Göy qurşağı Xəritəsi 2026: Azərbaycan 49 Avropa ölkəsi arasında 48-ci yerdə qalıb

ILGA-Avropanın hər il dərc etdiyi LGBTQİ+ hüquqları reytinqində ölkəmiz ardıcıl üçüncü ildir ki, eyni göstərici ilə sonuncudan əvvəlki sırada qalır. 2013-cü ildən bəri Azərbaycanın balı 7,65%-dən 2,25%-ə düşüb, bu isə o deməkdir ki, qanunvericilik və siyasət baxımından üç dəfədən çox geriləmə yaşanıb.

Avropanın aparıcı LGBTQİ+ hüquq müdafiə şəbəkəsi olan ILGA-Avropa bu gün, 18-ci illik Göy qurşağı Xəritəsi hesabatını ictimaiyyətə təqdim edib. 49 Avropa ölkəsini LGBTQİ+lara təsir edən qanunlar və siyasətlər üzrə 0-100% şkalası ilə qiymətləndirən bu xəritədə Azərbaycan 2,25% balla 48-ci yerdə qərarlaşıb və yalnız Rusiyanı (49-cu yer) qabaqlayıb.

Reytinqin son beşliyi belədir: 45. Ermənistan, 46. Belarus, 47. Türkiyə, 48. Azərbaycan, 49. Rusiya. Yəni Cənubi Qafqaz, Şərqi Avropa və Anadolunu əhatə edən bu zonalar Avropanın LGBTQİ+ insanlar üçün hüquqi cəhətdən ən təhlükəli regionu olmaqda davam edir.

On illik liderliyə son qoyulub: İspaniya Maltanı taxtdan salıb

Bu il Göy qurşağı Xəritəsində əsas baş xəbər siyahının zirvəsindən gəlib. İspaniya 10 il ardıcıl liderlik etmiş Maltanı geridə qoyaraq ilk dəfə birinci sıraya yüksəlib. İspaniyanın irəliləyişi transların sağlamlıq sistemində depatologizasiyasının tam tətbiq olunması, yeni hüquqi müdafiə mexanizmləri, milli LGBTQİ+ və trans strategiyalarının qəbulu, müstəqil bərabər rəftar və ayrı-seçkiliyə qarşı orqanın yaradılması və sağ-radikal qüvvələrin milli trans qanunlarını ləğv etmək cəhdlərinə qarşı qətiyyətli müqavimət sayəsində mümkün olub.

İlk beşliyi tamamlayanlar: 1. İspaniya, 2. Malta, 3. İslandiya, 4. Belçika, 5. Danimarka. Bütün Avropa üzrə orta bal 42,70%, Avropa İttifaqı (Aİ) üzrə orta bal isə 52,10%-dir. Azərbaycanın 2,25% balı bu rəqəmlərin bir neçə dəfə altındadır.

ILGA-Avropanən direktor müavini Katrin Hugendubel açıqlamasında qeyd edib ki, İspaniyanın birincilik göstəricisi avtoritarizmin Avropaya şərqdən və qərbdən təzyiq etdiyi, LGBTQİ+ hüquqlarının siyasi alət kimi istifadə edildiyi bir dövrdə "demokratik liderliyin necə görünə biləcəyini" göstərib. Hugendubelə görə, "siyasi cəsarət bir seçimdir və bu seçimi edən hökumətlər, [red. avtoritarizmi] həqiqətən, geri itələyə bilərlər".

Azərbaycan: 13 il davam edən düşüş

Azərbaycanın Göy qurşağı Xəritəsindəə mövqeyi son 13 ildə davamlı olaraq pisləşib. Hesabatın illik məlumatları belə bir təsvir verir:

- 2013: 7,65%

- 2014: 6,60%

- 2015: 5,00%

- 2016: 4,85%

- 2017: 4,70%

- 2018: 4,70%

- 2019: 5,67%

- 2020: 2,33%

- 2021: 2,33%

- 2022: 2,41%

- 2023: 2,41%

- 2024: 2,25%

- 2025: 2,25%

- 2026: 2,25%


2019-cu ildən sonra ölkənin balı kəskin şəkildə yarıdan çox azalıb və üç ildir, yerindən tərpənmir. Hesabatın həm metodoloji bölməsi, həm də Azərbaycan üçün toplanmış məlumatlar sübut edir ki, ölkədə LGBTQİ+lara aid heç bir mənalı hüquqi və ya inzibati islahat həyata keçirilməyib. Mövcud balın az hissəsi belə əksər hallarda LGBTQİ+ları açıq şəkildə müdafiə edən qanunlardan deyil, sadəcə müəyyən qadağaların olmamasından gəlir.

