Türkiyə COP31 spikerlərindən "ictimai əxlaq"a riayət edəcəklərinə dair öhdəlik tələb edir

Antalyada keçiriləcək BMT İqlim Dəyişikliyi Konfransında (COP31) çıxış edəcək spiker və panelistlərdən təqdimatlarının qanuna və "ictimai əxlaqa" uyğun olacağını təsdiqləyən bəyannaməni imzalamaq tələb olunacaq. Bu barədə Spot Basın Kooperatifi iştirakçılara göndərilən sənədə istinadən məlumat yayıb. 

Konfrans noyabrın 9-dan 20-dək Antalyada keçiriləcək. Tələb yalnız ev sahibi ölkə tərəfindən idarə olunan "Yaşıl Zona"dakı tədbirlərdə çıxış edənlərə şamil edilir. Rəsmi danışıqların aparıldığı, BMT-nin idarə etdiyi "Mavi Zona" bu tələbdən kənardadır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tədbirlərdə tətbiq olunan davranış kodeksində "ictimai əxlaq" müddəası yoxdur. Kodeks insan hüquqları, bərabərlik, iştirakçıların ləyaqəti və təhlükəsiz mühitin qorunması prinsiplərinə əsaslanır, ayrı-seçkiliyi, təhqiri və gender əsaslı təqibi, eləcə də seksual oriyentasiya və ya gender kimliyi əsasında alçaldıcı dildən istifadəni açıq şəkildə qadağan edir. Yaşıl Zona üçün hazırlanmış bəyannamədə isə ayrı-seçkilik əsasları sırasında seksual oriyentasiya və gender kimliyi açıq şəkildə yer almır.

Tələbin qeyri-müəyyən çərçivəsi ifadə azadlığı ilə bağlı narahatlıq doğurur. "ictimai əxlaq"ın necə təyin olunacağı bəlli deyil və bu, gender bərabərliyi və LGBTİ+ hüquqları mövzusunda çıxışlara qarşı tətbiq oluna bilər.

Məsələ Türkiyə parlamentinin də gündəminə çıxıb. DEM Partiyasının İstanbul deputatı Özgül Saki bu barədə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurumun cavablandırması tələbi ilə yazılı sorğu verib. Sorğuda "ictimai əxlaq" ölçüsünün kim tərəfindən və necə müəyyən ediləcəyi, bəyanın BMT-nin davranış kodeksinə uyğunluğu soruşulub.

Powered by Froala Editor