Braziliyada 6 günlük iş həftəsinə son qoyulması uğrunda mübarizənin arxasındakı trans qadın
Braziliya altı günlük iş həftəsinə son qoymağa çalışarkən, Erika Hiltonun hekayəsi böyük əmək islahatının arxasında dayanan fəal mübarizəni üzə çıxarıb
27/Oct/26
32
Braziliyada 6 günlük iş həftəsinə son qoyulması uğrunda mübarizənin arxasındakı trans qadın
2026-cı ilin mayında Braziliya parlamentinin aşağı palatası həftəlik iş vaxtının maksimum 40 saata endirilməsini və iki istirahət gününün təmin olunmasını nəzərdə tutan təklifi qəbul edib. Xəbər Latın Amerikasının hüdudlarından kənara yayılsa da, bu prosesə təkan verən şəxslərdən birinin sosial təcriddən parlamentə qədər uzanan yol keçmiş qaradərili trans siyasətçi Erika Hiltonun hekayəsi diqqətdən kənarda qalıb.
1992-ci ildə San-Paulu yaxınlığındakı Franku-da-Roşa şəhərində anadan olan Hilton gender kimliyi ilə bağlı ailədaxili münaqişələrdən sonra yeniyetmə yaşlarında evdən ayrılıb. Bir müddət küçələrdə yaşadıqdan sonra ailəsi ilə münasibətlərini bərpa edib, təhsilini davam etdirib və pedaqogika üzrə təhsil alıb. Erkən fəallıq dövründə trans insanların təhsilə və ictimai xidmətlərə çıxış imkanlarının genişləndirilməsi uğrunda mübarizə aparıb.
Hiltonun siyasi karyerası ictimai fəallıqdan başlayıb. 2018-ci ildə San-Paulu ştatının qanunverici orqanında kollektiv mandatla təmsil olunan Bancada Ativista təşəbbüsünün tərkibində seçilib. 2020-ci ildə San-Paulu şəhər şurasına üzv seçilib və həmin il seçkilərdə ən çox səs toplayan namizəd olub. İki il sonra isə Braziliyanın federal parlamentinin aşağı palatasına seçilərək ölkənin ən tanınmış trans siyasətçilərindən birinə çevrilib.
Hilton keçmiş prezident Jair Bolsonaronun mühafizəkar siyasətinin də açıq tənqidçilərindən olub. 2022-ci ildə o, Bolsonaronun gender kimliyi və LGBTQ+ insanları ilə bağlı açıqlamalarının ayrı-seçkilik xarakteri daşıdığını bildirərək Braziliya Ali Federal Məhkəməsinə şikayət edib. Onun keçmiş prezidentlə qarşıdurması ölkədə trans hüquqları ətrafında gedən daha geniş siyasi mübarizənin bir hissəsi idi.
2025-ci ilin fevralında Hilton Braziliyada escala 6x1 adlanan işçilərin altı gün işləyib bir gün istirahət etdiyi, iş rejiminə son qoyulmasını nəzərdə tutan PEC 8/25 saylı konstitusiya dəyişikliyi təklifini rəsmi şəkildə təqdim etdi. Onun ilkin təklifi həftədə dörd iş günü və ümumilikdə 36 saatlıq iş həftəsini nəzərdə tuturdu. Kampaniyaya istirahətə və işdənkənar həyata daha çox vaxt ayrılmasını tələb edən Vida Além do Trabalho (İşdən kənar həyat) hərəkatı da dəstək verirdi. Hilton bu tələbin parlamentdə müzakirəyə çıxarılmasına, ictimai müzakirələrin genişlənməsinə və müxtəlif siyasi qüvvələr arasında dəstək qazanmasına kömək etdi.
Təklif sonradan daha geniş qanunvericilik prosesinə daxil edildi. 27 may 2026-cı ildə parlamentin aşağı palatasında qəbul edilən variant həftəlik iş vaxtının maksimum 40 saat olmasını, iki istirahət gününü və əməkhaqqının azaldılmamasını nəzərdə tuturdu. Bu, Hiltonun ilkin dörd günlük iş həftəsi təklifindən fərqlənirdi. Dəyişikliyin qanuna çevrilməsi üçün Senatın da təsdiqi tələb olunurdu.
Onun hekayəsi həm də xatırladır ki, trans qadınlar yalnız təhlükəsiz yaşamaq hüququ uğrunda mübarizə aparmır, həm də yaşadıqları cəmiyyətlərin formalaşmasında iştirak edirlər. Hilton siyasətə bir çox trans insanın yaxından tanıdığı ayrı-seçkilik və kənarlaşdırılma təcrübəsindən gəlib. Bu gün isə o, hər kəs üçün fundamental əhəmiyyət daşıyan bir məsələnin işdən kənar həyata sahib olmaq hüququnun müzakirəsinə və formalaşmasına töhfə verir.
Powered by Froala Editor