Bakı məhkəməsi müdafiənin psixiatrik ekspertiza tələbini ikinci dəfə rədd edib
Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində 19 yaşlı kuir gənc və icma daxilində Rüzgar adı ilə tanınan Yasin İbadovun qətli ilə bağlı növbəti məhkəmə iclası keçirilib
02/Apr/26
64
Bakı məhkəməsi müdafiənin psixiatrik ekspertiza tələbini ikinci dəfə rədd edib
Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində 19 yaşlı kuir gənc və icma daxilində Rüzgar adı ilə tanınan Yasin İbadovun qətli ilə bağlı növbəti məhkəmə iclası keçirilib. Hakim Elman Rüstəmovun sədrlik etdiyi prosesdə müdafiə tərəfinin irəli sürdüyü iki vəsatət, psixiatrik ekspertiza və təkrar kriminalistik ekspertiza tələbləri hakim heyəti tərəfindən rədd edilib.
Mərhumun əmisi və cinayətin yeganə şüphəlisi olan 38 yaşlı Babək İbadovun vəkili bu vəsatətlərdən birincisini, yəni müvəkkiliyin psixi vəziyyətinin yoxlanılması xahişini martın 4-də keçirilən əvvəlki prosesdə də qaldırmışdı. Məhkəmə hər iki iclasda bu tələbi ödəməkdən imtina edib.
Dövlət ittihamçısı öz yekun çıxışını etmək üçün məhkəmədən vaxt istəyib. Aprelin 13-nə təyin olunan növbəti iclasda prokurorluğun Babək İbadova tətbiq edilməsini tələb edəcəyi cəza miqdarı açıqlanacaq.
Hadisə 2025-ci il noyabrın 6-da Bakının Səbail rayonunda, Bəşir Səfəroğlu küçəsində baş verib. 2006-cı ildə anadan olan Yasin İbadov Türkiyədə yaşayırdı və yalnız xarici pasportunu yeniləmək məqsədilə 10 günlük Azərbaycana gəlmişdi. Şahid ifadələrinə görə, o, çoxsaylı bıçaq xəsarətləri nəticəsində həyatını itirib.
Fevralın 4-də keçirilən məhkəmə iclasında Babək İbadov öldürmə faktını etiraf edib, lakin mərhumun gender kimliyindən yalnız sonradan xəbər tutduğunu iddia edib. Həmin prosesdə dindirilən şahidlər Yasinin Türkiyəyə getməsindən əvvəlki hadisələri, ailə üzvlərinin onu "tapıb geri gətirmək" cəhdlərini və qətlin baş verdiyi gün yaşananları təsvir ediblər.
Fevralın 23-də isə mərhumun anası məhkəmədə ifadə verərək təqsirləndirilən şəxsdən şikayətçi olmadığını və onu bağışladığını bildirib. Belə bir mövqe Azərbaycan hüquq sistemi çərçivəsində cinayət işinin gedişatına birbaşa təsir göstərə bilər.
Mərhumun kuir kimliyi işin ictimai rezonansını əhəmiyyətli dərəcədə artırmalıdır. Minority Azərbaycan məhkəmənin homofob və kuirfob motivləri cinayətin ağırlaşdırıcı halı kimi dəyərləndirməsini və zərərçəkənin ləyaqətini qorumasını tələb edir.
Babək İbadova Cinayət Məcəlləsinin 120.2.2 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.4, 221.3 (xuliqanlıq) və 228.5 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.
Növbəti məhkəmə iclası aprelin 13-də saat 10:45-də keçiriləcək.
Powered by Froala Editor