LGBT icmasının ögey övladları - Biseksuallar
Biseksual insanlar həm öz genderinə, həm də əks genderə aid insanlarla münasibətdə ola bilir.
29/Dec/18
9496
Əvvəlcə bir neçə faktı qeyd edək. Biseksuallıqla bağlı məlumat və sənədlər homoseksuallığa nisbətən daha azdır, bunun başlıca səbəbi də görünməzlikdir. Biseksual insanlar həm öz genderinə, həm də əks genderə aid insanlarla münasibətdə ola bilir və ətrafdakılar onları hazırki münasibətlərinə görə dəyərləndirərək ya homoseksual, ya da heteroseksual adlandırırlar.
Biseksuallıq anlayışı ilk dəfə X IX əsrdə meydana gəlmiş və “ikincinslilik” mənasını ifadə etmişdir. O dövrdə biseksual meyllilik “psixoloji hermofroditizm” kimi qəbul edilirdi. Ziqmund Freyd hesab edirdi ki, biseksuallıq – doğuşdan irəli gələn təməl oriyentasiyadır və şəxsiyyət inkişaf etdikcə heteroseksuallığa çevrilir. O dövrdə biseksuallıq seksual oriyentasiya ilə bağlı araşdırmalarda demək olar ki, işıqlandırılmırdı. Özü biseksual olan Fris Kleyn günlərin bir günü biseksuallıq haqqında oxumaq üçün Nyu-York ictimai kitabxanasına gəlib heç bir kitab tapmadıqda bu məsələnin üzərində işləməyə başladı. O, öncə biseksuallar üçün dəstək qrupu yaratdı, sonra isə 1998-ci ildə Amerika Biseksuallıq İnstitutunun əsasını qoydu. Beləliklə, “biseksuallıq” anlayışının üzərində tibbi və psixoloji araşdırmalar aparılmağa başladı.
Biseksuallıq siyasi identiklik kimi 1970-ci ildə Stounvoll üsyanlarının dalğasında bir çox LGBTQ+ hərəkatları ilə birlikdə meydana gəldi. Bu hərəkatın ikinci dəfə “çiçəklənməsi” isə 1990-cı illərə təsadüf edir. Bi-hərəkata əksər zamanlarda qadınlar rəhbərlik edirdi: Meggi Rubinşteyn, Naomi Taker, Lani Kaxumanu, Loreyn Xatçins, Robin Oks. Onların bir çoxu feminist baxışlara malik idi. Yeri gəlmişkən, Stounvoll üsyanının ildönümü münasibətilə qürur paradını da “Paradın anası” - biseksual qadın Brenda Hovard təklif etmişdi.
Heteronormativ cəmiyyətdə homofobiyanın güclü olduğu qədər, LG fərdlər arasında da bifobiya güclüdür. Bu icmanın üzvləri biseksuallara qarşı bu cür mövqe sərgiləyir: “Sən bizdən deyilsən, özgəsən, sanki iki komandaya oynayırsan”.
Elə isə biseksuallıq nədir?
Biseksuallıq – iki cinsə və/və ya genderə qarşı romantik və/və ya seksual meyllik hiss etmək imkanıdır; bu meyllik eyni şəkildə, eyni anda və eyni intensivlikdə baş verməyə də bilər.
Bu o deməkdir ki, biseksual fərdin iki cinsə/genderə qarşı istəkləri eyni dərəcədə güclü olmaya da bilər. Bəzi fərdlər həyatının müəyyən dövründə bir cinsə, başqa bir dövründə isə başqa cinsə meyllik göstərə bilər. Yaxud da bu iki cinsdən birinə daha çox üstünlük verə bilər.
Özünü biseksual kimi tanımaq əvvəlcə bir, sonra isə digər istəklərin tədricən dərk edilməsi prosesidir. Ardıcıllıq isə müxtəlif ola bilər. Bir insan əvvəl özünü gey hesab edə, sonra isə əks cinsə meyl etdiyini hiss edə bilər, yaxud da əksinə.
Əgər homoseksual fərdlərdə özünü tanıma prosesi əksər hallarda 5-6 yaşdan başlayaraq 13 yaşa qədər baş tutursa, biseksual şəxsin ikinci cinsə aid istəyini kəşf etməsi daha uzun zaman ala bilər.
Əksər biseksuallar cəmiyyətin təzyiqindən çəkinərək yalnız bir cinsə qarşı istəklərini biruzə verir, digərinə qarşı hissləri isə dəf etməyə çalışırlar. Doğrudur, cəmiyyət biseksuallara qarşı homoseksuallarla müqayisədə qatı nifrət bəsləmir. Biseksuallar daha çox qeyri-ciddi insanlar kimi qəbul edilir. Bir çoxları hesab edir ki, “bi”-lər hələ özlərini identifikasiya etməyən gey və lesbiyanlardır. Lakin biseksuallıq öz tələbatları və münasibət qurma təcrübəsi olan müstəqil oriyentasiyadır. Baxmayaraq ki, əksər insanlar homo- və heteroseksuallığın arasında başqa bir anlayışın olmadığını iddia edən binar məntiqdən kənara çıxa bilmir.
