Adı olmayan… - I hissə

Adımı sonra deyərəm.

Hər gecə öpüşürdük. Hər səhər dərsə gedirdik. Sanki heç nə olmamış kimi.

Bir gün sinifdə oturub ətrafa baxırdım. Parta yoldaşım dərs bitənə qədər mənə sinifkom Emildən danışıb əsəbləşdirirdi. Gecəki öpüşün verdiyi xumarlanma da o dəyyus Emilə görə buxarlanıb getdi. Nə edəcəyimi bilmirdim, nə deyəcəyimi də. 

Bu hekayəmi bir müddətdir özümlə gəzdirirəm. İndi danışmağın vaxtıdır.

Mən Azərbaycanın dindar və ənənəçi bölgələrindən birində doğulmuşam. Uşaqlığım zahirdə “qaydalara uyğun” görünən, amma içəridə tamamilə başqa şeylər var idi. Evdaxili zorakılıq, varlıq içində yoxluq və ədalətsizlik. Heç kim danışmırdı bunlardan. Hamı öz rolunu oynayırdı.

Böyüdükcə ətrafımda “filankəsə ərə gedəcəksən”, “filankəs sənə yaxşı ər olar”, “gələcəkdə öz uşaqlarına bunu edərsən” kimi söhbətlər çoxalmağa başladı. Bu, təkcə mənə yox, bütün yaşıdlarıma deyilirdi. Həmcinslərim bu söhbətləri çox vaxt nazla qarşılayır, hətta bəzən özləri də bu mövzulardan həvəslə danışırdılar. Amma bununla yanaşı, bizim aramızda başqa, heç kimin açıq danışmadığı şeylər də baş verirdi.

Qızların hamısı oğlanlardan danışırdı. Mən isə o söhbətləri mənə danışan qızlardan birinə aşiq idim. 

Hələ 8-ci sinifdə oxuyurduq. Özüm də tam bilmirdim nə hiss edirdim. Xəyallar qururdum: kaş ki, oğlan olsaydım, onun qarşısına oğlan kimi çıxa bilsəydim, bəlkə onda o məni sevərdi. 

Əslində aramızda müəyyən mənada sevgi münasibətinə bənzər, adı olmayan bir hiss, bir yaxınlıq var idi. Bəzən gecələri birlikdə qalırdıq, günümüzü birlikdə keçirirdik. Aramızda fiziki yaxınlıq olurdu — bəzən öpüşürdük, bəzən bir yerdə yatırdıq. Amma heç vaxt dayanıb bir-birimizdən soruşmurduq: “Biz nə yaşayırıq?” Bu münasibətin adını qoymurduq.

Bütün bunların arxasında isə daha mürəkkəb və ziddiyyətli bir reallıq var idi. Açıq şəkildə hamı “ər”, “namus”, “qızlıq” kimi anlayışlardan danışırdı. Amma qapalı mühitdə həmən insanlar bir-birinə yaxınlaşırdı, təmas edirdi. Bu, sanki heç kim tərəfindən qəbul olunmayan, amma hamının səssizcə bildiyi həqiqət idi.

Bəzən həmin sərt qaydalardan danışan qızların öz aralarında sərhədləri keçdiyini də görürdüm. Amma bu nə adlandırılırdı, nə də müzakirə olunurdu. Sadəcə baş verirdi və sonra hamı yenidən əvvəlki rollarına qayıdırdı. Sanki gündüz başqa, gecə isə tamam fərqli bir həyat yaşanırdı.

Mən bu iki dünyanın arasında qalmışdım. Yuxularımda oğlan idim, oyananda qız. Bir tərəfdə məndən gözlənilən “qız həyatı”, digər tərəfdə isə içimdə baş verən, heç bir kateqoriyaya sığmayan hisslər. Mən nə onların danışdığı oğlanlara bənzəyirdim, nə də onların məndə görmək istədiyi “qız” obrazına uyğun gəlirdim.

“Bu özü oğlan kimidi, ona görə heç kimi sevmir,” deyib zarafat eləyirdilər. Bir tərəfdən onlara bu qədər yaxın olmaq avantajlı idi. Analarımız bizi otaqda tək buraxar, bir-birimizin evində qalmamıza icazə verərdilər. Heç kim burda şübhəli heç nə görməzdi. 

Çətin olan isə bu idi ki, hiss etdiklərim tamamilə real idi. Kiməsə yaxın olmaq istəyi, toxunuşun yaratdığı hisslər, kiməsə aid olmaq arzusu — bunların heç biri yalan deyildi. Amma bu hisslər mənim üçün “icazəli” deyildi. Mənə öyrədilən dünyada bunların yeri yox idi. Hər şey sanki ikiüzlü bir sistemin içində baş verirdi. Hamı müəyyən qaydalardan danışırdı, amma eyni zamanda o qaydaları gizlində pozurdu. 

Gecə öpüşürdük, səhər qalxıb rəfiqə kimi dərsə getməli idik. 

İndi geriyə baxanda anlayıram ki, problem təkcə mənim fərqli olmağım deyildi. Əsas problem bu idi ki, yaşadığım mühitdə fərqli olmaq üçün ümumiyyətlə yer yox idi. Ya gizlənməli idin, ya da dəyişməli.

Mən gizləndim. Uzun müddət.

Nə qədər gizləndiyimi və nə baş verdiyini gələn dəfə danışacam. 

Powered by Froala Editor