Fakt yoxla: Sunna.az-ın homoseksuallıq haqqında yaydığı tibbi iddialar elmi əsasa söykənmir

Sunna.az saytında dərc olunan "LGBT probleminə qarşı İslami həll yolu" başlıqlı material homoseksuallığı xəstəlik, "sapıqlıq" və "müalicə" tələb edən vəziyyət kimi təqdim edir. Materialda irəli sürülən dini-teoloji mövqe fərqli təfsir müstəvisinə aid olsa da, mətndə səsləndirilən tibbi və statistik iddialar yoxlanıla bilər və faktlarla üzləşdirildikdə bu iddialar əsassız çıxır.

İddia: Homoseksuallıq QİÇS-in "əsas səbəbi"dir, "gey xərçəngi" adlanıb

Bu, İİV epidemiyasının 1980-ci illərin əvvəllərindəki ilkin, həmin dövrün məhdud məlumatına əsaslanan təsvirinin təkrarıdır. Müasir qlobal statistika bunu təsdiqləmir: BMT-nin QİÇS üzrə Birgə Proqramına (UNAIDS) görə, 2025-ci ildə dünyada İİV ilə yaşayan 41 milyon insan var və bunların yarıdan çoxu Şərqi və Cənubi Afrikada yaşayır. Bu regionlarda virusun əsas yayılma yolu heteroseksual əlaqələrdir. İİV-in ötürülməsi seksual oriyentasiya ilə deyil, qorunmasız cinsi əlaqə, iynə paylaşımı və digər konkret davranışlarla bağlıdır. Dünya Səhiyyə Təşkilatı (ÜST) da İİV-i "gey xəstəliyi" kateqoriyasına aid etmir.

Bu məqamı Azərbaycanın öz rəsmi mənbəyi də təsdiqləyir. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Günel Babayevanın bu ilin febvral ayınd  aids.az saytında yer alan müsahibəsində İİV-in yoluxma mənbəyini və yollarını izah edərkən seksual oriyentasiyaya heç bir istinad etməyib. İnfeksiyanın yayılmasını yalnız konkret tibbi-bioloji mexanizmlərlə (qanla təmas, qorunmasız cinsi əlaqə, anadan uşağa ötürülmə, steril olmayan tibbi alətlər) izah edib. Mərkəzin məlumatına görə, 1987–2025-ci illər arasında Azərbaycanda cəmi 11 554 nəfər rəsmi qeydiyyata düşüb və ölkə Şərqi Avropa-Mərkəzi Asiya regionunda İİV-in yayılma sürətinə görə ən aşağı göstəricili ölkələrdən biridir. Bu nəticə, məqalədə iddia edildiyi kimi "əxlaqsızlığın" deyil, məhz antiretrovirus müalicə proqramları, PrEP/PEP profilaktikası, erkən diaqnostika və maarifləndirmə tədbirlərinin nəticəsi kimi izah olunur.

Ən birbaşa təkzibi isə Mərkəzin özünün payladığı rəsmi statistika verir. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Qlobal Fondun dəstəyi ilə 2025-ci ildə keçirdiyi təlim proqramı çərçivəsində açıqlanan məlumata görə, Azərbaycanda qeydə alınan İİV yoluxma hallarının 59,9 faizi heteroseksual əlaqə, 28,8 faizi inyeksion narkotik istifadəsi və yalnız 6,3 faizi homoseksual əlaqə yolu ilə baş verib (qalan hissə naməlum mənşəli hallara, anadan uşağa ötürülməyə və donor qanına aiddir). Yəni Azərbaycanın öz rəsmi rəqəmlərinə görə, yoluxmaların əksəriyyəti heteroseksual əlaqədən qaynaqlanır. Bu, "gey xərçəngi" iddiasını yerli statistika səviyyəsində birbaşa təkzib edir.

Minority Azərbaycan bu açıqlamanı təhlil edərkən vacib bir nüansı da qeyd edir. Nazirliyin açıqlamasında "risk qrupları" termini dəfələrlə işlədilsə də, bu qrupların konkret kimlər olduğu göstərilmir. Bu, bir tərəfdən kuir icmanı stiqmatizasiya riskindən qorusa da, digər tərəfdən profilaktika mesajlarının kuir insanlara birbaşa və aydın şəkildə çatmasını çətinləşdirə bilər. Hər halda, rəsmi sənədin özündə belə İİV-in "gey xəstəliyi" kimi təqdim olunmaması Sunna.az-ın iddiasının nə beynəlxalq, nə də yerli rəsmi mövqe ilə üst-üstə düşdüyünü bir daha göstərir.

İddia: Homoseksuallıq "yaradılış fitrətinə zidd" olan, tibbi mənada anormal vəziyyətdir

1990-cı ildə Ümumdünya Səhiyyə Assambleyası homoseksuallığı Xəstəliklərin Beynəlxalq Təsnifatından (XTB) çıxarıb. Hazırkı XTB-10 və ICD-11 təsnifatlarında birbaşa qeyd olunur ki, "seksual oriyentasiyanın özü pozğunluq sayılmamalıdır". Yəni beynəlxalq tibb ictimaiyyəti artıq 35 ildən çoxdur ki, homoseksuallığı xəstəlik kimi tanımır.

