Tranzisiya və hormona çatımlılıq
Azərbaycanda tranzisiyaya, hormonal dəstəyə və ümumilikdə tibbi xidmətlərə çıxış regiondakı alternativ yolların da daralması ilə transları yeni bir sınağa məruz qoyur
19/Apr/26
720
Tranzisiya və hormona çatımlılıq
Müəllif: Əli Məlikov
Azərbaycanda tranzisiyaya, hormonal dəstəyə və ümumilikdə tibbi xidmətlərə çıxış regiondakı alternativ yolların da daralması ilə transları yeni bir sınağa məruz qoyur. Ölkəmizdə genderin hüquqi tanınması üçün işlək inzibati və ya hüquqi mexanizmin yoxluğu bu prosesə başlamaq istəyən trans vətəndaşları təkbaşına çarə tapmağa məcbur edir.
Bir neçə il əvvələ qədər müəyyən dəstək qrupları və ya maddi imkanı olan şəxslər vasitəsilə Türkiyə kimi əlçatan ölkələrdən daha ucuz qiymətə hormon almaq mümkün idi. Elə buna görə, Türkiyə azərbaycanlı translar üçün nisbətən əlçatan bir “çıxış qapısı” rolunu oynayırdı.
Lakin qonşu ölkədə LGBTQİ+ icmasına qarşı sərtləşən qanunvericilik təşəbbüsləri və səhiyyə sahəsində tətbiq olunan inzibati məhdudiyyətlər bu qapının da bağlanmaq üzrə olduğunu göstərir. Keçən ilin sonlarında Fransada yaşayan aktivistlər və icma üzvləri ilə birlikdə Türkiyədəki translara dəstək məqsədilə təşkil olunan qeyri-formal hormon və binder kampaniyasında iştirak etmişdim. Bu təşəbbüs vasitəsilə hormon preparatlarını və digər zəruri vasitələri xaricdən Türkiyəyə göndərməyə çalışırdıq. Türkiyəli fəalların sözlərinə görə, Səhiyyə Nazirliyinə bağlı qurumların qərarları nəticəsində hormon terapiyasında istifadə olunan bəzi preparatların dövriyyəsinə məhdudiyyətlər tətbiq olunur. Bu isə o deməkdir ki, regionda ucuz çıxış yolları davamlı olmayan formaya keçir.
Bakıda bir çox apteklərdə hormonal preparatlar tapmaq mümkündür, lakin elə öz gördüklərimdən də deyə bilərəm ki, bu dərmanlar digər tibbi məqsədlər üçün satılsa da, bir çox obyektlər translara bu dərmanları satmaqdan selektiv şəkildə imtina edirlər.
Aradakı fərqi anlamaq üçün tranzisiyanın elə Fransada necə qarşılandığına baxmaq kifayətdir. Orada tranzisiya səhiyyə sisteminə müəyyən dərəcədə inteqrasiya olunub, translar uzunmüddətli və davamlı tibbi nəzarət tələb edən halları qarşılamaq üçün ALD 31 statusu əldə edə bilirlər. Bu sənədlə hormon terapiyası, bir çox tibbi prosedurlar, hətta bəzi hallarda, lazer epilyasiyası və sinə əməliyyatları dövlət hesabına qarşılanır. Yəni tranzisiyanı da əhatə edən səhiyyə sosial müdafiə sisteminin bir hissəsi kimi tanınır. Mən bu sənədi təqribən 1 ay içərisində əladə etmişdim, amma pulsuz hormon ala bilmək üçün bu statusa sahib olmağa da gərək yoxdur, hətta sığortanız olmasa belə ailə həkimi və ya endokrinoloqun resepti ilə kəsintisiz şəkildə dərmanları əldə edə bilərsiniz.
Hazırda Bakıda yaşayan 25 yaşlı trans kişi Ələsgər* ilə söhbətimizdə o deyir ki, ölkənin ən böyük və ən “mərkəz” sayılan şəhərində belə tibbi tranzisiya fərdi əlaqələr və təsadüfi imkanlar üzərində qurulub.
“3 ildir testosteron qəbul edirəm, nə tranzisiyaya başlayanda, nə də indi həkimə gedə bilmişəm. Ətrafımdakı onlarla transın tanıdığı sadəcə bir həkim var. İlk dəfə həmin həkimin qəbulunda olmuşdum, amma analizlərimi başqa xəstəxanada verdiyim üçün məni müayinə etməkdən imtina etmişdi. Məcburən suallarımı həkim tanışlarımdan soruşuram, hormonlardan qaynaqlanan əks təsirləri isə özbaşına həll etməyə çalışıram. Başqa nə edə bilərəm?” - Ələsgər deyir.
