Sistem “homoseksualın” nə olduğunu bilir, sadəcə bizi qorumağı rədd edir

Müəllif: Əli Məlikov

Qəzəbliyəm, icma yoldaşım. Son aylarda məni narahat edən bir mövzu var. Kuirlər ilə bağlı bir neçə məhkəmə prosesini izləmək imkanım olub. Amma qohumu tərəfindən kuirfobiya zəmində qətl edilən Rüzgarın işi davam etdikcə bir hiss məni rahat buraxmır. Bu işlərdə bizə qarşı sistemli bir laqeydlik görürəm.

19 yaşlı kuir gənc keçən  ilin noyabr ayının 6-da əmisi Babək İbadov tərəfindən “Tarqovı”nın arxa küçələrindən biri olan Bəşir Səfəroğluda qətlə yetirilmişdi. Onun Türkiyədə yaşadığı, sadəcə xarici pasportunu yeniləmək üçün 10 günlük Azərbaycana gəldiyi bildirilirdi.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan prosesdə təkrar bizə tanış hadisələr, laqeydliklər görünməyə başlayıb. Son məhkəmələrin birində Rüzgarın anası İ.S. ifadəsində deyib ki, “Oğlumun ölümündən hadisənin səhəri gün xəbər tutdum. Qaynımdan şikayətçi deyiləm, onu bağışlamışam”  - deyib. Azərbaycanda LGBTQİ+ların qətli hadisələrində hüquqi varisin qatili bağışlaması bir növ ənənələşib. Keçən ay qətlinin 4-cü ildönümünü qeyd etdiyimiz jurnalist Əvəz Hafizlinin hüquqi varisi olan qardaşı da məhkəmədə onun qatili olan əmisi oğlu Əmrulla Gülalıyevi bağışladığını bildirmişdi. Beləcə, hüquqi varisin təqsirləndirilən şəxsi bağışlaması ilə cinayətkar daha az cəza almışdı.

Azərbaycanın patriarxal hökumət aparatı və onun təsiri altında olan patriarxal məhkəmələrlə patriarxal ailələr birləşərək LGBTQİ+ qətllərində belə qatilin layiq olduğu cəzanı almasına mane olmağa davam edirlər. Azərbaycan qanunvericiliyinə görə qətl kimi ağır cinayətlərdə tərəflərin barışması cinayət işini dayandırmır. Lakin məhkəmələr bunu yüngülləşdirici hal kimi qiymətləndirir. Praktikada isə bu mexanizm tez-tez zərərçəkən  tərəfinin sosial təzyiq və ya uzun məhkəmə prosesinin yaratdığı yorğunluq səbəbilə geri çəkilməsi yarana bilir.

Əvəz Hafizlinin ilk məhkəmə prosesində anası təqsirləndirilən Əmrulla Güləliyevin ən ağır şəkildə cəzalandırılmasını tələb edirdi, lakin nə baş verdisə növbəti iclasda ailələr barışıq elan etdilər və Əvəzin anasının bir daha məhkəmə zalında çıxış etməsini görmədik. Elə bu baş verənləri görə bilməyək deyə 30 nəfərin rahatlıqla yerləşə biləcəyi iclas zalına buraxılmamağa başlandıq. Bütün bunları əvvəlcədən təxmin etdiyimiz üçün hazırlıqlı idik. Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında son prosesədək ictimai nəzarətimiz və Əvəzə dəstək aksiyalarımız davam etdi.


4 iyul, 2022

Müəllif: Ülviyyə Əli

20 iyun, 2022

Müəllif: Ülviyyə Əli

Ailələrin övladlarının kimliyi səbəbindən onları müdafiə etməmələrii gənclərin çətin həyat şəraitində yalnız qalmalarına, evsizliyə, psixoloji problemlərə və bəzi hallarda intihar cəhdlərinə gətirib çıxarır. 2014-cü ildə intahar edən İsa Şahmarlının taleyində də oxşar sosial mexanizmləri görmək mümkün idi. Vahid Əliyev 2020-ci ildə Minority Azərbaycanda İsa Şahmarlının dəfni haqqında yazırdı ki, "İsanın anası onu rədd etmişdi, qohumları da qəbul etmirdi. İsa dəfn olunan gün heç vaxt yadımdan çıxmaz, qohumlar gələnlərə əvvəlcə mane oldular, jurnalistlərə və yoldaşlarına hücum çəkdilər. Bütün bunlara baxmayaraq, iştirak edə bildik. Kuir bir talenin sonunu hamımız izlədik, qəbrin üzərində LGBT bayrağı var idi. Ziyarət edənlərin, demək olar ki, hamısı İsa ilə eyni taleni bölüşürdü".