Heteronormativ cəmiyyətin biseksualları qınamasında başqa bir səbəb də var. Adətən homoseksualların bu cür doğulduqları, dəyişə bilməyəcəkləri bəyan edilir. Bəs biseksualların “normal”, yəni heteroseksual münasibətləri seçməməklərinin səbəbi nədir? Axı onlar əks cinsə maraq duya bilirlər. Lakin məsələ burasındadır ki, heç bir fərd kimə aşiq olacağını və maraq göstərəcəyini öncədən “sifariş edə” bilmir.
Ətrafdakılar belə düşünür ki, onlar iki yoldan birində qəti qərara gəlməlidilər. Nəticədə biseksuallar özləri də şübhələrə düşür: onların istəkləri normaldırmı? Bu fikirlər səbəbindən biseksuallar daha çox səksəkəli və özünəqapanıq olur.
Cəmiyyətdə qadın və kişi biseksuallığına qarşı münasibət də fərqlidir. Antropoloq Katrin Deşan deyir ki, müasir cəmiyyət qadın biseksuallığına daha dözümlü yanaşır. Əvvəla, ona görə ki, qadınlar öz biseksuallığını kişilərə nisbətən daha cəsarətlə etiraf edir. İkincisi isə, lesbiyan sevgi heteroseksual kişilərin ən çox yayılmış fantaziyalarından biridir. Kişilər iki qadın arasında münasibəti o qədər də qınamır, çünki lesbiyan sevginin ciddi bir şey ola biləcəyini ağıllarına da gətirə bilmirlər.
İstər LGBT icması, istərsə də heteroseksuallar arasında biseksuallarla bağlı bir çox stiqmalar formalaşmışdır. “Ekzotikaya can atırlar, ona görə də özlərinə əyləncələr fikirləşirlər”, “indi belə dəbdədir, trenddə olmaq istəyirlər: bu gün biseksualdırlar, sabah da aseksual olarlar”. Biseksuallar barəsində bu cür yanlış fikirlər az deyil.
Onlar bəzən heteroseksualların gözündə “geyliyini boynuna almayan qorxaq”, geylərin gözündə isə satqın və dönük hesab edilirlər.
Həmçinin biseksuallar öz partnyorları tərəfindən çox vaxt xəyanət etməkdə ittiham olunurlar. Qadın partnyoruna kişi ilə, kişi partnyoruna da qadınla xəyanət edəcəkləri güman edilir. Müqayisə üçün deyə bilərik ki, əgər bir heteroseksual kişinin həm sarışın, həm də qaraşın qızlardan xoşu gəlirsə, heç kəs onun sarışına qaraşınla və ya əksinə xəyanət edəcəyini düşünmür. Bütün bu stereotiplər biseksuallara qarşı fobiyanı formalaşdırır. Bifobiyanın əsas alətlərindən olan mifləri nəzərdən keçirək:
· Əslində onlar homo- və ya heteroseksuallardır, özlərini müəyyən etməyiblər, olduqları kimi görünmürlər;
· Lesbiyan və geyləri sadəcə şəxsi əyləncələri üçün istifadə edirlər, lakin axırda həmişə heteroseksual münasibətləri seçirlər;
· Eyni vaxtda iki cinslə/genderlə münasibət saxlayırlar;
· Nizamsız seksə meyllidirlər, qrup seksi sevirlər, yalnız seksi sevirlər və hər zaman seksdən danışmağa hazırdırlar;
· Sadiq olmağı bacarmırlar və ya istəmirlər, poliqamlığa meyllidirlər;
·Cinsi yolla keçən xəstəlikləri daşıyırlar, digərlərini yoluxdururlar və s.
Lakin bir məqamı unutmayaq. “Əsl biseksual” anlayışı yoxdur. Biz onların hər birinin monoqam, dürüst, sadiq, sağlam, seksual cəhətdən sabit olduqlarını iddia edə bilmərik. Bütün insanlar, eləcə də biseksuallar olduqca müxtəlif xüsusiyyətlərə malik ola bilər. Lakin bu, oriyentasiyaya görə deyil, fərdə görə dəyişir. Xəyanətə meyllik, partnyorları tez-tez dəyişmə istəyi, zöhrəvi xəstəlikləri daşıma ehtimalı da bütün oriyentasiyalarda eyni dərəcədə rast gəlinən haldır.