Barselonadan dişi ayı Carnelia Cortés ilə müsahibə

Azərbaycandan çıxıb Barselonada özünü tapan azərbaycanlı sənətçi Elvin Novruzov canlı oxuyan, öz mahnılarını yazan, ayı [red: bear] icmasının rəngli üzvü drag queen. O, Carnelia Cortés adı ilə tanınır, həm maraqlı bir insan, həm güclü bir səs, həm də çox şəxsi bir azadlıq hekayəsidir. Onunla köklərindən, köçdən, drag-dan, musiqidən və dünyanı bir az daha yaxşı etmək istəyindən danışdıq.


"Azərbaycanda doğulmuşam, amma Carnelia Barselonada dünyaya gəlib"

Hər insanın həyatında elə bir an olur ki, özü olmağa qərar verir. Carnelia Cortés üçün bu an Barselonada olub. Təxminən bir il yarım əvvəl bu şəhərə köçən Carnelia, bu addımın sadəcə coğrafi deyil, daxili bir dönüş nöqtəsi olduğunu deyib.

Azərbaycan keçmişini nə inkar edir, nə də gizlədir. Əksinə, kökləri onun üçün vacibdir, kimliyinin bir hissəsidir. Amma Carnelia kimi tanıdığımız insan, o azadlıq hissi, o açıqlıq, bunlar Barselonada formalaşıb.

"Bir tərəfdən, Carnelia Azərbaycanda doğulub — köklərim, tarixim oradadır. Amma daha dərin, simvolik mənada o, məhz Barselonada doğulub. Çünki məhz burada mən özümü tam şəkildə açmağı, azadlığı hiss etməyi və olduğum insan kimi yaşamağı bacardım."

Bu cümlədə çox şey var. "Olduğum insan kimi yaşamaq", bəlkə də ən sadə, ən ağır və ən güclü ifadədir. Çünki bu hüquq çoxlarına çox yerlərdə verilmir.


"Osa" — dişi ayı, bear estetikası və özünü qəbul etmək

Carnelia Cortés drag sənətinin bir ayrılmaz hissəsi də Osa-dır, ispanca "dişi ayı" deməkdir. Bu seçim təsadüfi deyil. Carnelia özünü bear icmasına iri, tüklü, "standart gözəllik" anlayışının kənarında qalan, amma bütün bunları qürurla daşıyan kişilərdən ibarət bir icmaya aid edir.

"Mən özüm 'ayıyam' və mənim üçün çox təbii idi ki, Carnelia 'dişi ayı' olsun. Bu, mənim drag obrazımda öz əksimdir."

Bear mədəniyyəti sadəcə bədən tipinin deyil, özünü qəbul etmənin, "mükəmməl" olmağa çalışmadan mövcud olmanın simvoludur. Carnelia bu estetikadan həm şəxsi, həm də bədii mənada qidalanır.

Amma o, burada çox vacib bir nüansı da vurğulayır, drag haqqında geniş yayılmış bir yanlış anlaşılmanı aradan qaldırır:

"Mən heç vaxt özümü qadın hesab etməmişəm və etməyəcəyəm — mən özümü kişi kimi görürəm. Drag mənim üçün gender dəyişmək deyil, bu bir ifadə formasıdır. Ona görə də mən kişi xüsusiyyətlərini saxlayıram: bədənimi qırxmıram, qarnımı gizlətmirəm, özümü olduğum kimi göstərirəm. Bu, kişi və qadın tərəflərimi birləşdirməyin mənə aid yoludur."

Carnelia kimdir?

Heç görməmiş birinə Carnelia-nı necə izah edərsiniz? Bu sual bəzən insanları uzun, mürəkkəb cavablara aparır. Carnelia isə sadəliyi seçir:

"Bu, azadlığın və özünü qəbul etməyin bir obrazıdır. Bu, güc və həssaslığın, kişi və qadın enerjisinin birləşməsidir. Bu, sadəcə mənəm — ən dürüst və açıq halımda."

Drag onu tapıb, yoxsa o drag-ı?

Bəzi insanlar drag-a gec gəlir, ömrünün ortasında, təsadüfən, birinin tövsiyəsi ilə. Carnelia-nın hekayəsi belə deyil. Bu maraq həmişə orada idi, sadəcə ona qapı açılmasını gözləyirdi.

"Bu məni həmişə cəzb edib. Həmişə bu obrazı sınamaq, özümü başqa tərəfdən görmək istəmişəm. Və bir gün sadəcə özümə buna icazə verdim — və anladım ki, bu həqiqətən mənimdir."

"Özümə icazə verdim", bu üç söz müsahibəmizin ən güclü anlarından biridir. Çünki çox zaman əsas maneə başqaları deyil, özümüzük.

Barselona: Şəhər deyil, bir ayna

Barselona Avropanın ən canlı LGBTQİ+ şəhərlərindən biridir. Eixample məhəlləsi, drag şouları, kuir mədəniyyəti, bunlar burada şəhərin bir parçasıdır. Carnelia bu mühitin özünə olan təsirini belə ifadə edir:.

"Burada insanların necə azad yaşadığını, özləri olmaqdan qorxmadığını gördüm. Heç kimə fərqi yoxdur sən kimsən və necə görünürsən — insanlar üçün əsas olan sənin yaradıcılığındır. Qalan hər şey şəxsi məsələdir."

