Yazıçı anti-LGBTQİ nifrət paylaşımı edib
Yazıçı Nizami küçəsində gəzən gender-nonkonform şəxsə qarşı nifrət dolu paylaşım edib
04/Sep/26
30
Yazıçı Nizami küçəsində gəzən gender-nonkonform şəxsə qarşı nifrət dolu paylaşım edib
Yazıçı Nazlı Çələbi 21 avqust tarixində açıq (ictimai) şəkildə paylaşdığı statusunda paytaxtın mərkəzi küçəsi olan Nizami küçəsi ərazisində gəzən, öz sözləri ilə "musiqi çalınan yerdə qadın kimi rəqs edən" naməlum şəxsi hədəf alıb.
Paylaşımda müəllif adı çəkilməyən şəxsi ayrı-seçkilik xarakterli ifadələrlə təsvir edib və "köhnə Bakıda belə adamların qorxudan insanların arasına çıxa bilmədiyini, kişilərin onları cəzalandırdığını" yazaraq, əslində keçmişdə baş vermiş zorakılığa açıq şəkildə istinad edib və bunu müsbət bir nümunə kimi təqdim edib. Müəllif "müasir Bakıda" isə kişilərin həmin şəxsi "hırıldayaraq" videoya çəkib paylaşdıqlarını qeyd edib.
Statusun sonunda müəllif adı çəkilən şəxsi və onun "dostlarını, qohumlarını, sevgililərini" təhqiramiz ifadələrlə, o cümlədən fahişəlik və binamusluqla damğalayaraq, onlardan paylaşıma rəy yazmamağı tələb edib.
21 mindən çox insanın izlədiyi Nazlı Çələbənin paylaşımı hazırda ictimai profildə açıq şəkildə yerləşir və şərhlər bölməsində LGBTQİ+fobiyanın geniş şəkildə yayılmasına səbəb olub.

Qeyd etmək lazımdır ki, bu cür paylaşımlar heç bir cinayət törətməyən, sadəcə sərbəst özünüifadə hüququndan istifadə edən insanları hədəf göstərməklə onlara qarşı nifrəti qızışdırır. Azərbaycanda bu nifrətin faciəvi nəticələrindən biri kimi 2022-ci ildə qətlə yetirilən Əvəz Hafizlinin adı yadımıza düşür. Onun ölümü də məhz oxşar nifrət ritorikasının yaratdığı mühitin nə qədər real təhlükə daşıdığının sübutu kimi qiymətləndirilir.
Qeyd: Bu material ictimai profildə paylaşılmış açıq statusun sənədləşdirilməsi məqsədilə hazırlanıb.
Powered by Froala Editor