Adı olmayan… — II hissə
Hamı üçün bu, bir mərhələnin sonu idi. Mənim üçün isə heç nə dəyişmədi.
19/Apr/26
362
Adı olmayan… — II hissə
Məktəb bitdi.
Hamı üçün bu, bir mərhələnin sonu idi. Mənim üçün isə heç nə dəyişmədi. Biz yenə birlikdə idik.
Eyni şəhər, eyni universitet — hətta eyni ev. Ailələrimiz bunu "yaxşı dostluq" adlandırırdı, hətta sevinirdilər. Onların gözündə biz sadəcə iki yaxın rəfiqə idik. Heç kim sual vermədi. Heç kim düşünmədi ki, sual versin.
Gündüzlər də elə idik — iki yaxın rəfiqə.
Birlikdə oyanırdıq. Dərsə gedirdik. Çay içirdik. Gülürdük. O, mənə universitetdəki oğlanlardan danışırdı. Kim kimə baxdı, kim ona yazdı, kimlə danışdı. Mən qulaq asırdım. Bəzən içimdə nəsə sıxışırdı, amma bunu gizlədirdim.
Çünki gecəni itirmək istəmirdim.
Gecələr isə tamam başqa idi.
Eyni ev, eyni otaq, eyni yataq, amma orada tamam başqa birinə çevrilirdik. O, mənə yaxınlaşanda, toxunanda, öpəndə, gündüz danışdığı bütün o oğlanlar sanki yox olurdu. Mən özüm də yox olurdum. Qalan tək şey o an idi.
Bir dəfə öpüş arasında pıçıldadı: "səninlə öpüşməkdən doymuram…"
Bu cümlə mənim üçün hər şey idi. Bütün gün dözdüyüm şeylərin, bütün o adların, bütün o söhbətlərin qarşılığı idi.
Amma bu balans uzun çəkmədi.
Bir gün dedi ki, universitetdə bir oğlandan xoşu gəlir.
"Boş şeydir," dedi. "Sadəcə danışıram."
Mən inanmaq istədim. Həqiqətən istədim.
Amma zaman keçdikcə bu "boş şey" forma aldı. Zənglər artdı. Mesajlar artdı. Görüşlər başladı. Ən ağırı isə bu idi ki, bütün bunlar mənim yanımda baş verirdi. Telefon əlindən düşmürdü, o güləndə mən susurdum. İçimdə nəsə yavaş-yavaş sönürdü. Gecələr hələ də davam edirdi, amma artıq o anlar əvvəlki qədər "yalnız bizə aid" hiss olunmurdu.
Sonra o gün gəldi.
Qapı açıldı.
O, onu içəri gətirdi.
Mən otaqda idim. Heç yerə getmədim, getmək ağlıma belə gəlmədi. Sadəcə oturub baxdım. Onun yanında duruşuna. Güldüyünə. Ona baxışına.
O baxış.
O baxışla mənim üçün heç vaxt baxmamışdı.
O anda hər şey aydın oldu: mən onun həyatında görünməyən tərəf idim. Gizli qalan, adı olmayan hissə. Oğlan isə real idi, açıq, qəbul olunan, normal. Sanki kimsə mənə birbaşa göstərirdi: bax, səndə olmayan budur.
O gecə yata bilmədim. O evdə, biz birlikdə tutduğumuz o evdə özümü artıq qonaq kimi hiss edirdim.
Ən ağır olan isə bu idi ki, biz hələ də heç nə danışmamışdıq.
Nə yaşadığımız haqqında. Nə hiss etdiklərimiz haqqında. Sanki danışsaq, hər şey dağılar, bu sözsüz razılaşma ikimiz arasında da, mənim içimdə olan nəsə arasında da.
Danışmadım. Susdum.
Həmişəki kimi.
Amma bu dəfə susmaq məni qorumaq əvəzinə, içimdə bir şeyi hər gecə bir az daha qırırdı.
Elə bir gecə gəldi ki, mən özüm haqqında düşünməyə başladım.
Əvvəl qorxaraq.
Sonra isə.. Sonrasını isə gələn dəfə danışacam.
Yazının birinci hissəsini buradan oxuya bilərsiniz.
Powered by Froala Editor