TƏCİLİ XƏBƏR: Bakıda polisin LGBTQ ovu
Bakıda bir neçə LGBTQ fərdi polis tərəfindən saxlanılıb
02/Apr/19
18606
Bakıda bir neçə LGBTQ fərdi polis tərəfindən saxlanılıb
Adlarının açıqlanmasını istəməyən LGBTQ icma üzvlərinin saytımıza verdiyi məlumata görə, dünən aprelin 1-i axşam saatlarında Bakı şəhərində bir neçə transgender və gey fərd polis tərəfindən müxtəlif polis bölmələrinə aparılıb.
Onlardan biri aldadılaraq, seks xidmətləri göstərməsi məqsədilə otelə dəvət olunub və orada polislər tərəfindən saxlanılıb.
“Görüş yerinə bizi çağırıb çatanda, elə ordaca qandallayıb apardılar.”
Məlumatda bildirilir ki, saxlanılan və cərimələnən şəxslərin sayı ən azı 8-9 nəfərdir. Onlar həmçinin məcburi tibbi müayinəyə göndərilib. Lakin saxlanılmaların səbəbi hal-hazırda məlum deyil. Əlavə olunur ki, polis İnternet şəbəkəsi vasitəsilə transgender şəxsləri “ovlamağa” çalışır.
Saxlanılan şəxslərin sonradan Binəqədi Rayon Polis idarəsinə aparıldığı məlumatda qeyd olunur.
Hal-hazırda LGBTQ aktivistləri məsələni diqqətdə saxlamağa çalışır.
Xatırladaq ki, 2017-ci ilin sentyabrında da oxşar hadisələr baş vermişdi. Onlarla icma üzvü həbs olunmuş və cərimələnmişdi.
Daha çox məlumat əldə olunduqca saytda yerləşdiriləcək.
YENİLƏNDİ: İcmanın verdiyi məlumatlara görə, saxlanılanlardan bəziləri yaşadıqları evlərindən tutularaq polis bölməsinə aparılıblar. Hazırda isə onlar Binəqədi Polis İdarəsindən Dəri-Zöhrəvi Dispanserinə göndəriliblər.
YENİLƏNDİ: Daxil olan məlumata görə, daha 7 nəfər 40-cı polis bölməsi tərəfindən saxlanılıb. Saxlanılanlardan bəzilərinə müştəri adıyla zəng edilərək evlərə və hotellərə dəvət olunub, daha sonra qandallanaraq polis bölmələrinə aparılıblar. Bildirilir ki, onlardan ən azı bir neçəsi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə ( Xırda xuliqanlıq) əsasən cərimələnib. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) əsasən 10, 20 və 30 sutka həbs cəzası alan şəxslərin olduğu qeyd edilir.