Kateqoriyalar nələrin olmadığını göstərir

ILGA-Avropa 76 meyarı 7 tematik kateqoriyaya ayırır. Azərbaycanın 2026 göstəriciləri belədir:

- Bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə: 0,00%

- Ailə: 0,00%

- Nifrət cinayətləri və nifrət nitqi: 0,00%

- Genderin hüquqi tanınması: 4,29%

- İnterseks bədən toxunulmazlığı: 0,00%

- Vətəndaş cəmiyyəti məkanı: 16,67%

- Sığınacaq: 0,00%


Yeddi kateqoriyadan beşində Azərbaycanın balı tamamilə sıfırdır. Bu, ölkədə LGBTQİ+ların bərabərliyini, ailə hüquqlarını, nifrət cinayətlərindən qorunmasını, interseks uşaqların bədən toxunulmazlığını və ya sığınacaq hüquqlarını birbaşa tənzimləyən heç bir hüquqi normanın mövcud olmadığını göstərir.

Bərabərlik və ayrı-seçkiliyə qarşı: 0%

Konstitusiyada, əmək qanunvericiliyində, mal və xidmətlər, təhsil və səhiyyə sahələrində nə seksual oriyentasiyaya, nə gender kimliyinə, nə də gender xüsusiyyətlərə (interseks) görə ayrı-seçkiliyi qadağan edən heç bir norma yoxdur. "Konversiya təcrübələri"nin (yəni "düzəltmə terapiyası" adı altında aparılan istismarçı tədbirlərin) qadağası, bərabərlik orqanı və ya bərabərlik fəaliyyət planı kimi mexanizmlər də mövcud deyil.

Hesabatda diqqət çəkən bir nüans qan donorluğu ilə bağlıdır: seksual oriyentasiyaya görə açıq məhdudiyyət olmasa da, trans vətəndaşlar qan verə bilmir, çünki donorluqdan kənarlaşdırılan xəstəliklər siyahısında "F64 — Gender Kimliyi Pozğunluğu" (ICD-10) bir maddə kimi sadalanır.

Ailə: 0%

Nikah bərabərliyi, qeydiyyatlı tərəfdaşlıq (istər nikahla eyni hüquqlarla, istər məhdud hüquqlarla), birgə yaşamanın hüquqi tanınması, birgə övladlığa götürmə, ikinci valideyn kimi övladlığa götürmə, avtomatik valideynlik tanınması, tibbi yardımla mayalanma və ya trans valideynliyin tanınması meyarları üzrə Azərbaycan sıfır alıb.

Konstitusiyanın 34-cü maddəsi nikahı qadın və kişi arasında ittifaq kimi tərif etməsə də (bu, konstitusion məhdudiyyət meyarı baxımından bal qazanmağa imkan vermir, çünki tələb edilən sıfır məhdudiyyət şərtidir), 34.IV maddəsinin "ər və arvad bərabər hüquqlara malikdir" ifadəsi bu ittifaqı binar şəkildə müəyyən edir.

Nifrət cinayəti və nifrət nitqi: 0%

Nə seksual oriyentasiyaya, nə gender kimliyinə, nə də gender ifadəsinə əsaslanan nifrət cinayətlərini və ya nifrət nitqini ayrıca cəzalandıran qanun mövcuddur. Bu kateqoriyada bal qazanmaq üçün tələb olunan "nifrəti aradan qaldıran siyasət" də yoxdur. Cinsi xüsusiyyətlər sahəsində nifrət cinayəti meyarı "tətbiq olunmur" kimi qiymətləndirilib.