Bu, sadəcə beynəlxalq deyil, həm də Azərbaycanın öz rəsmi mövqeyidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəsmi açıqlamasında birbaşa bildirilir ki, homoseksuallıq 1994-cü ildən ÜST tərəfindən XBT-10-dan çıxarılıb və Azərbaycan 2005-ci ildən yeganə təsnifat sistemi kimi məhz XBT-10-u istifadə etdiyi üçün ölkədə homoseksuallıq həkim tərəfindən psixi pozuntu kimi qeydə alına bilməz. Mərkəz həmçinin vurğulayıb ki, "homoseksuallıq" adlı diaqnoz mövcud olmadığından, həkimlərin bu əsasla müalicə təyin etməsi və ya onu "aradan qaldıra biləcəyini" iddia etməsi qəbuledilməzdir.

İddia: Evlilik və ya "iradə göstərmək" vasitəsilə seksual oriyentasiyanı dəyişmək mümkündür

Bu iddia "konversiya terapiyası" adlanan təcrübənin əsasını təşkil edir. Amerika Psixologiya Assosiasiyasının (APA) 2009-cu ildə keçirdiyi geniş araşdırma, sonrakı tədqiqatlarla da təsdiqlənərək göstərib ki, seksual oriyentasiyanı dəyişdirməyə yönəlmiş cəhdlərin heç bir elmi effektivliyi yoxdur, əksinə, depressiya, narahatlıq və intihar riskinin artmasına səbəb olur. BMT-nin zorakılıq və ayrı-seçkilikdən müdafiə üzrə Müstəqil Ekspertinin 2020-ci ildə Bəşəri Hüquqlar Şurasına təqdim etdiyi hesabatda bu təcrübələr işgəncə və qəddar rəftar kateqoriyasına aid edilib və dövlətlərdən bunun qadağan olunması tələb olunub.

Yerli mütəxəssis rəyi də bunu təsdiqləyir. Minority Azərbaycan komandasının müraciətinə cavab olaraq Psixi Sağlamlıq Mərkəzinin Psixososial Reabilitasiya Şöbəsinin müdiri, həkim-psixoterapevt Röya Məmmədova bildirib: "Azərbaycan Respublikasının Psixoloji Yardım Haqqında qanununun 4-cü maddəsinə əsasən psixoterapiya psixi pozuntuların müalicəsi deməkdir. Homoseksuallıq isə DSM təsnifatına əsasən artıq 1973-cü ildən bəri psixi xəstəlik hesab edilmir. Bu o deməkdir ki, homoseksuallıq psixi pozuntu olmadığından psixoterapiya ilə 'müalicəsi' mümkün deyil." Yəni Azərbaycanın həm qanunvericiliyi, həm də rəsmi tibb qurumları məqalədə təklif olunan "evlilik" və ya "iradə" yolu ilə oriyentasiyanı dəyişdirmək fikrini dəstəkləmir.

İddia: Azərbaycanda LGBTQİ+ icmasına tolerantlıq göstəricisi (2%) digər ölkələrlə müqayisədə "yaxşı nəticədir"

Məqalədə istinad edilən konkret sorğu mənbəyi göstərilmir, ona görə rəqəmin özünü təsdiq və ya təkzib etmək mümkün deyil. Lakin mövcud beynəlxalq göstəricilər fərqli mənzərə yaradır. ILGA-Avropanın 2025-ci il reytinqində Azərbaycan Avropanın 49 ölkəsi arasında LGBTQİ+ hüquqi müdafiəsi baxımından 48-ci yerdə qərarlaşıb. Bu göstərici aşağı tolerantlıq faizini "uğur" kimi deyil, ciddi ayrı-seçkilik riski kimi qiymətləndirməyə əsas verir.

İddia: Qərb ölkələri "iqtisadi üstünlüyünü qorumaq" məqsədilə LGBTQİ+ tolerantlığını Şərqə "təbliğ edir"

Bu, sənədləşdirilə bilən heç bir mənbəyə əsaslanmayan, konkret təşkilat, sənəd və ya maliyyə mexanizmi göstərilmədən irəli sürülən iddiadır. Beynəlxalq insan hüquqları çərçivəsi (BMT-nin İnsan Hüquqları Şurası, ÜST və digər qurumlar) LGBTQİ+ hüquqlarını iqtisadi maraq alətindən çox, insan hüquqları məsələsi kimi çərçivələndirir.

Sunna.az-ın materialındakı dini-teoloji mövqe fərqli təfsir müstəvisinə aiddir və fakt-yoxlama predmeti deyil. Lakin mətndə bu mövqeni dəstəkləmək üçün istifadə olunan tibbi, statistik və konspirasion iddiaların böyük əksəriyyəti,  İİV-in "gey xəstəliyi" olması, homoseksuallığın tibbi patologiya sayılması, "konversiya"nın effektivliyi və Qərbin gizli iqtisadi niyyəti haqqında iddialar  müasir elmi konsensusla və beynəlxalq statistika ilə ziddiyyət təşkil edir.

Powered by Froala Editor