Rauf Arifoğlu: “Onlarla əl verib görüşməyi yasaq hesab edirəm”
“Onlarla əl verib görüşməyi yasaq hesab edirəm” — Rauf Arifoğlu LGBTQ+ və feministlər haqqında
05/Aug/26
55
“Onlarla əl verib görüşməyi yasaq hesab edirəm” — Rauf Arifoğlu LGBTQ+ və feministlər haqqında
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu BBC Azərbaycancaya müsahibəsində Toplum TV əməkdaşlarının həbsi ilə bağlı danışarkən feminist və LGBTQ+ icmalarını da xarici təsir və maliyyələşmə iddiaları ilə əlaqələndirib. O, LGBTQ+ların mediada görünməsinə və dövlət vəzifəsi tutmasına qarşı olduğunu bildirib, həmçinin onlarla əl verib görüşməyi özü üçün “yasaq” hesab etdiyini deyib.
Arifoğlu müsahibəsində xarici kəşfiyyat tərəfindən Azərbaycanda jurnalistlərdən, rəy liderlərindən və müxtəlif ictimai qruplardan ibarət şəbəkə yaradılmasına çalışıldığını iddia edib və feministləri də bu kontekstdə təqdim edib.
Baş redaktor feminizmi “ailənin əsaslarını sarsıdan bir hərəkat” adlandırıb və daha sonra əlavə edib:
“Ailəyə qarşı, kişi amilinə qarşı. Savaşa qarşı. “Nowar-çu” deyildimi onlar? Azərbaycanı Azərbaycan eləyən bütün mənəvi kriteriyalara qarşı orda proses gedirdi”.
Arifoğlu qadın hüquqları hərəkatının məqsədini də fərqli şəkildə şərh edib:
“Feminizm hərəkatı qadınların cəmiyyətdə hüququnun artırılması üçün deyil. Qadın liderçiliyi uğrunda, təkbaşına liderçiliyi uğrunda hərəkatdır. Bu da türk-islam sintezli ölkələrdə ailə kanonlarını dağıtmağa hesablanmış təxribatdır”.
Arifoğlu müsahibəsində LGBTQ+ icmasını da jurnalistlər, feministlər, sosial media fenomenləri və digər rəy liderləri ilə yanaşı xaricdən maliyyələşdirildiyini iddia etdiyi prosesin tərkib hissəsi kimi təqdim edib:
“Görmürsünüzmü ki, bu post-müharibə dövründə Azərbaycana qarşı birdən-birə diqqəti cəlb etdi, total bir proses başladı, eyni Gürcüstandakı vəziyyəti burda yaratmaq istədilər. Küçələri doldura biləcək qədər xarici təsir agentləri qurmaq. Küçələri doldura biləcək qədər xaricdən maliyyələşən topluluqlar yaratmaq. LGBT ilə, feminizm hərəkatı ilə, TV, sosial media fenomenləri vasitəsilə, digər rəy liderlərinin toplanması vasitəsi ilə buna addımlar atıldı, buna cəhdlər olundu və olunmaqdadır”.
Arifoğlu müsahibədə bu iddialarını əsaslandıran konkret fakt və ya sübut təqdim etməyib.
“Cəmi 2 cins var”
Müsahibənin LGBTQ+larla bağlı hissəsində Arifoğlu əvvəlcə mövzu haqqında danışmaq istəmədiyini bildirib:
“Məni cinsi azlıqlarla bağlı suala çəkmə. Belə şeylər mənim leksikonuma və nitqimə girməməlidir. Cinsi azlıqların həyatlarının və hüquqlarının müdafiəsinə mən qarışmaq istəmirəm”.
Bunun ardınca isə LGBTQ+ların ictimai görünənliyinə qarşı olduğunu açıq şəkildə ifadə edib.
“Mən kişinin kişi, qadının qadın olmasının tərəfindəyəm. Cəmi 2 cins var. O cür halların geniş təbliğinə, Azərbaycanda onlara yol verilməsinə, hakimiyyətin belə onlara loyal yanaşmasına qarşıyam. Siz deyirsiniz, onların heç bir zərər vermir. Elə zərər verirlər ki”.
Arifoğlu LGBTQ+ların mediada görünməsinə və dövlət vəzifələrində təmsil olunmasına da qarşı çıxdığını deyib:
“Mən onların efirlərə çıxmasını, onların hər hansı bir liderliyini, hər hansı bir dövlət vəzifəsi tutmasını istəmirəm. Mənim ölkəm bu vəziyyətə düşməsin. Kişi doğulub qadın həyatı yaşayanlar və qadın doğulub kişi həyatı yaşayanlar mənim raconuma, mənim dünyagörüşümə, mənim əxlaqıma, mənim baxışlarıma ziddir”.
Baş redaktor daha sonra LGBTQ+lara münasibətini ifadə edərkən alçaldıcı ifadədən də istifadə edib:
“Özüm üçün onlarla əl verib görüşməyi yasaq hesab edirəm, belələrinə üzdəniraq kimi baxıram”.
Arifoğlu dövlət tərəfindən bir neçə dəfə təltif olunub
Rauf Arifoğlunun açıqlamaları onun Azərbaycan dövləti tərəfindən müxtəlif illərdə media və jurnalistika sahəsində fəaliyyətinə görə təltif olunması fonunda da diqqət çəkir.
Prezident İlham Əliyevin 22 iyul 2026-cı il tarixli sərəncamı ilə Arifoğlu “Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə” 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
O, 2019-cu il mayın 27-də Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalına layiq görülüb.
Arifoğlu 2011-ci ildə Azərbaycan Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatını alıb. 22 iyul 2015-ci ildə isə Prezident İlham Əliyev tərəfindən jurnalistika sahəsində fəaliyyətinə görə “Əməkdar jurnalist” fəxri adı ilə təltif edilib.
Powered by Froala Editor