyd edilib. Bu barədə Meydan TV məlumat verib. 

İstintaq materiallarına görə, Yasin İbadovun seksual və gender kimliyi ailə daxilində qəbul edilməyib. İlkin ifadədə bildirilib ki, təqsirləndirilən şəxs qardaşı oğlunun kuir olmasını qəbul edə bilməyib. Bu fakt kuir kimliyinin ailə çərçivəsində “qəbul olunmayan” hal kimi təqdim edildiyini və bunun zorakılıqla nəticələndiyini göstərir. Məhkəmədə ananın şikayətçi olmaması və bağışlama mövqeyi isə hüquqi prosesdə ailədaxili münasibətlərin necə rol oynadığını gündəmə gətirir. Kuir vətəndaşlara qarşı zorakılıq hallarında ailənin mövqeyi çox vaxt həm ictimai qiymətləndirməyə, həm də ədalət axtarışına təsir göstərir.

Hadisənin ötən ilin noyabrın 6-da Bakının Səbail rayonunda baş verdiyi, Yasin İbadovun çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirildiyi bildirilir. Şahidlərin sözlərinə görə, hadisə yerində ətrafdakı şəxslər müdaxilə etməyib, polis və təcili tibbi yardım isə gec gəlib. Mərhumun daha əvvəl Türkiyədə yaşadığı və qohumları tərəfindən təhdid edildiyini bildirilib. 

Hazırda Babək İbadova Cinayət Məcəlləsinin xüsusi amansızlıqla adam öldürmə, xuliqanlıq niyyəti ilə qətl, xuliqanlıq və qanunsuz silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Növbəti məhkəmə iclası martın 4-nə təyin olunub.

Powered by Froala Editor