Bakıda gey kişiyə qarşı saxta "qanun" bəhanəsiylə 8 min manat dələduzluq olunub

Uzun illər Bəhreyn Krallığında yaşayan azərbaycanlı gey kişi Anar keçmiş məhkum tərəfindən hazırlanmış dələduzluq sxeminin qurbanına çevrilib. Sxemin əsasını Azərbaycanda homoseksuallığın cinayət sayıldığına dair tamamilə uydurma iddia təşkil edib. Bu barədə Qafqazinfo məlumat verib. 

44 yaşlı Vüsal ortaq tanışı vasitəsilə Anarla əlaqə qurub. Anarın  Bakıya gəlmək istədiyini öyrənən Vüsal onunla WhatsApp üzərindən əlaqə saxlayaraq onu qorxutmağa çalışıb. Guya Azərbaycanda gey olmaq cinayət sayılır, Anarın adına ölkəyə giriş qadağası qoyulub və o, hava limanına çatan kimi həbs ediləcək. Sonra isə bu problemi müvafiq hüquq-mühafizə orqanlarında çalışan tanışına ötürəcəyi 8 min manat müqabilində "həll edə biləcəyini" bildirib.

Azərbaycan qanunvericiliyindən xəbərsiz olan Anar bu sözlərə inanıb, pulu köçürüb. Lakin Bakıya gəldikdə həqiqəti öyrənib. Azərbaycanda homoseksuallıq cinayət deyil, onun barəsindəki heç bir məhdudiyyət mövcud olmayıb.

Anarın şikayəti əsasında Vüsal cinayət məsuliyyətinə cəlb edilib. Həbs olunmamaq üçün 8 min manatı tam geri qaytarıb, zərər ödənildiyi üçün məhkəmə işə xitam verib.

Qorxu əsassız deyil, sadəcə bu dəfə yalan üzərində qurulub

Vüsalın uydurduğu qanun mövcud olmasa da, onun istifadə etdiyi qorxu tamamilə başa düşüləndir. ILGA-Avropa təşkilatının 2026-cı il Rainbow Map hesabatına görə, Azərbaycan 49 ölkə arasında 48-ci yerdədir və cəmi 2% xal toplayıb.

Seksual oriyentasiya, gender kimliyi və ya cins xüsusiyyətlərinə görə ayrı-seçkiliyə qarşı heç bir qanunvericilik mövcud deyil. Nifrət cinayəti və nifrət nitqinə dair qanunlarda LGBTQİ+lar üçün heç bir müdafiə nəzərdə tutulmayıb. 


Powered by Froala Editor