“Avropa standartlarına görə qaradəriliyəm”: Rusiya səfiri İradə Zeynalova
Rusiyanın Mavrikidəki səfiri İradə Zeynalova yerli mətbuata verdiyi müsahibədə öz şəxsi kimliyini maraqlı bir formada təqdim edib
16/May/26
20
“Avropa standartlarına görə qaradəriliyəm”: Rusiyanın səfiri İradə Zeynalova
Rusiyanın Mavrikidəki səfiri İradə Zeynalova yerli mətbuata verdiyi müsahibədə öz şəxsi kimliyini maraqlı bir formada təqdim edib.
“Mən rus deyiləm, yarı azərbaycanlıyam. Bu o deməkdir ki, mən yarı xristian, yarı müsəlmanam,” – deyə diplomat bildirib. Növbəti cümlədə isə o, yeni bir kəşf inkişaf etdirib: “Avropa standartlarına görə qaradəriliyəm. Ona görə də burada, Mavrikidə insanların fərqli olduğu, müxtəlif dinlərə, millətlərə və irqlərə mənsub olduğu bir mühitdə olmaq mənim üçün yeni bir şey deyil.”
Müsahibəni oxuyanda bir neçə sualın eyni anda meydana gəlməsi qaçılmazdır. “Avropa standartları” dedikdə dəqiq nəyi nəzərdə tutur? Avropa irqçiliyinin kimləri necə kateqoriyalaşdırdığını öz lehinə tərcümə edən bir Moskva diplomatı, real qaradərili insanların bütün həyatları boyu üzləşdiyi sistemli zorakılıqla, polis şiddəti ilə, sərhəddə dayandırılmaqla, işə qəbul edilməməklə eyni cümlədə özünü yerləşdirir.
Bu hım gülməli sitat, həm də kimliyin estetik aksesuara çevrilməsi prosesinin diplomatik səviyyədə təcəssümüdür. Qaradərili olmaq Zeynalova üçün bir təcrübə, bir reallıq, bir tarixi yük deyil, sadəcə Mavrikinin günəşli adasında insanlarla rahat ünsiyyət qura bilmək üçün özünə uydurduğu bir kontekstdir.
Eyni müsahibədə Zeynalova “bütün bu fərqlərin heç bir əhəmiyyət kəsb etmədiyini”, çünki “insan insandır” fikrini də səsləndirib. Yəni fərqlər bir tərəfdən onun öz kimliyini ekzotikləşdirmək üçün lazımdır, digər tərəfdən isə tamamilə əhəmiyyətsizdir.
İradə Zeynalova 1972-ci ildə Moskvada doğulub. Atası azərbaycanlı, anası rusdur. Uzun illər Rusiya dövlət mediasında aparıcılıq edib, Rusiya XİN-in Diplomatiya Akademiyasını bitirib və 2024-cü ilin sentyabrından Mavrikidə səfir kimi çalışır və rəsmi olaraq Putin Rusiyasının xarici siyasətinin daşıyıcısıdır.
Bir LGBTQİ+ icmaları, miqrantları və bütün “fərqliləri” sistemli olaraq qanunla qadağan edən, həbsə salan, ölkədən qovan dövlətin diplomatı, indi Hind okeanı ortasında özünü “qaradərili” elan edir.
Powered by Froala Editor