Bu mühit Carnelia-ya yaradıcılığını inkişaf etdirmək üçün təkcə platforma deyil, həm də:

"Bu məni çox ruhlandırdı və mənə bir növ təkan verdi — doğru yolda olduğuma əminlik verdi."

Bəzən insanın ehtiyac duyduğu şey rəhbərlik deyil, sadəcə əminlikdir. Barselona Carnelia üçün bu əminlik oldu.


Lip sync etmir. Canlı oxuyur.

Drag queen deyiləndə bir çoxunun gözündə parlaq kostyumlar, dramatik makiyaj və lip sync, yəni ağızla uyğunlaşdırma canlanır. Carnelia bu stereotipi birbaşa rədd edir:

"Mən klassik drag queen kimi lip sync etmirəm. Mən canlı oxuyan drag sənətçisiyəm — mənim əsasım səsdir. Mən beauty-blogger deyiləm və makiyaja fokuslanmıram. Mən bilirəm ki, sadə makiyaj edirəm və bu mənə kifayətdir. Mənim üçün əsas olan musiqi, səs və emosiyadır."

Bu, Carnelia-nı özünəməxsus bir yerdə qoyur. O, həm müğənni, həm müəllif, həm də aranjemançıdır. Öz mahnılarının sözlərini də, musiqisini də özü yazır, səslənməsi üzərində özü işləyir. Cover-lərdə isə mahnının müəllifi olmasa da, bütün musiqi interpretasiyası ona aiddir.

Bəs ilham haradan gəlir? Mahnılar necə doğulur?

"Hər dəfə fərqli olur. Bəzən hər şey sözlərdən başlayır, bəzən melodiyadan, bəzən isə sadəcə güclü emosiyadan — sevinc, kədər, ya başqa bir hiss. Mənim üçün əsas olan o hissi tutmaq və onu musiqiyə çevirməkdir."

"Qısqana Qısqana" — Azərbaycandan Barselonaya bir körpü

Carnelia-nın ən son proyekti həm şəxsi, həm də simvolik bir addımdır. O, Azərbaycan musiqisinin tanınmış ifaçısı Natavan Həbibinin "Qısqana Qısqana" mahnısına drag obrazında cover hazırlayıb. Bu, iki dünyanın, iki kimliyin, iki şəhərin bir araya gəlməsidir.

"Bu mahnı mənə həmişə çox yaxın olub və çox bəyənmişəm. Açığı, niyə əvvəllər cover etmədiyimi bilmirəm. Ümumiyyətlə, Natavan Həbibinin yaradıcılığı mənə çox ilham verir. Və bir gün sadəcə belə bir fikir gəldi: bu mahnını drag obrazında, öz üslubumda etmək istəyirəm. Beləliklə bu layihə yarandı."

Azərbaycanlı izləyicilərə: "Əvvəlcə musiqini dinləyin"

Carnelia sosial media vasitəsilə getdikcə daha geniş auditoriyaya çatır. Bu auditoriyada Azərbaycandan izləyənlər də var və onların reaksiyasının necə ola biləcəyini bilir. Amma onu narahat etmir. Sadəcə bir istəyi var:

"Başa düşürəm ki, kişi olaraq qadın obrazında çıxış etmək onlar üçün yeni ola bilər. Amma mən istəyirəm ki, ilk növbədə musiqiyə diqqət etsinlər — çünki bu daha vacibdir."

Sonra isə çox maraqlı bir nöqtəyə toxunur, bu fenomenin Azərbaycan mədəniyyətində əslində yad olmadığına dair:

"Bizim mədəniyyətdə də buna bənzər şeylər olub. Rafael və Coşqun kimi sənətçilər də qadın obrazlarına girirlər. Bu da drag formasıdır. Əgər bu normal qəbul olunursa, niyə yeni bir şey şok kimi qarşılanır — bunu anlamıram."

Bu müqayisə həm düşündürücü, həm də doğrudur. Kişi sənətçinin qadın obrazına girməsi Azərbaycanda yeni bir şey deyil. Carnelia sadəcə bunu öz dövrünün dilinə, öz estetikasına çevirir.

Sonda isə ən sadə, ən açıq şəkildə deyir:

"Bəyənmirsinizsə — keçin. Bəyənirsinizsə — xoş gəlmisiniz."

Dünyaya çatmaq, nifrəti azaltmaq

Carnelia haqqında danışarkən "xəyal" sözü kiçik gəlir. Çünki o, adi karyera hədəflərindən deyil, daha böyük bir məqsəddən danışır:

"Carnelia-nın xəyalları çox böyükdür. Və mən əminəm ki, onlara çatacağam — çünki həyatım boyu məqsəd qoymuşamsa, ona çatmışam. Amma bu təkcə şəxsi uğur deyil. Mən səsimi bütün dünyaya çatdırmaq istəyirəm. İnsanlara vacib mesajlar vermək istəyirəm. İstəyirəm ki, insanlar daha yaxşı, daha anlayışlı olsunlar. Özlərini olduqları kimi qəbul etsinlər. Dünyada nifrət bir az da olsa azalsın."

"Əgər mənim sənətim bir insana belə kömək edə bilsə — bu mənim üçün artıq çox böyük şeydir. Hələ çox şey qarşıdadır. Mən bunu zamanla açacağam."

Powered by Froala Editor