Genderin hüquqi tanınması: 4,29%

Bu kateqoriyada Azərbaycan minimal bal alır, lakin bunun səbəbi mütərəqqi qanun deyil, mütləq qadağanın olmamasıdır. Yəni ölkədə genderin hüquqi tanınmasını qeyri-mümkün edən birbaşa qanunvericilik yoxdur, amma bunu mümkün edən aydın hüquqi və inzibati prosedur da yoxdur.

Hesabatda göstərilir ki, ad dəyişikliyi üçün translar əməliyyat keçirdiklərinə dair tibbi hesabat təqdim etməlidirlər. Lakin bu prosedurlar "qeyri-müəyyən, ardıcıl olmayan və trans insanlar üçün təminatsızdır", LGBTQİ+ təşkilatları son illərdə uğurla başa çatdırılmış ad dəyişikliyi halı qeydə almayıb.

Gender adaptasiyası cərrahi əməliyyatlar qanunla açıq şəkildə qadağan edilməsə də, ümumi tənzimləyici çərçivə yoxdur. 2016-cı ildə özəl xəstəxanada Səhiyyə Nazirliyi və məhkəmə-tibbi ekspertiza orqanlarının icazəsi ilə bir əməliyyatın qanuni şəkildə aparıldığı qeyd olunur, lakin belə hallar "fərdi əsasda, ümumi tibbi qaydalar çərçivəsində" həll edilir. Öz qərar vermə (self-determination) modeli, qeyri-binar tanınma, "gender kimliyi pozğunluğu" diaqnozunun ləğvi, məcburi tibbi/cərrahi müdaxilənin və ya sterilizasiyanın aradan qaldırılması meyarları üzrə bal yoxdur.

İnterseks bədən toxunulmazlığı: 0%

Razılıq olmadan interseks uşaqlar üzərində aparılan tibbi müdaxilələrin qadağası, qadağanın universallığı, monitorinq mexanizmi və qurbanlar üçün ədalət mühakiməsinə çıxışı qanunvericilikdə əks olunmayıb.

Vətəndaş cəmiyyəti məkanı: 16,67%

Bu, Azərbaycanın bal qazandığı yeganə ciddi kateqoriyadır, lakin yenə də qazanılan bal yalnız milli/yerli səviyyədə ifadə azadlığını məhdudlaşdıran xüsusi qanunun olmaması meyarına aiddir. Hesabat eyni zamanda göstərir ki:

Toplaşma azadlığı Azərbaycanda kəskin şəkildə məhduddur, kütləvi tədbirlər haqqında qanun icazəsiz aksiyaların təşkilatçıları və iştirakçıları üçün ağır cərimələr nəzərdə tutur. "İnsan hüquq müdafiəçiləri üçün son dərəcə düşmən siyasi və sosial mühit səbəbindən, LGBTİ insanlar toplaşma azadlığı hüquqlarını həyata keçirmirlər," — deyə ILGA-Avropa bildirib.

Sığınacaq: 0%

Seksual oriyentasiya, gender kimliyi və ya cinsi xüsusiyyətlər əsasında sığınacaq tələblərini tanıyan ayrıca qanun yoxdur. Bu, xüsusilə qonşu Rusiya, Türkiyə və İrandakı vəziyyət fonunda, yəni bu ölkələrin LGBTİ vətəndaşlarının Azərbaycanı tranzit nöqtə kimi gördüyü hallarda, ciddi bir boşluqdur.

Göy qurşağı xəritəsi nədir və necə hesablanır?

ILGA-Avropa 2009-cu ildən etibarən hər il Göy qurşağı xəritəsini dərc edir. Bu il tədqim olunan 18-ci sayıdır. Xəritə 49 ölkəni 76 meyar üzrə qiymətləndirir, meyarlar yuxarıda sadalanan yeddi tematik kateqoriyaya bölünür və beynəlxalq insan haqları standartları ilə LGBTQİ+ hərəkatının prioritetləri əsasında müxtəlif çəkilərlə cəm 100% təşkil edir.

Məlumatlar üzv təşkilatlar və 49 ölkədə 200-dən çox ekspertin iştirakı ilə toplanır və yoxlanılır. İnteraktiv saytda hər bir balın arxasındakı mənbələri görmək, məlumat dəstlərini yükləmək və ölkələri müqayisə etmək mümkündür.

Powered by Froala Editor