İİV yoluxma hallarında heteroseksual kontakt üstünlük təşkil edir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Qlobal Fondun dəstəyi ilə 2025-ci ilin təlim proqramı çərçivəsində “Autriç işinin təşkili və vəzifələri, Təmasdan öncə (TÖP) və Təmasdan sonra (TSP) profilaktika, Ağız suyu əsaslı testlərlə İİV-in müayinəsi” mövzusunda növbəti təlim keçirilib.

Mərkəzin verdiyi məlumata görə, təlimdə İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma riski yüksək olan əhali qrupları ilə işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. İştirakçılara İİV/QİÇS-in yayılma yolları, profilaktik tədbirlərin əhəmiyyəti və dünyada, eləcə də Azərbaycanda mövcud epidemioloji vəziyyət barədə ətraflı məlumat verilib.

Mərkəzin təqdim etdiyi statistik göstəricilərə əsasən, İİV-ə yoluxma hallarının böyük hissəsini heteroseksual kontakt təşkil edir – bu göstərici 59,9 faiz olub. Eyni zamanda, inyeksion narkotik istifadəsi nəticəsində yoluxma 28,8 faiz, homoseksual kontakt yolu ilə yoluxma isə 6,3 faiz təşkil edib. Digər yoluxma halları arasında naməlum mənşəli hallar (3,6 faiz), anadan uşağa ötürülmə (1,4 faiz) və donor qanı ilə yoluxma (0,01 faiz) qeyd olunub.


İİV-lə mübarizədə həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı mühüm rol oynayır. Mütəxəssislər hesab edirlər ki, profilaktik tədbirlərin gücləndirilməsi, ictimai maarifləndirmənin artırılması və stigmanın aradan qaldırılması yoluxmanın qarşısının alınmasında əsas istiqamətlərdəndir.

Powered by Froala Editor