Ələsgərin sözlərinə görə, mütəxəssislərin əksəriyyəti hüquqi tənzimləmə olmadığı üçün tibbi tranzisiya ilə bağlı trans pasiyentlərlə işləməyə tərəddüd edir. Qapalı şəkildə dəstək verən azsaylı həkimlər də yalnız yaxın tanışlıq əsasında pasiyent qəbul etməyə razı olur. Həkim yoxlanışından keçə bilməmək, həm də lazımi preparatları apteklərdən rahat əldə edə bilməmək deməkdir.
Belə bir boşluq tranzisiyanı nəzarətsiz sahəyə, yəni qara bazara sürükləyir. Burada məsələ yalnız dərmanın tapılıb-tapılmaması deyil. Söhbət həm də həmin preparatın kimə, hansı şərtlərlə və hansı qiymətə verilməsindən gedir. Bəzi tibb işçiləri və vasitəçilər transların alternativsizliyini çox yaxşı bilir. Əgər bir insan artıq bu prosesə başlayıbsa, onun hormon qəbulunu yarımçıq qoymayacağını anlayırlar və bundan istifadə edirlər. Nəticədə, eyni preparatlar real qiymətindən 3-4 dəfə baha satılır. Məsələn, 2024-cü ildə Türkiyədən təxminən 55 manata alınan 50 mq Androcur Bakıda demək olar ki, eyni qiymətə, amma cəmi yarım paket şəklində təklif olunurdu.
Ələsgərin sözlərinə görə, bu apteklərdə hormon preparatlarını tapmaq bir qədər də şans məsələsidir. “Gərək apteklərin depolarında artıq dərman qalsın ki, onları əlaltı şəkildə satmağa maraqlı olsunlar. İndi nəzarətlər də güclənir, əvvəlki qədər rahat olacaqmı, məlum deyil”.
21 yaşlı trans qadın Nazlı* da həkimsizlik probleminin başqa tərəfini göstərir. Onun sözlərinə görə, xüsusilə ailə dəstəyi olmayan gənclər üçün bu proses həm emosional, həm də maddi baxımdan ağırdır.
“Mən 7 ay əvvəl gender disforiyamı azaltmaq üçün özbaşına hormona başlamışam və yeganə istiqamətim Reddit kimi saytlarda digər transların məsləhətlərini oxumaqdır. Qan testlərimi özüm verirəm və bədənimin reaksiyalarına görə qəbul etdiyim dərmanların dozasını uyğunlaşdırmağa çalışıram. Bakıda ilk dəfə bir endokrinoloqa getsəm də, həkim mənə bu mövzuda məlumatının olmadığını, eləcə də bu prosesi izləmək üçün səlahiyyətinin olmadığını dedi”.
Nazlının dediyinə görə, qəbul etdiyi preparatların ayaqlarda şişlik, qanın laxtalanması və digər ağır fəsadlar kimi riskləri var. O, bu risklərdən xəbərdar olsa da, alternativ olaraq nə edəcəyini bilmir. “Sadəcə dərmanlar üçün aylıq 150 manata yaxın pul ödəyirəm. Bu qiymət bir tələbə üçün çoxdur. Riskləri azaltmaq üçün yeganə yolum internetdə araşdırma aparmaqdır”.
Həkim nəzarəti olmadan dərman qəbulunun nəticələrindən danışarkən məqsədim emosional təsir yaratmaq deyil. Düzgün dozalanma və tibbi monitorinq olmadıqda qaraciyər zədələnməsi, tromboz, hormonal balans pozuntuları və başqa ağır fəsadlar baş verə bilir. Yerli icma daxilində də belə nəticələrlə bağlı məlumatlar dolaşır, amma bu halların böyük hissəsi rəsmi şəkildə sənədləşdirilmir.
Yadımdadır ki, 2022-ci ildə Əvəz Hafizlinin yas mərasimində iştirak edərkən, eyni məclisdə dərmanların həddindən artıq qəbulu nəticəsində həyatını itirmiş bir trans qadının da xatirəsinə Quran oxunurdu. Daha yaxın dövrdə isə nəzarətsiz şəkildə hormon qəbul etdiyi üçün qaraciyər problemi yaşayan və həyatını itirən başqa bir trans qadın haqqında məlumat yayılmışdı. Tibbi nəzarətin olmaması, düzgün dozalanmanın bilinməməsi və qeyri-rəsmi yollardan əldə edilən preparatlar birbaşa insan həyatını risk altına qoyur. Real olaraq insan həyatı bahasına başa gələn və dəfələrlə təkrarlanan bir hal təsadüfi hadisə deyil. İstitusionaldır və transların ehtiyaclarının legitim tibbi məsələ kimi qəbul edilməməsinin nəticəsidir.
* Respondentlərin adları təhlükəsizlik üçün dəyişdirilib.
Powered by Froala Editor