Patriarxal ailə strukturları, qohum təzyiqi və ictimai stiqma bu işlərdə təsadüfi faktorlar deyil. Əksər hallarda, bu səbəblərdən zərərçəkən tərəfdə qurbanı müdafiə etmək istəyən insanlar olarsa belə, susdurulurlar. Amma məsələ yalnız bununla yekunlaşmır. Problem həm də ondadır ki, eyni mexanizm hüquq sisteminin özündə də təkrarlanır. Məsələn, çox hallarda məhkəmə qurbanın kimliyini iqnor edir, motivi tanımır və cinayəti fərdi münaqişə səviyyəsinə endirir. Ehtiyac yarandıqda isə həmin kimlik birdən-birə cinayətkar üçün bəraət arqumentinə çevrilir. Naxçıvanda azyaşlının zorlaması ilə bağlı məhkəmə qərarında təqsirləndirilən şəxsin “homoseksuallıqdan əziyyət çəkdiyi” qeyd olunmuş və bu, cəzanın yüngülləşdirilməsi üçün əsas kimi istifadə edilmişdi.

Daha sağlam hüquq sistemlərində hakimin şərh və vicdanı qanunvericilikdəki boşluğu kompensasiya edə bilir. Mövcud hüquqi boşluqların ört-basdır üçün istifadə edildiyi bir mühitdə isə bizlər üçün ədalət azsaylı insanların ümidinə möhtac qalmaqdadır.

Hüquqi neytrallıq eyni prinsipin ardıcıl şəkildə tətbiq edilməsini tələb edir. Kuir mövcudluq selektiv və sərf edən şəkildə məhkəmə işlərinə daxil edilirsə, burada təsadüfdən söhbət gedə bilməz. Deməli, sistem də “homoseksualın” nə olduğunu bilir, lakin hüquqi təsnifatı əsas gətirməklə zorakılığın səbəblərini tanımaqdan imtina edir. Oxşar məntiqin müxtəlif işlərdə təkrarlanması fərdi hakim qərarlarının nəticəsi yox, bir ənənə və bizə biçilmiş taledir.

Rüzgarın işi hələ yekunlaşmayıb, məhkəmə prosesi davam edir. Soruşmaq istəyirəm ki, bu dəfə işin sonunu təxmin edə bilirsiniz? Məsələn, martın 4-də keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili onun psixiatrik ekspertizadan keçirilməsi üçün vəsatət qaldırıb. Xoşbəxtlikdən, dövlət ittihamçısı vəsatət üçün əsasın olmadığını bildirərək məhkəmədən onun təmin olunmamasını xahiş edib və məhkəmə vəsatəti təmin etməyib. Kağız üzərində bu, normal hüquqi prosedur kimi görünə bilər, amma bu cür vəsatətlər çox vaxt təqsirləndirilən şəxsin psixi vəziyyətinin problemli olduğunu sübut etmək, onu cəzaçəkmə müəssisəsi əvəzinə psixiatriya xəstəxanasına göndərmək və ya cinayət məsuliyyətini yüngülləşdirmək üçün istifadə edilir. 

Mən bütün icma yoldaşlarımı Rüzgara səs olmağa çağırıram. Dostlarımızı, jurnalistləri, eləcə də bu qərarı verəcək məhkəməni məsuliyyətli yanaşmaya və empatiyaya dəvət edirəm.

Ədalət yalnız qanunun mövcudluğu ilə ölçülə bilməz.

Bizə eyni taleni yaşatmayın.

Bizi tək qoymayın.

Powered by Froala Editor